vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ƏDƏBİYYAT  
17:51 | 26 iyul 2024 | Cümə Məqaləyə 3558 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Tükənməz Anar

Dəyişən vaxtın düz yolundan yayındırmadığı, soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi parlaq ...

Rafael HÜSEYNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının növbəti qızmar yay günündə, 2024-cü ilin 25 iyulunda daha bir söz möcüzəsi baş verib, bundan sonra Azərbaycan insanı ilə həmişəlik qalacaq bir hekayə yaranıb. Əslində hekayə bir həftə əvvəl – iyulun 18-də doğulub, ancaq adam içinə çıxması, hamınınkılaşması həmin günə təsadüf edib. Belə dəqiqləşdirmələrim xırdaçılıq sayılmasın. Bir insanın ruhundan doğmuş bir əsər çox insanla və millətin mənəvi sərvətləri sırasında həmişəlik qalmaq haqqını elə doğuşundan qazana bilirsə, onu möcüzə adlandırmaq nə təmtəraqlı deyişdir, nə şişirtmə və tarixi mənası olan hər belə hadisə ilə bağlı bu cür tarix dəqiqləşdirilməsinə də ehtiyac var.

Böyük yazıçımız Anar yeni hekayəsini Azərbaycana təqdim edib və onun indiyədək yazdığı irili-xırdalı nə varsa, hamısı ilə birgə bu əsər də yaşadıqca yaşayacaq, duyğulandıracaq, düşündürəcək, bütün başqa aşıladıqlarından əlavə anlayanları, cövhərə enməyi bacaranları növbəti dəfə sözün əbədiyyətinə və nəhayətsizliyinə inandıracaq.

Bəzən şikayətlənirik. Niyə çoxdandır ki, çox da uzaqda olmayan 1950-1960-70, hətta 80-ci illərdəki musiqimizdə olan sayaq – Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Səid Rüstəmovun və digərlərininki kimi canayatan və köhnəlməz nəğmələr, rəssamlığımızda Sadıq Şərifzadənin, Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin, Toğrul Nərimanbəyovun və başqalarınınkı kimi tablolar, ekranımızda o qəbildən filmlər, səhnəmizdə o biçimli tamaşalar və digər belə-belə heyrətləndirən, sevindirən, gələn kimi əzizləşən sənət inciləri yaranmır?

Buyurun, yaranıb!

Anar elə çox onillər öncə olan parlaqlığı ilə daha bir təzə əsərini yaradıb. Lap elə bizim günlərin içində. Həminki ali peşəkarlıqda, həminki misilsiz ifadə tərzində, ana dilimizin bütün şirinliyi və plastikasından həminki məharətli istifadə ilə.

“Qatardan qalan adam” başlıqlı bu hekayənin içərisi qələm gücü, yazıçı enerjisi ilə doludur və belə yazan Anarı Azərbaycan o, 30, 40, 50 yaşında olanda görmüşdü. Çox şeylər dəyişdi, dünya büsbütün başqalaşdı, ancaq Anar həmin Anardır. Dəyişən vaxtın düz yolundan yayındırmadığı, soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi parlaq Anar.

Artıq iki on ildən də çoxdur ki, meydan oxuyub ədəbiyyata yeni dalğa gətirəcəklərini deyənlərin çoxusu o sayaq deyinə-deyinə yaşlaşdı, kimisi ha “yazacam, yaradacam” deyə səs-küy salsa da, axıracan qısır qaldı, kimisinin kimliyini vaxt faş elədi, kimininkini özü, yaza bilənlərə həmlə çəkərək “siz meydanı boşaldın ki, biz yazaq” söyləyənlərin də səsi asta-asta batıb eşidilməz oldu.

Anarsa həminki gedişindədir. Yenə əvvəlki təzəliyi və cazibəsi ilə heyran etməyi, düşündürməyi, sevindirməyi bacarır, yenə “böyük ədəbiyyatın hələ deyiləsi çox sözü var” həqiqətini çatdırmaqda davam edir.

Növbətisi də 2024-ün iyulunda 86-sında yaranmış bu yazı.

Azərbaycan nə xoşbəxtdir ki, onun Anarı var. Bu, elə aydın həqiqətdir ki, indi deyil, 30-40 il əvvəl də bütün aydınlığı ilə görünürdü, bu gün də görünür və gələcək zamanların ucalığından baxarkən daha aydın və dürüst dərk ediləcək.

