Yeni dünyaya doğru
Motsart və Betxovendən sonrakı simfonik musiqinin qoruyucusu
İbrahim NƏBİOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bethoven və Meray Keri istedadı
Ritorik mahnılar beynin gizli qabiliyyətlərini ortaya qoyur
-
«Ən azı əlli il geri qalmışıq!»
Sovet musiqisi və musiqili işgəncələr
-
“Caz musiqisini kimlər yaradıblar?” deyə sual etsəm, çoxları ”Təbii ki, afro-amerikanlar” deyəcəklər. Amma…
***
Antonin Dvorjak (1841-1904) Avropa simfonik musiqisini Motsart və Betxovendən sonrakı boşluqda qoruyub saxlayan bəstəkardır. O olmasaydı simfonik musiqi Qustav Malerə qədər bəlkə də silinmə təhlükəsi ilə qarşılaşacaqdı. Hərçənd ki, rus musiqi tarixçiləri hər vəchlə Dvorjakın bu tarixi xidmətini heçə endirir, Çaykovski və Musorqskinin keçid dövrü missiyasını öz üzərlərinə götürəcəklərini iddia edirlər. Lakin, nəinki Çaykovskinin 6-cı simfoniyası (bu onun ən yaxşı simfoniyasıdır), hətta onun bütün simfoniyaların cəmi belə Dvorjakın 9-cu simfoniyasının yanında heç nədir...
***
Bir qəssab oğlu qeyri-adi istedadı sayəsində çex milli musiqi məktəbinin qurucusu olur. Praqa kilsələrində orqan çalan Dvorjak tezliklə Avropanın ən tanınmış bəstəkarına çevrilir. Onun ilk simfoniyaları, oratoriya və kantataları Vyana, London, Peterburq kimi musiqi mərkəzlərində səslənir.
1890-lar Dvorjaka dünya şöhrəti gətirir. Və Amerikalı bir xeyriyyəçi xanım ona Nyu-York filarmoniyasına rəhbərlik etməyi təklif edir.
1891-də Nyu-Yorka gələn Antonin Dvorjak bu şəhərin ritminə alışa bilmir. Gec yatıb, gec qalxan Nyu-York boheminin əksinə Dvorjak qürbət həyatını məhsuldar keçirir. 1892-ci ildə Amerikanın kəşfinin 400 illiyinə “Amerika Bayrağı” kantatası və xristian himni “Te Deum”u (Tanrını Ucaltma) bəstələyir.
Ailəsinə çox bağlı olan Dvorjak Praqada qalmış 9 övladı üçün darıxır. 9-cu simfoniyası üzərində çalışmaq və məşhur Central Parkda gəzərək küçə musiqiçilərini dinləməklə Vətən həsrətini azaltmağa çalışır. Zəncilərin xalq musiqisi, afro-amerikan bəstəkarların mahnıları onun diqqətini çəkir. Gənc dostu, afro-amerikan bir bəstəkar onu spirituals musiqisi ilə tanış edir. Zəncilərn dini musiqisi olan spirituals 19-cu əsrin sonlarında yaranib, mövzular isə İncildəki Əhdi-Ətiqdən götürülüb.
Və Dvorjak spirituals melodiyalarına heyran olur. O, belə yazırdı: “Onlar o qədər patetitik, ehtiraslı, şəfqətli, melanxolikdirlər ki, bu musiqini bütün janrlarda istifadə etmək olar”. Dvorjak şah əsəri sayılan sonuncu – 9-cu simfoniyasında bu melodiyalara yer verir.
Bəstəkar simfoniyaya “Yeni Dünyadan” adını verib. Simfoniya Vətən həsrəti ilə bərabər Yeni Dünyanın-Amerikanın qüdrətinə, gücünə, yaradıcı insanlarına olan heyranlığını tərənnüm edir.
Əsərin premyerası 1893-də əfsanəvi “Carnegie Hall”da keçirilir. O ildən bəri bu əsər dünya musiqi repertuarında ən çox ifa olunan əsərlərdən biridir.
Janr etibarı ilə lirik-dramatik simfoniyadır. Sonuncu – IV hissədə dramatizm lirizmi üstələyir, “Yeni Dünya” əzəmətini hiss etdirir. Final isə sanki tam bir kəhanətdir – Dvorjakın musiqisi Amerikanın XX əsrdə necə bir super gücə çevriləcəyini, dünyaya bəxş edəcəyi azadlıqları və bəşəriyyətə verəcəyi elmi-texniki-humanitar inqilabların xəbərçisidir sanki...
***
Venesuelanın dahi çocuğu, dirijor Qustavo Dudamel Ştutqart orkestri ilə Roma Papası Benediktin doğum günündə 9-cu simfoniyanı çalır.
Bu ecazkar musiqi “Yeni Dünya”nın Qaranlıq Dünya üzərindəki zəfəri, təntənəsidir. Dvorjak musiqisi ilə 100 ildən çoxdur ki, bəşəriyyəti insana, dəyərlərə qiymət verməyə çağırır. “Yeni Dünya”nın da baxışı elə bu deyilmi?
1492-də ilə Avropalılar özləri ilə bərabər ruhani aləmlərini də Yeni Dünyaya gətirməsələr sprituals melodiyaları da yaranmayacaqdı. Onlar caz musiqisinin yaranma və formalaşmasında müstəsna rol oynamışlar.
Cazı Avropadan Amerikaya köç edənlər yaradıblar demirəm, amma ən əsas rolu onlar oynayıblar...
Bütün böyük şəhərlər Qərbə doğru uzanır, böyüyürlər. Mütərəqqi beyinlər, axınlar və fikirlər kimi...