vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
İNCƏSƏNƏT  
18:16 | 11 iyul 2024 | Cümə axşamı Məqaləyə 1358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İçərişəhər peşəkar və həvəskar rəssamların gözü ilə

Müsabiqəyə yekun vurulub

MÖVZU İLƏ ƏLAQƏLİ

İçərişəhər, onun tarixi və bu günü ilə bağlı elan edilmiş rəsm müsabiqəsi başa çatıb. Qədim məkanı peşəkar və həvəskar rəssamların gözü ilə göstərmək məqsədi daşıyan müsabiqəyə böyük maraq olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.

Bakı Fotoqrafiya Evində seçilən əsərlərdən ibarət sərgi də açılıb.

İdarənin rəhbəri Şahin Seyidzadə, VI çağırış Milli Məclisin deputatları Fazil Mustafa, Ülviyyə Həmzəyeva, ADRA-nın prorektorları, Xalq rəssamları Səlhab Məmmədov və Fuad Salayev çıxış ediblər.

Bildirilib ki, iki ay davam edən müsabiqəyə ölkə üzrə 300-dən çox iştirakçı rəsm əsərləri təqdim edib. Qaliblər Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov, Səlhab Məmmədov, Aydın Rəcəbov və Əliyar Əlimirzəyev tərəfindən seçilib. Seçilən 40 əsərdən 7-sinin müəllifi qalib elan olunub.

İlk üç yeri müvafiq olaraq Fəxriyyə Əliyeva (“Şah sarayı”), Səidə Musayeva (“Qala izi”) və Nəzrin Xələfova (“Bakıda küləkli gün”) tutublar. Daha dörd nəfər (Ramil Məmmədov, Nəzrin Mütəllifli, Rəşad Rzayev, Samirə Vəliyeva) həvəsləndirici mükafata layiq görülüb.

Digər 33 əsərin müəllifləri isə müsabiqədə iştirakına görə diplomla təltif ediliblər.

Qeyd edək ki, müsabiqənin  Bakı Fotoqrafiya Evindəki sərgisi avqustun 10-dək ziyarətçilərə açıq olacaq. Giriş sərbəstdir.