Anarın qələmində Azərbaycanın bütöv mənəviyyat xəritəsi yeni bir diriliyini tapıb, onun yaradıcılığından bütün gözəllik irsimiz keçib və çoxrəngli, çoxistiqamətli, genişmiqyaslı yaradıcılığı, təfəkkürü, şəxsiyyəti ilə Anar Azərbaycan maarifçiliyinin, Azərbaycan ziyalılığının, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli və digər böyüklərimizin vəhdəti və yekunu, onların yeni, daha müasir davamı deməkdir.

Azərbaycanın bunca müstəsna bir sərvəti ilə fəxr etməmək olarmı?

Əlbəttə ki, bu səviyyəli övladı olan hər xalqın özünü bəxtiyar saymaq haqqı var. Artıq Anar ucalığını və siqlətini bütün türk dünyası duyur, qəbul edir və Anar varlığı ilə Azərbaycanı daha böyük göstərməyə qadir dəyərlərimizdəndir.

...Ədəbiyyatımızın indiki kakafoniyasında, özündənmüştəbehlərin bol, əsl ədəbiyyat yaratmağa inkanlıların barmaqla sayılacaq qədər seyrəkliyi əyyamlarında olduğu bir vaxtda Anarın bu təzə hekayəsi kəsif havalı otağa geniş açılan pəncərələrdən saf havanın gəlməsi kimidir. Hər yazı bir səsdir və indi ədəbi mühitimiz o haldadır (o kökdədir yazmadım ki, qaba çıxmasın) ki, yaza bilənin də, bilməyənin də, babatın da, alababatın da səsi bir-birinə qarışaraq qatmaqarışıq xora çevrilir və bu gedişatda dəngəsər olmamaq çətindir.

Odur ki, təntimiş nəfəsimizi toxtadan, gözümüzü, ruhumuzu dincəldən irili-xırdalı hər təzə uğurlu əsər insana təsəlli kimi gəlir ki, sabahlara nikbin baxmaq lazımdır və Müşfiq demiş, “şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq”.

Təbii ki, burada mən “şeir” sözünü yalnız şeir deyil, elə gözəl sənət anlamında qəbul edirəm.

Anarın “Qatardan qalan adam”ı onun böyük yaradıcılığının, bir bəlli bütövün yeni qəlbəyatan parçasıdır.

Yəni əslində Anarın bütün yazdıqları Qatar, Qatardakılar, Qatardan enənlər (“düşənlər” sözü burada həm Türkiyə türklərinin qullandığı, həm bizim – Azərbaycan türklərinin işlətdiyimiz anlamda tam yerində səslənir), Qatar pəncərəsindən Qatardan qalanlara Baxanlar və Qərib Perrondan Qatarın arxasınca boylananlar – ömrümüz-günümüz, dünyamız, həyatımız haqqındadır.

Bu təzə hekayə də Anarın daha bir qələm möcüzəsidir (Hərçənd “qələm” söhbəti də qalıb dünəndə. Qələmimiz klaviaturaya dönüb. Ancaq qələm çağlarının Anarı elə klaviatura əyyamlarının da heyrətləndirəbiləni kimi öz yolundadır).

Sözlə sehr yaratmağa qadir Füzuli kimi söz tilsimkarı sözün yoxdan var olub insanı riqqətə gətirməsinə məsumluqla heyrətlənirdi, sözün ruhu hər dəfə yenidən tərpədə bilməsini təzə bir möcüzə sayırdı.

Hamını təsirinə ala bilən hər musiqi əsəri, hamını valeh edən hər yeni üstün ədəbiyyat nümunəsi, valeh etmək qüdrəti olan hər təzə sənət əsəri o baxımdan möcüzədir ki, var.

Anarın bu hekayəsini də azad Şuşaya ilk dəfə qədəm basıb İsa bulağının suyunu içərkən yaşadığım ləzzətlə ruhuma təpdim və ədəbiyyatımızın möcüzə yaratmaq heyinin davamlılığına və səngiməzliyinə şükür etdim.

Anarın bu təzə hekayəsinin qəhrəmanı İshaq Salmanzadə elə hər birimizik.

Elə “Otel Otağı”ndakı Kərim Əskəroğlu öz taleyilə böyük ölçüdə hər birimiz olan kimi.

