vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ƏDƏBİYYAT  
Faşizmin onurğa sütununu sındıran yazıçı... 15:50 | 9 iyul 2025 | Çərşənbə Məqaləyə 22 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Faşizmin onurğa sütununu sındıran yazıçı...

Tomas Mann: “Böyük alman xalqı hər şeyi sıfırdan başlamağa qadirdir”

E.ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Tomas Mann XX əsrin nəhəng yazıçılarından biridir. Yazıçının 1924-cü ildə Nobel mükafatına layiq görülməsi ilk növbədə “Buddenbroklar” romanı ilə əlaqələndirilsə də onun XX əsr dünya ədəbiyyatında tutduğu önəmli mövqe yalnız bir əsərinin deyil, bütün yaradıcılığının yüksək bəşəri dəyər daşıyıcısı ilə bağlıdır. Arvadı yəhudi olduğuna görə məcburən Almaniyanı tərk edən Tomas Mann 1947-1952-ci illərdə Kaliforniyada yaşayıb. Yazıçı Amerikadan radio və mətbuat vasitəsilə mütəmadi olaraq öz oxucularına, alman xalqına müraciət edir, mövqeyini və mübarizəsinin mahiyyətini onlara çatdırırdı. T. Mann mühacirət etdikdən sonra faşist Almaniyasının təbliğat naziri Göbbels radio çıxışlarının birində onun dalınca, “Qoy getsin, alman mədəniyyəti yəhudilərin tərənnümçüsü olan bu şəxssiz də keçinə bilər”, – deyib. Tomas Mann da öz radio çıxışında ona belə cavab vermişdi: “Bu əbləh başa düşmür ki, mən haradayamsa, alman mədəniyyəti də elə oradadır”.

Həqiqətən də onun yaradıcı və ictimai fəaliyyətinin əsas ideyası dünyaya isbat etmək idi. Əsl alman ruhunun daşıyıcıları insana nifrət ideologiyasını – faşizmi törədənlər deyil, ona qarşı mübarizə aparan humanistlərdir.

Yazıçının radio müraciətləri vətənində o qədər rezonans doğururdu ki, A.Hitler özü onlara reaksiya verməyə məcbur oldu. O, çıxışlarının birində, “Tomas Mann kimi təhrikçilər yanılırlar, alman xalqı heç zaman mənə və mənim rejimimə qarşı çıxmayacaq. Mənə qarşı çıxası adamlar vardısa da, onlar çoxdan qandallanıb”, – demişdi. Faşist ordusunun 1941-ci ilin qışında Moskva yaxınlığında ağır məğlubiyyətini “sonun başlanğıcı” adlandıran T. Mann – məğlubiyyət baş verərsə, almanların kökünü kəsəcəklər” –deyən Göbbelsə etiraz edərək, “Böyük alman xalqı hər şeyi sıfırdan başlamağa qadirdir”, – demişdi.

Doğrudan da tarix onun haqlı olduğunu sübut etdi. Böyük yazıçı bədii yaradıcılığı ilə yanaşı bu müraciətləri də alman xalqının vicdan və ləyaqətini faşistlərin qanlı əməlləri ilə tam ləkələnməkdən xilas etdi. Müharibə illərində xalqına radio ilə ümumilikdə 55 dəfə müraciət etmiş Nobel mükafatçısı son çıxışını təslim aktı imzalanandan bir gün sonra – 1945-ci il mayın 10-da etmişdi. Faşizmin darmadağın edilməsinə sevinən humanist sənətkar xalqının məğlubiyyətinə isə dərindən acıyırdı.

1945-ci ildə, müharibənin başa çatması ərəfəsində vətəninə və millətinə qarşı dünyada yaranmış mənfi təəssüratları və düşmənçilik əhval-ruhiyyəsini aradan qaldırmaq üçün ABŞ Konqresinin kitabxanasında “Almaniya və almanlar” adlı məşhur məruzəsi ilə çıxış edir. Məruzənin əsas məqsədi faşizmin cinayətlərinə görə alman xalqının günahlandırılmasının, ittiham edilməsinin haqsızlıq, ədalətsizlik olduğunu sübut etmək idi. O deyirdi ki, faşizmin əməllərindən ən çox ziyan görən və bəlaya düşən  elə Almaniya və alman xalqının özüdür.

Yeri gəlmişkən, T. Mann faşizmə qarşı yalnız öz qələmi ilə mübarizə aparmırdı, onun iki oğlu faşistlərlə ABŞ ordusunun zabiti kimi əldə silah vuruşmuşdu.

1959-1961-ci illərdə "Xudojestvennaya literatura" nəşriyyatı Tomas Mannın əsərlərini 10 cilddə nəfis tərtibatda çap edib.