vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 27 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SƏNƏTÇİ  
12:54 | 5 aprel 2024 | Cümə Məqaləyə 1446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

145 yaşlı Məcnun

Aşiq obrazından sonra Şah İsmayıl yaratmaq ...

Savalan FƏRƏCOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən əsrin əvvəllərində səhnə sənəti hələ xalq tərəfindən geniş şəkildə qəbul edilmir, bu sahənin insanların mənəvi təkamülündə, estetik dünyagörüşünün formalaşmasındakı rolu cəmiyyətdə doğru-dürüst qavranılmırdı. Məhz belə bir zamanda səhnəyə gələn, teatr sənətinin inkişafına töhfə verən incəsənət xadimlərimizdən biri də Xalq artisti Hüseynqulu Sarabski idi. Bu il görkəmli aktyor, rejissor və pedaqoqun anadan olmasının 145 illiyidir.

Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) 20 mart 1879-cu ildə Bakıda dünyaya göz açıb. İlk gənclik çağlarından teatr sənətinə maraq göstərir. Səhnədə ilk addımını 1902-ci ildə Nəriman Nərimanovun təşkil etdiyi “Müsəlman dram cəmiyyəti”ndə atır. Bununla yanaşı, o, “Nicat” və “Səfa” mədəni-maarif cəmiyyətlərinin dram dərnəklərində, “Müsəlman artistləri ittifaqı”nda aktyor kimi çıxış edir. Gənc Hüseynqulu qısa müddət ərzində milli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda böyük ustalıqla öz aktyor potensialını göstərir.

Araşdırmalarda qeyd edilir ki, onun da bu sənətdə daha geniş şöhrət qazanmasında dahi Üzeyir Hacıbəylinin xidmətləri olub. Hüseynqulunun Henrix Heynenin “Əl-Mənsur” pyesində ərəb rolunda çıxışı zamanı oxuduğu “Hicaz” muğamı tamaşanı izləyən Üzeyir bəyin diqqətini çəkir. Bəstəkar üzərində işlədiyi “Leyli və Məcnun”  operasında Məcnun rolunda məhz H.Sarabskini görür. Bu hadisə həm də aktyorun taleyində yeni mərhələnin başlanğıcı olur.

Görkəmli sənətkar xatirələrində yazır: “Bir gün Üzeyir mənə yanaşdı, “Nə gözəl “Hicaz” oxudun, çox xoşum gəldi. Mən bir “Leyli və Məcnun” operası başlamışam... İki gündən sonra yanıma gələrsən” dedi. İki gün sonra getdim, yazdığı əsərin bəzi məqamlarını mənə oxutdurdu, çox asanlıqla oxudum. Üzeyir bəyin qayğısı məni daha da həvəsləndirdi. Ondan sonra gedib hər gün Məcnun roluna hazırlaşırdım. “Leyli və Məcnun” hazır oldu. Əsəri “Nicat”a gətirdik. Çünki artistlərin hamısı orada oynayırdı”.

Beləliklə, H.Sarabski “Leyli və Məcnun” tamaşasında Məcnunun ilk ifaçısı kimi tanınır, teatr həvəskarları tərəfindən “səhnəmizin Məcnunu”, “operamızın yaraşığı” təyinləri ilə çağırılır. Aktyor bu obrazı hər dəfə böyük həvəs və şövqlə oynayır, tamaşaçıların dərin rəğbətini qazanır.

Məcnun rolunda uğurlu ifasından sonra aktyor haqqında dövri mətbuatda çox sayda məqalə dərc olunur. Parlaq sənəti, məftunedici səsi və uyğun səhnə görünüşü teatrşünaslar tərəfindən yüksək qiymətləndirilir.

Tənqidçi-ədəbiyyatşünas Əziz Şərif 1914-cü ildə mətbuatda dərc etdirdiyi bir məqaləsində istedadlı sənətkarın ifasını belə dəyərləndirirdi: “H.Sarabski öz rolunu böyük ustalıqla oynayır. O həqiqi mənada Məcnun obrazını səhnədə canlandırır... Sarabski bütün səhnələri yaxşı, olduqca yaxşı ifa edir. Son səhnədə o, Məcnunun ölümünü elə təbii oynayır ki, sanki səhnədə ölüm ayağında artist yox, həqiqətən də, ağlını itirmiş Məcnundur. Onun ikinci səhnədə söylədiyi məntiqsiz və həyəcanlı sözlər və divanəlik, üçüncü səhnədə dağlarda yaşaması, ağlını itirən təki şikayətli ağısı – bütün bunlar dərindən düşünülmüş və virtuoz ifa olunan səhnələrdir”.

Üzeyir bəy isə onun sənətkar qüdrətini belə dəyərləndirirdi: “Aktyorluq dərsi oxumamış, obraz yaratmaq sənətini keçməmiş, məktəb və darülfünü bitirməmiş olan Hüseynqulu Sarabski olduqca çətin və mürəkkəb bir faciə təmsil edən Məcnun obrazını yaratmaq sahəsində öz-özündən elə bir məharət göstərdi ki, sair artistlər üçün bir nümunə, tam bir məktəb oldu”.

H.Sarabski daha sonra bəstəkarın bir-birinin ardınca ərsəyə gətirdiyi digər əsərlərin tamaşalarında daha inamla çıxış edir. İstedad və qabiliyyətini böyük sənət sevgisi ilə nümayiş etdirir.

Aktyor 4 mart 1919-cu ildə M.Maqomayevin “Şah İsmayıl” operasının premyerasında baş rolu – Şah İsmayıl Xətainin bədii obrazını yüksək aktyorluq məharəti ilə canlandırır. Muğam parçalarını, həm də ariya və duetləri böyük sənətkarlıqla tamaşaçılara çatdırır.

Araşdırmalarda qeyd edilir ki, aktyor kimi özünü təsdiq edən H.Sarabski rejissorluq bacarığını da ortaya qoyub, opera və bəzi dram tamaşalarına quruluş verib. Onun rəhbərliyi altında A.Rubinşteynin “Sulamif” operası Azərbaycan dilinə tərcümə edilərək nümayiş olunub.

H.Sarabski uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Eyni zamanda muğam sənətinin təbliği və tədrisinə də mühüm töhfələr verib. Yaratdığı səhnə ənənəsi xələfləri tərəfindən uğurla davam etdirilib.

Milli opera sənəti salnaməsinə adını qızıl hərflərlə yazdırmış unudulmaz səhnə xadimi Hüseynqulu Sarabski 16 fevral 1945-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.