Hekayət sadədir. Bir geniş imkanlı və perspektivli iş adamı – İshaq Salmanzadə qatarla səfərə gedir. Bütün kupeni tək götürüb ki, yolda öz fikirləri ilə tənha qala bilsin, onu narahat edən, maneçilik törədən olmasın. Yolüstü dayanacaqlardan birində qatardan enir ki, siqaret alıb qayıtsın. Ancaq bir də onu görür ki, onu gətirən qatar tərpəndi. Ardınca qaçsa, yüyürsə də, çata bilmir. Qərib yer, dil bilmir, cibində qəpik belə yox, nəyi var qaçırdığı qatarda qalıb. O cümlədən cib telefonu da. Tam ümidsizlik. Cavan olmasına baxmayaraq, həm də şəkər xəstəsidir. Gərək vaxtında yeməyini yeyə, iynəsini vura. Tutalım, saatlar sonra gedəcəyi yerə yönələcək qatarlar olacaq, o qatara bilet almağa pulu da yoxdur axı. Vağzaldakı ayaqyoluna getmək ehtiyacı yaranır. Ancaq nəzarətçi qarşısını kəsir ki, bura pulludur. Pul da yox. Amma xəstə adamdır, baxır ki, daha dözə bilmir, basıb keçir içəri. Dışarı çıxanda nəzarətçinin yanında polisi görür. Onu polis məntəqəsinə aparırlar. Artıq gecdir, iş saatı bitib, buradakı növbətçi polisdir, odur ki, məsələsinə səhər baxılacaq. Demək, onu hər şeyinin qaldığı qatarın ardınca aparacaq növbəti qatara da çatmayacaq. Polis nəfərinə işarə ilə başa salmağa çalışır ki, acam, şəkərəm, iynə vurmalıyam, nəsə yeməliyəm. Polis onu anlamır. Və səhər komaya düşüb keçinmiş, cansız halda döşəməyə sərilmiş halda İshaqı ölü tapırlar. Nə kimliyi bilinir, nə milliyyəti, nə yeri-yurdu. Naməlum cəsəd kimi yandırıb külünü havaya sovururlar. Son iz də beləcə uçub gedir. Hər şeyi varkən qısaca zaman içində heç nəsiz qalmış və heç kimə çevrilmiş bir insanın faciəsi.

İshaqın bir qutu siqaret dalınca perrona endiyi və qatarı qaçırması üzdən baxanda gerçək həyatdır. Elə işdir ki, hamının başına gələ bilər və o qədər də olub ki. Ancaq bütün bunlar həm də rəmzdir.

İshaqın düşdüyü o qatar həyatın özüdür. Enmisən və daha heç vəchlə təzədən qayıdıb o qatara minə bilməzsən.

O qatarda sənin hər şeyin vardı.

O qatarda sən güclü idin, bir ömür boyu qazandığın nəyin varsa ona əlin çatırdı, ən azı bir telefonun vardı ki, onunla lap dünyanın o başına ismarışını çatdıra, hər istəyini yerinə yetirə bilərdin.

Sən qatardan enmisən və qatar sənə aid olan nə varsa hamısını aparıb.

Bu dəmiryol vağzalında qalan ruhmudur?

Hər şeyi bilən, görən, hər şeyin harada olduğundan xəbərdar olan, ancaq heç birinə əli çatmayan ruhun.

Eynən o cür ki, haçansa hər birimizin yuxuda başına gəlib – qaçmaq istəyirsən, ayağın tərpənmir, bağırmaq istəyirsən, səsin çıxmır.

Bəlkə bizim ümid bağladığımız, bədənimiz öləndən sonra yaşamaqda davam edəcəyinə inanmaq istədiyimiz ruhun aqibəti elə belə olur.

Düşdüyü təzə aləmdə o, yaddır, kimsəsizdir, adsız, ünvansızdır.

Nə oradakıların dilini bilir ki, dərdini desin, nə oradakılar dərd anlayır ki, sənə mərhəmət göstərsin.

Bəlkə elə Rəsul Rza görən buymuş:

Belə olurmuş demək

Ömrün-günün sonunda...

Hər adam taleyini özü yazır. Elə bu İshaq da hadisələr zəncirini özü belə qurmuşdu ki, hər şey belə bitdi. Cavan idi, güclü idi, imkanlı idi və qətiyyən düşünmürdü ki, bircə an içində hər şeyi itirə bilər. Ona görə belə fikirlər ona əsla yaxın düşmürdü. Qısa ömründə qazanmış olduqları elə çox idi ki, təsəvvürünə belə sığışdırmırdı heç olarmı bir an içində bunların hamısı bütünlüklə əlindən çıxsın – birini itirərsən, ikisini qeyb edərsən, hər halda nəsə qalacaq.

Ancaq axı bir an içində sənin özünün getməyin də ola bilərmiş.

Göz qırpımı qədər ani vaxt kəsiyi.

Qatarın çıxıb gedir və sənə bağlı hər şeyi aparır.

