vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ƏDƏBİYYAT  
14:37 | 24 avqust 2018 | Cümə Məqaləyə 2962 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tiflissayağı boşanma

(hekayə)

Zurxan QEMAZAŞVİLİ, Gürcüstan
(Akif Abbasovun tərcüməsində)

İri, ala gözlü, cavan bir qadın və şux qamətli gənc bir-birinə çox yaraşırdı. Amma boşanmaq qərarına gəlmiş, məhkəməyə ərizə vermişdilər. İşə yaşlı və təcrübəli bir hakim baxırdı. O, boşanma işlərində, necə deyərlər, saç-saqqal ağartmışdı. İstəmirdi ki, cavanların ailəsinin dağılsın.

- Niyə boşanırsınız?

- Ona görə ki, futboldan savayı bir şey görmür, sözü-söhbəti futboldur, - deyə qadın hirsli gözlərilə ərinə işarə etdi.

Hakim təəssüflənərək gəncləri süzdü:

- Nə vaxt evlənmisiniz?

Qadının gözləri yaşardı:

- Ondan soruşun, - dedi. –Yəqin heç xatırlamır da...

Kişi ah çəkərək:

- Başlandı da... - dedi. –Necə xatırlamıram? Həmin gün 1:0 hesabı ilə “Spartak” a qalib gəlmişdik.

Hakim diqqətlə kişiyə baxdı, sonra qadına müraciətlə soruşdu:

- Uşağınız var?

- Hə, bir oğlumuz var… - onun sifəti işıqlandı. -Ondan xəbər alın, bir görək, oğlu olduğunu bilir, ya yox.

Kişi qaşqabağını tökdü:

- Yenə öz bildiyindən əl çəkmir... Oğlumun noyabr ayında anadan olduğu gün heç yadımdan çıxar? Həmin gün biz Moskva dinamoçularını 5:1 hesabı ilə udduq. Bax, buna deyərəm yarış.

- İlk mübahisəniz nə vaxt düşüb?

- Yeddi il əvvəl. Eh, yaman uğursuz il idi. Birinci yerə çıxmağa imkanımız olduğu halda iyulun 14- də “Zenit” ə 2:1 hesabı ilə uduzduq. Gözlənilmədən paytaxt dinamoçuları 2:1 hesabı ilə bizi məğlubiyyətə uğratdılar. Hər iki topu Çislenko vurdu. “Şaxtyor”la heç-heçə oynadıq.

Qadın mənalı-mənalı:

- Eşidirsiniz? - deyib yaylığını çıxartdı.

Hakim soruşdu:

- Bəs necə tanış olmusunuz?

- Görüm o günü lənətə gəlsin, - deyə qadın ah-uf elədi. –İşin tərsliyindən biz elə stadionda tanış olmuşuq…

- Hə… Hə… stadionda. Yaman oyun gedirdi. “Dinamo” (Moskva) – “Dinamo” (Tiflis). Oyun 2:1 hesabı ilə bizimkilərin xeyrinə qurtardı. Topları Metreveli və Mesxi vurdular. Lap əjdaha kimi oynayırdılar. Mişa Mesxi topu qapının sol tərəfindən vurdu, Belyayev sıçradı…

Hakim yumruğunu stola çırpdı:

- Əvvəla, həmin topu Mesxi başı ilə qapıdan keçirdi, ikincisi qapıda Belyakov deyil, Lev Yaşin durmuşdu. Üçüncüsü, sizi boşamayacağam… futboldan başın çıxmır, hələ bir azarkeşlik də edirsən. Hə, arvadını da götür birbaşa evə get. Futboldan əməlli-başlı xəbərdar olmayınca gözümə görünməyə cürət eləmə…

Karıxıb qalmış, utandığından qıpqırmızı pörtmüş kişi arvadının qolundan tutub qapıya sarı yönəldi. Gənc  ər-arvad çıxıb gedəndən sonra hakimdən soruşdum:

- Siz, doğrudan, futbolu belə gözəl bilirsiniz?

- Açığı, futbol haqqında təsəvvürüm belə yoxdur, - dedi.

- Bəs Lev Yaşin barəsində dedikləriniz?

- O, tanıdığım yeganə familiyadır. Balaca bir tamaşa göstərməyə məcbur oldum. Bir-birinə yaraşan o iki gəncin ayrılmasını istəmirdim.