vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SƏNƏTÇİ  
12:25 | 10 aprel 2023 | Bazar ertəsi Məqaləyə 19070 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vida sözü

Xoşbəxt adamın gedişi

Gülcahan MİRMƏMMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hamı nə vaxtsa köçüb gedəcək bu dünyadan… Sadəcə, bir az geci-tezi var… Sadəcə, bu gedişlərin səbəbi fərqli… Səbəb kimi gedənlərin özündən sonra qoyduğu xatirələr də fərqli, çeşidli… Səndən yalnız yaxşılıq görənlərin xatirələri itki yanğısından dolayı sızıltılı, həzin, kövrəklik dolu… Sənə pisliyi keçənlərin, səndən nəyisə əsirgəyənlərin xatirəsinin rəngi, havasının saflığı onların peşmanlıq və səmimiyyət hissinin dərəcəsindən asılı… Səndən pislik gördüyünü zənn edənlərin sənin gediş xəbərini eşidərkən duyduqları, etirafları – hakiminin də, müttəhiminin də, vəkilinin də təkcə özü olduğu vicdan məhkəməsinin ədalətinə bağlı…

***

Ötən bazar günü (9 aprel) Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, görkəmli rejissor Azər Paşa Nemətov vəfat etdi.

Bütün yanaşı xəstəliklərinə rəğmən, təxminən il yarım öncə keçirdiyi ağır əməliyyatdan sonra da ayağa qalxmağı bacararaq, qəlbindəki teatr sevgisi, düşüncəsindəki yaratmaq təxəyyülünün tükənməzliyi ilə yenidən iş başında idi.

***

Allahdan da, teatr cameəsindən də gizlin deyil, qoy elə bizim oxucular üçün də gizlin qalmasın: Azər Paşa Nemətov bəlkə də son illərdə sənətlə bağlı qərarları, teatrın fəaliyyətində üstün tutduğu prioritetləri, bəzən hətta şəxsiyyəti heç də birmənalı qarşılanmayan yaradıcılıq müəssisəsi rəhbərlərindən biri oldu. Ona görə yox ki, digər sahələrdə, başqa sənət ocaqlarında bütün münasibətlər qaydasındadır, bütün işlər yolunda gedir. Yox. Taleyin gərdişindən, teatr elə bir yerdir ki, sözün, səhnə əsərinin nə olduğundan az-maz başı çıxan çox adam özünü burada rəhbərliyə, qərar sahibi olmağa iddialı sayır; əsər seçimindən tutmuş rol bölgüsünədək yalnız özünün ən düzgün seçim edə biləcəyinə gümanlıdır; istedadı, hansısa uğurlu ifası ilə tanınan kəslərin çoxu da üzdə görünən istedad göstəricilərini qabardıb xislətindəki xıltı, hər hansı səbəbdən qaynaqlanan qərəzini ört-basdır edə bilir. Elə son illər Azər Paşa müəllim də həqiqətin harada bitib, yanlışlığın harada başladığı çox zaman bilinməyən belə qarışıq mühitin tam episentrində idi. Kim bilmir ki, belə olaylar, mətbuata qəsdən yeridilən, sosial şəbəkələrdə sürətlə yayılan birtərəfli ittihamlar yaradıcı insanın enerjisini zəli kimi sormur, onun əsəblərini qıcıqlandırıb birmənalı qarşılanmayan, bəzən isə hətta mübahisəli qərarlar çıxarmağa vəsilə olmur?

Bəlkə də bütün bunlar olmasaydı, həyat dolu, yaratmaq eşqli Azər Paşa Nemətovun ömrü belə qəfil qırılmazdı. Ötən ilin avqustunda 75 illik yubileyi ərəfəsində qəzetimiz üçün ondan müsahibə alanda arzularla bağlı suala cavabında demişdi ki, “ən birinci istəyim cansağlığıdır. İstəyirəm enerjim, həvəsim ömrüm boyu tükənməsin ki, işləyim, teatra xidmət edə bilim. Bir də ki… Ən böyük arzularımdan birinə çatmışam. İllərdir, dua edirdim ki, ay Allah, bircə Qarabağ müharibəsinin bitdiyini görüm, o torpaqlara səfər etmək mənə qismət olsun! Ali Baş Komandanımızın siyasəti, müzəffər Ordumuzun hünəri sayəsində bu arzum da çin oldu! Şuşaya ilk ayaq basanlardan biri də mən oldum...”.

***

Özünə yaxın bildiyin tanınmış sima haqq dünyasına qovuşanda istər-istəməz onun həyatı, əməlləri, şəxsiyyəti barədə ötəri də olsa, düşünürsən. Düşünürsən ki, nə yaxşı müsahibələr, söhbətlər var. Nə yaxşı ki, cavabsızlığa ünvanlanan belə suallara cavablar həmin yadigarlarda var: “Əgər soruşsanız ki, xoşbəxtəm, ya yox. Cavab verəcəyəm ki, bəli, mən xoşbəxt adamam. Heç kimin qarşısında baş əyməmişəm, işimin xatirinə belə, kimsəyə yaltaqlıq etməmişəm, düzdür, bu, yaxşı söz deyil, amma bu, belədir. Gözləmədiyim və gözlədiyim zərbələri alanda da möhkəm dayanmışam, əyilməmişəm. Sındırmaq istəyiblər, hətta elə zənn ediblər ki məni sındırıblar da, yenə də yolumdan dönməmişəm, istədiyimə çata bilmişəm. Mənə istəklərimi həyata keçirməyə imkan verməyiblər, yenə də geri çəkilməmişəm. Sonda qalib gəlmişəm...”.

… Olsun ki, əcəl məqamı yetişəndə bəlkə də dəqiqələr sürən “gedim-qalım” çabalamasında Ölüm mələyinin əlindən tutmaq, ona “xoş gəlmisən, hazıram, gedək” deməyi bacarmaq da qalibiyyətdir. Nə bilək?.. Bu da bir sirri-xuda!..

***

Bu yazını aprelin 10-da səhər çağı yazıram. Sərçələrin cikkiltisi, qumruların qurultusu açıq pəncərədən otağa dolan xəfif küləkli saf yaz havasını fon musiqisi kimi müşayiət edir, təbiətdən zövq almağı bacaran insanın qəlbini pozitiv duyğulara kökləyir. Amma nə acı ki, son günlər bir-birinin ardınca eşitdiyim ölüm xəbərlərinin sarsıntısı, üzərində işlədiyim yazıdan ruhuma köçən qüssə bahar ovqatından könül dolusu zövq almağa qoymur.

Aprelin 10-u, həftənin birinci günü. Bazar ertəsi teatrların iş günü deyil. Yəni həftənin birinci günü az adam teatrın qapısını açar. Azər Paşa müəllim həmin müsahibəsində bunu da demişdi ki, “elə bil gözətçiyəm, hər gün teatrdayam”.

Bu gün də o, son dəfə teatra gəlir. Amma direktor otağında əyləşib teatrın səhnə arxasında qalan işləri ilə məşğul olmaq üçün yox. Bir neçə saatlığa səhnəyə çıxacaq. Yalnız bircə kərə oynanılan “Son gediş” tamaşasını təqdim edəcək. Rejissoru da özüdür, aktyoru da...

Ruhun şad, məkanın cənnət olsun, Azər Paşa müəllim!