vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MUSİQİ  
01:51 | 19 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 605 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üzeyir gününə ən gözəl hədiyyə

Bütöv bir irs, zəngin bir xəzinə!

Rafael HUSEYN

İş belə gətirdi və bir tərəfə baxanda məhz bu cür alınması da lap yaxşı oldu. Əslində Tarıyel “Musiqi dünyası”nın yeni sayını mənə sentyabrın 17-də çatdırmalı idi. Ancaq işlərin sırası elə sıx oldu ki, jurnalla görüşüm qaldı sabaha.

Bəlkə elə bu cizgini də vaxt özü cızırmış ki, sovqat tən yerinə düşsün.

Qismət beləymiş ki, jurnalın son sayı ilə məhz sentyabrın 18-də, Üzeyir bəyin doğum günündə, Musiqi Günümüzdə görüşüm və belə əziz günə də bundan gözəl hədiyyəni təsəvvür etmək mümkün deyil.

“Musiqi dünyası” 25 ildir ki yoldadır və 100-cü sayı işıq üzü görüb.

Bu, mədəniyyət və elm tariximizin elə əlamətdar hadisəsidir ki, ona münasibət bildirmədən keçmək olmaz.

Mənim köhnə dostum, sənətşünaslıq doktoru, professor Tarıyel Məmmədov “Musiqi dünyası” ilə elə misilsiz bir abidə yaradıb ki, bu möhtəşəm işi ona qədər görən olmayıb.

İstənilən elm sahəsində bu həcmdə, bu siqlətdə işi yerinə yetirə bilmək hər oğulun çiyinlərinin daşıya biləcəyi yük deyil.

Və gələcəyə baxışlarımda bədbin görünməməkçün yazmaq istəmirəm ki, Tarıyelin bu işini bu şəkildə, bu səviyyədə davam etdirə bilən olmaz. Hər halda arzulayıram ki, olsun!

“Musiqi dünyası”nı Tarıyel 1999-cu ildə yaradanda indiki gün çox uzaqlarda idi.

O vaxt təsəvvür etmək çətin idi ki, bu toplu indiki yaşıbna çatacaq, heç bir çətinlik əzmli gedişi ləngidə, yarımçıq kəsə bilməyəcək və 100-cü sayla görüşmək bəxtiyarlığı da bizə nəsib olacaq.

Mən jurnalın ilk addımlarını atdığı günlərdən Tarıyellə və onun əziz balası “Musiqi dünyası” ilə birgə olmuşam.

İlk saylarında da yazılarım çıxıb, indi 100-cü nömərəsi ortadadır və orada da böyük Bülbül haqqında kiçik bir məqaləm var.

Ancaq “Musiqi dünyası” və Tarıyellə birgəliyimi deyəndə mən heç də yalnız orada yazılarımız dərc edilmısini nəzərdə tutmuram.

Biz həmişə ruhən bir yerdə olmuşuq.

Daim Tarıyelə inanmışam, onu daha artıq ilhamlandırmağa çalışmışam, gördüyü qiymətli işlərdən zövq almışam.

Sənətşünaslığımızda, musiqişünaslığımızda bu peşəkarlıqda, bu gücdə, bu sürəklilikdə ikinci bir dərgimiz olmayıb.

“Musiqi dünyası”nın indiyəcən çıxmış istənilən sayını açın, hər biri ən yüksək təqdirtə layiqdir və bu jurnalın səhifələrində uzun müddət yaşamaq haqqı olmayan məqalələr yer almayıb.

“Musiqi dünyası” ilə Tarıyel Məmmədov musiqişünaslığımızın fövqəladə bir ensiklopediyasını doğurub.

Lakin onun çalışmaları bir bu dərgi ilə məhdudlaşmayıb.

“Musiqi dünyası”nın çevrəsində Tarıyel mükəmməl bir şəbəkə qurmağa nail olub. Jurnalın yanında onun qanadları adlandırıla biləcək 46 veb sayt yaradıb.

Bütöv bir irs!

Zəngin bir xəzinə!

Tarıyelədək bu işləri bu əhatədə və həcmdə nə yerinə yetirən, nə buna cəhd edən olub.

Elmi səliqəsinə və dəqiqliyinə sadiq qalan Tarıyel “Musiqi dünyası”nun yubiley sayının sonunda 25 ilin biblioqrafiyasını da dərc edib.

Bu biblioqrafiyanın özü arif oxucuya hansı sərvətlə üz-üzə dayandığını açıqca anladır.

25 yaşlı və 100-cü sayı nəşr edilmiş “Musiqi dünyası” ilə Tarıyel Məmmədovun qazandığı və musiqşünaslıq elmimizə, bütövlükdə respublikamıza qazandırdığı bir başucalığ da ondan ibarətdir ki, dərgi lap çoxdan sərhədlərimizdən uzaqlarda da yüksək elmi nüfuz və sanbal qazanıb, Index Copernicus, Scopus, Web of Science indeksləşmə bazalarına daxil edilib, musiqşünaslığımıza hörməti artırıb, keçmiş sovet məkanındakı ən üstün elmi-nəzəri dərgilərdən biri sayılmaq mərtəbəsinə ucalıb.

Tarıyelin bir alim, bir elm və sənət təşkilatçısı, bir redaktor və naşir, nəhayət bir vətəndaş olaraq nillətinə töhfə etdyi “Musiqi dünyası” və onun qanadları olan digər əsərlər çox uzun illər boyu istinad mənbəyi kimi qalacaq, araşdırıcıların yeni nəsillərinə də faydalar verməkdə davam edəcək.

“Musiqi dünyası”nın mənə hədsiz sevinc bağışlayan 100-cü sayını gün boyu fərəhlə dönə-dönə vərəqlədikcə ən azı iki sadaqətli, etibarlı insana – arxadakı illər ərzində həmişə jurnala arxa olan əziz dostum və qadaşım Fərhad Bədəlbəyliyə minnətdarlıq edirəm, gecə-gündüz Tarıyelin yanında olan ömür-gün və məslək yoldaşı Leyla xanım Fərəcova-Məmmədovaya təşəkkürlər edirəm.

Əlbəttə, mən çox istərdim ki, Tarıyel Məmmədova “Musiqi dünyası”nın 200-cü sayını da buraxmaq nəsib olsun.

Ancaq yetərincə gerçəkçi düşünə bildiyimdən 150-ni daha yerinə yetəcək niyyət hesab edirəm.

Çox istəyirəm ki, Tarıyel sağlam olsun, güclü olsun və həmişəki eşqi və şövqü ilə çalışsın, dərgisinin səhifələrini dolduracaq layiqli müəlliflərinin sırası da seyrəlməsin və Üzeyir bəyin sabahlardakı növbəti ildönümündə məni, dostlarını, həmkarlarını, mədəniyyətimizi və millətimizi “Musiqi dünyası”nın 150-ci sayı ilə sevindirib xoşbəxt etsin!

Əslində o günə nə qalıb ki?!

18.IX.2024