İtilget liberallar
Uşaqlıq dövrünü yaşayan xalqın xam siyasətçiləri
Bütün xalqlar bərabərdirmi? Xeyr. Bizdən üstün olanlar da var aşağıda olanlar da. Mən xalqların formalaşma səviyyəsinə görə deyirəm.
Biz hələ uşaqlıq dövrümüzdəyik. Dünyanı hələ indi-indi qavrayırıq. Çevrə barədə düşüncələrimiz yeni-yeni formalaşır. Uşaqlar üçün gələcək düşüncələrinin formalaşmasına təsir edən əsas faktorlar rol modellərdi. Yəni valideyn, bacı-qardaş, qohumlar, məhəllə uşaqları, bağça, məktəb kollektivi və s. Bütün bunlar uşaqların beynində cəmiyyətdəki rolların yerini müəyyən edir. Bunlardan hansısa birindəki əksiklik, şiddət travmalar yaradır. Bu travmalar da gələcəkdə təkcə onun deyil, çevrəsini də zədələyir.
Uşaqlar özlərinə rol model seçərkən özəlliklər valideynlərini dünyanın ən yaxşısı hesab edirlər. Bir növ qəhrəman kimi davranırlar. Bu da onlara stimul verir. Özlərini onlara oxşatmağa çalışırlar. Uşaqların qəhrəman saydıqlarını yanlarında gözdən salanda dünya görüşləri zədələnir. İçlərinə qapanırlar, aqressiv davranırlar və s. Söhbəti hara götürdüyümü anladınız yəqin. Bizim xalq elə uşaqlar kimidir. Bizə qəhrəmanlar mütləq lazımdı. Nümunə olsunlar. Təkcə hərbidə yox, başqa sahələrdə də. Stimul versinlər, ümid yaratsınlar, özümüz barədə daha da bədbin fikirlərə düşməyək deyə. İndi bəzi itilgetlər (20-ci əsrin əvvəllərində “cool” intelligentlərə Üzeyir Bəyin qoyduğu ad) bizi inkişaf etmiş xalqlarla bir yerə qoyurlar. Mümkün deyil. Onların keçdiyi yol, gəldikləri nöqtədən biz çox uzağıq. Bu “Jiquli”dən “Mersedes” komfortu və sürəti istəmək kimi bir şeydir.
Başqa bir məsələni də qeyd edim. Tarixin ən böyük inqilabçılarından biri də Mustafa Kamal Atatürkdür. İnqilab deyəndə ağlınıza Rusiyada bolşeviklərin hakimiyyət çevrilişi gəlməsin. Adam bir xalqı orta əsrlər düşüncəsindən çıxardıb xeyli məsafə qət etdirdi. Lakin bütün etdiklərini hakimiyyətə gələnə qədər demək olar heç kimlə bölüşmədi. Ən yaxın silahdaşlarının belə etiraz edəcəyini bilirdi. Amma hakimiyyət deyilən nəsnə elə şeydir ki, etirazların çoxu onun qarşısında əriyir. O Osmanlı xanədanının və xəlifəliyin ləğv ediləcəyini əvvəlcədən desəydi yanındakı komandanlar imkan verməzdi. Bir çoxu da etiraz etmişdi Osmanlı ləğv olunanda. Lakin adamın əlində hakimiyyət olandan sonra o etirazlar sönük qaldı. Amma bizim bəzi müxalif liberallar nə edir? İndidən əllərindəki kartları açırlar. Demokratik seçki olsa və bu cür liberal sol düşüncəylə platforma qursalar, 5 faizlik barajı belə keçə bilməzlər.