Orada perronda qalanın daha heç nəyi yoxdur – nə gələcəyi, nə keçmişi.

Bəlkə təzədən minməkçün qatardan düşəndə o barədə də düşünəsən ki, axı bu qatarı qaçıra da bilərəm.

Əslində hər birimizin hər gecə o perrona siqaret dalınca enməyimiz var axı. Siqaretimiz uyqumuzdur. Onsuz qala bilmirik. Ancaq hər növbəti günün birində o bizi alıb apara bilər.

Bəlkə elə bu gecə perrona enməzdən, növbəti yuxuya girməzdən, təzə kiçik ölümlə görüşməzdən əvvəl bizsiz Qatarda bizdən qalanlar haqqında düşünək.

İshaq burada qaldı. Naməlum, kimsəsiz, tam tək. Ona bu qərib stansiyada yanaşan ənlikli-kirşanlı xanım bilirsiniz kimdir?

Geci-tezi var, biləcəksiniz, gələcək.

“Gedək mənimlə” deyəndə getməsəniz də, özü üsulunu tapıb sizi aparacaq...

Qatar gedib çatmalı olduğu dayanacaqda duracaq. Görəcəklər bir kupedə hər şey var, o şeylərin sahibi yoxdur.

Səni qatarın hərəkət etdiyi dünyaya bağlayan çox şey oradakı kupendə qalıb. Sənədlərin, telefonun, geyim-kecimin.

İzinlə kimliyini tapacaqlar. Tapacaqlar deyəndə ki, daha səni yox, keçmiş səni müəyyənləşdirəcəklər. Yox olmağın xəbəri saatını bağışladığın o dostuna da çatacaq. Heç vaxt heç kəs bilməyəcək ki, sən haradasan.

Qeyb olmusan, buxarlanmısan, uçub getmisən.

Məzarın da olmayacaq.

Qatarda bir çox şeylər necə şərtiymişsə, elə Perronda da o cürmüş. Qatarda soyadındakı “zadə”ni ixtisara salıb ilk baxışda səni İsaak Salman deyə bir yəhudi kimi qələmə vermək mümkünsə, orada – Perronda yeganə sənədin sənin vücudunun olduğu məchulluqda yəhudi, ya müsəlmana aidliyinə işarə olan əmanətinə baxıb oradan, ya buradan olduğunu şərtiliklə söyləmək olacaq. Ancaq orada da bir şübhəcil tapılacaq ki, sənin bu əlamətinə görə qəti şəkildə o, ya bu tərəfə aidliyini sual altına alacaq. Qalacaqsan arada, düşəcəksən daha dərin məchulluğa...

...60 il əvvəl, 1960-cı illərdə azərbaycanlıların düşüncəsini, ürəyini, zövqünü təzə sözüylə fəth etməyə başlayanda Anar nə qədər güclü idisə, bu gün də elədir.

Köhnə alma ağacında, qocaman tutda heç vaxt köhnə alma, əski tut bitmir.

Hər yeni baharda o ağaclar puçur-puçur tumurcuqlayır, təzə pöhrələr verir, “keçən ilki, keçən keçən ilki, keçən keçən keçənilki” kimi çiçəklər açır, elə əvvəlki şirinlikli tər-təzə meyvələr verir. Sonra payız gəlir, küləklər əsir, yağışlar tökür, sonra qış gəlir, sazaq düşür, qar səpir, ancaq yenə yaz qayıdır. Çılpaqlaşmış budaqlar yenə yarpaqlanır, yenə tumurcuqlanır və 60 il əvvəlki kimi yenə gözəl bəhrələrini verən, yenə heyrətləndirən, yenə diksindirən, yenə sevindirən Anar elə təbiətin o sadədən-sadə hadisəsi, sadəliyində əbədi möcüzə gizlənən daimi qayıdışı kimidir.

Mən özümü bəxtəvər hesab edirəm ki, Anarım var.

İftixarla təkrar edirəm ki, Anarlı Azərbaycan – qocalmayan Anarlı, tükənməyən Anarlı, hər yeni zamanla ayaqlaşan və o yeni zamandan yenə bir addım irəlidə olmağı bacaran, yenə onillər öncə olduğu kimi düşündürən, duyğulandıran, təzə-təzə sevimli bəhrələr verməkdə davam edən Anarlı millət xoşbəxtdir.

İndilik ən böyük arzumdur ki, Azərbaycan adına, sözümüz, dilimiz, ədəbiyyatımız, milli ruhumuzun diriliyi naminə hələ çox illər də belə qalsın.

25 iyul 2024