vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SƏNƏTÇİ  
10:42 | 9 dekabr 2022 | Cümə Məqaləyə 3410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Musiqiçi, bəstəkar, tədqiqatçı

Sərdar Fərəcovun 65 illik yubileyinə

Aytən HEYDƏROVA

İstedadlı, xalqa xidmət edən insanların keçdiyi ömür yolu zəhmətsiz, maneəsiz, çətinliksiz ötüşmür. Lakin Tanrı tərəfindən verilən istedad və insani keyfiyyətlər bu çətinlikləri dəf etməyə kömək edir. Azərbaycan mədəniyyəti tarixində belə insanlar çoxdur. Nə yaxşı ki, belə şəxsiyyətlər haqqında təkcə keçmiş zamanda deyil, bugünkü günümüzdə də söz aça bilirik. Musiqiçi, bəstəkar, tədqiqatçı, Xalq artisti Sərdar Fərəcov da günümüzün belə şəxsiyyətlərindəndir.

Sərdar Fərəcovun sənət yolunda addımları Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbindən (1973) başlayır. Burada tar sinfində görkəmli ustad Bəhram Mansurovdan, 2-ci kursda oxuduğu zaman isə məktəbin müdiri, görkəmli bəstəkar Vasif Adıgözəlovun göstərişi ilə dahi Qara Qarayevin yetirməsi Əziz Əzizlidən bəstəkarlıq üzrə dərslər almışdır. Onun bu illərdə yazdığı fortepiano üçün “Prelüdlər”, “Variasiyalar”, violin ilə fortepiano üçün “Skertso” və “Elegiya”, fortepiano üçün sonatina, simli kvartet, xalq çalğı alətləri orkestri üçün “İki rəqs” və s. əsərlər o zaman nüfuzlu musiqiçilər tərəfindən yüksək qiymətləndirilmişdi.

Təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə professor Xəyyam Mirzəzadənin sinfində davam etdirən S.Fərəcov bu dövrdə də bir sıra maraqlı əsərlər yazır, müsabiqə və festivallara qatılaraq laureat diplomları qazanır. Daha sonra təhsilini aspiranturada davam etdirir, yaradıcılıq ezamiyyətlərinə, xarici ölkələrdə keçirilən seminarlara, yaradıcı görüşlərə qatılır ki, bu da gənc bəstəkarın inkişafı və dünyagörüşü üçün çox vacib idi. Taleyin gənc bəstəkarı gətirdiyi və uzun illərdir çalışdığı məkan isə dahi Üzeyir bəyin ev-muzeyi olur.

Bu barədə özü belə deyir: “Dahi Üzeyir Hacıbəylinin yaşadığı ev, buradakı şərait, ömrün eksponatlara dönmüş səhifələri məni əfsunladı, bu səliqə-sahmanın içində bərqərar olmuş sakitlik, əmin-amanlıq sanki böyük ustadın müqəddəs ruhuna keşik çəkirdi. Hiss etdim ki, buradakı saflığa, dərin qüdsiyyətə içimdə bir ehtiyac var və məhz həmin an burada qalıb çalışmağa özlüyümdə qərar verdim...”.

Bir musiqiçi-bəstəkar üçün Üzeyir bəyin evindən daha doğma, müqəddəs bir məkan hara ola bilərdi ki?! İllər ərzində muzeyin fonoteka müdiri, elmi katibi vəzifələrində çalışaraq Üzeyir bəyi və onun yaradıcılığını daha dərindən öyrənir, tədqiq edir və muzey işində öz əməyini, zəhmətini əsirgəmir. 30 ildən artıq muzeydə çalışan S.Fərəcov 2005-ci ildən direktor vəzifəsinə təyin olunur. 

Sərdar müəllimin Üzeyir Hacıbəylinin unudulmuş, tamamlanmamış bir sıra əsərlərinin bərpa olunması və səsləndirilməsində göstərdiyi təşəbbüsü, əməyini xüsusi qeyd etmək lazımdır. O, 2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Arşın mal alan” operettasının not və librettosunun yer aldığı (ingilis dilində) kitabın redaktoru, 2005-ci ildə Üzeyir bəyin  vətənpərvərlik mahnılarından ibarət “Vətən, millət, ordu” not kitabının tərtibçisi və redaktoru, 2007-2008-ci illərdə nəşr edilmiş “O olmasın, bu olsun” operettasının və “Leyli və Məcnun” operasının klavirlərinin redaktoru olub. Üzeyir Hacıbəylinin “Milli marş”ı, “Azərbaycan marşı” (Dövlət himni), “İki rəqs”i, simli kvartet üçün miniatürləri, “Səni gözləyir”i, “Bahar nəğməsi”, “Çırpınırdın, Qara dəniz”i S.Fərəcov tərəfindən tədqiq olunub, tamamlanıb, redaktə edilib, partitura və ya klavir şəklində ictimaiyyətə təqdim edilib. O, Üzeyir Hacıbəylinin özü tərəfindən məhv edilmiş “Şeyx Sənan” operasından 3 fraqmenti bərpa edərək yeni redaktədə solistlər, xor və simfonik orkestr üçün işləyib. Bundan əlavə, Üzeyir bəyin unudulmuş “Azərbaycan çölləri” (ilk adı “Kolxoz çölləri”) əsərini “Kontempo” instrumental ansamblı üçün işləyib,  “Ər və arvad” operettasının həm klavirinin, həm də partiturasının yaradılmasında və onun səhnələşdirilməsində böyük əmək sərf  edib. Bu, 2010-cu ildə “Ər və arvad” operettasının 100 illiyinə və Üzeyir Hacıbəylinin 125 illik yubileyinə böyük hədiyyə idi.  Üzeyir bəyin xatirəsinə həsr etdiyi “Qu nəğməsi” radio-pyesi, həmçinin Üzeyir bəyin şərəfinə bəstələdiyi “Koroğlu əfsanəsi” adlı simfonik uvertürası da dahi bəstəkarın şəxsiyyətinə, yaradıcılığına bəslədiyi sonsuz ehtiramın nişanəsidir.

Bunlarla yanaşı, S.Fərəcov müxtəlif janrlarda əsərlərin – “Şəngül, Şüngül” uşaq rok-operası, 4 operetta (“Səhnədə məhəbbət”, “Müsyö Jordan”, “Şəhərdə manyak var”, “Birgünlük siğə”), “Matəm harayları” simfonik freskası, a capella xor üçün “Diptix” adlı konsert, soprano, xalq çalğı alətləri üçün “Bayatı-Şiraz” rapsodiyası, TÜRKSOY-un 20 illiyinə həsr edilmiş “Türk bayramı” simfonik uvertürası, tar və simfonik orkestr üçün “Qarabağnamə”, “Cavad xan” baleti və s., habelə 40-dan çox tamaşaya, 2 filmə musiqilərin müəllifidir.  

Sərdar Fərəcov bəstəkar, tədqiqatçı olmaqla yanaşı, həmçinin ədəbi yaradıcılıqla da məşğul olur, şeir və hekayələr, libretto və ssenarilər yazır. Üzeyir Hacıbəyliyə həsr olunmuş “Əbədi iftixarımız” (2010, “Azərbaycantelefilm”), “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı” (2014) filmlərinin ssenari müəllifidir. 1996-cı ildə nəşr olunmuş “Üzeyir Hacıbəyov ensiklopediyası”na 30-a yaxın elmi məqalə yazıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunmuş “Üzeyir işığında” məqalələr toplusu və Heydər Əliyev Fondunun dəstəyi ilə çapdan çıxmış “Üzeyir Hacıbəyli xatirələrdə” kitabları xüsusilə diqqətəlayiqdir. Sərdar Fərəcov 2010-2020-ci illərdə AzTV və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin müəllifi və aparıcısı kimi də fəaliyyət göstərib.

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, şanlı Zəfərimiz, bir çox yaradıcı insanlar kimi, S.Fərəcovun da fəaliyyətində yeni ilham qaynağı olub. Onun Qarabağa – Şuşaya səfəri “Azad Şuşa”, “Cıdır düzündə bayram” kimi musiqi  əsərlərini yazmağa ilhamlandırıb. İnanırıq ki, bəstəkar vətəninin gözəlliklərini tərənnüm edəcək hələ neçə-neçə əsərlər yaradacaq. 

Ömrünün gözəl çağını – 65 illiyini yaşayan Sərdar Fərəcovu yubileyi münasibətilə ürəkdən təbrik edir, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin rəhbəri kimi fəaliyyətində, bəstəkar olaraq yaradıcılığında tükənməz güc, yeni-yeni nailiyyətlər və möhkəm cansağlığı arzulayırıq.