vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
XADİM  
10:51 | 17 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 648 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fövqəladə və səlahiyyətli

Özü özünü yaratmış peşəkar diplomat

Rafael HUSEYN

Əziz Məmməd müəllim səfir vəzifəsindən çoxdandır ki, aralanıb. Ancaq səfirliyi kürsüsündən aralanınca bitənlərdən fərqli olaraq Məmməd müəllim o vəzifəyə təyin olunmamışdan da səfir idi, bu gün də səfir olaraq qalır, həmişə də belə olacaq.

Həm də sadəcə səfir yox, məhz Fövqəladə və Səlahiyyətli Səfir.

Fövqəladəlik onun sağımızda-solumuzdakı sıradan olan saysız tanıdıqlarımızdan həmişə bir baş uca olmasında, təmkinində, dərin və əhatəli biliyində, insani dürüstlüyündə, sözübütövlüyündə, saflığında, səmimiyyətində, baxışlarındakı sabitliyində və bir çox belə məziyyətlərindədir.

Kimsə deyər ki, bu cür keyfiyyətlərə malik başqaları da var.

Əlbəttə var, amma birində o keyfiyyətlərin biri olanda digəri yoxdur, birində üçü olanda beşi çatmır, birində o keyfiyyətlərin yanında elə naqisliyi var ki, qalan müsbətləri də heçə döndərir.

Məmməd müəllimdəsə, həmin üstünlüklər hamısı bir yerdədir.

Məmməd müəllim hər baxımdan bütöv adamdır və nə heyf ki, bu cür bütöv Adamlar da, bu cür Kişilər də artıq həddən ziyadə qıtlaşıb.

Ona görə də yaxşı örnəkləri keçmişlərdə qalan belə seçkinlərdən söz düşəndə "kişi" kəlməsinin əvvəlinə "köhnə" sözünü də əlavə edirlər.

1990-cı illərin ortalarında mən təqribən hər gün ovaxtkı Xarici İşlər Naziri Həsən Həsənovla idim.

İş otağında saatlarla birgə olurduq.

Yeni tariximizin o gərgin, iş-güclə dolu günlərində Həsən Həsənovu da, unudulmaz Heydər Əliyevi də yaxından müşahidə edə bilirdim.

Hər ikisi ali dərəcədə peşəkar, ifrat səviyyədə işgüzar, həm də son dərəcə tələbkar idilər.

Türkiyə dost-qardaş ölkədir. Amma xarici siyasətimiz baxımından əsla sadə olmayan, illah da ki, o illərdə xüsusilə mürəkkəb bir istiqamət idi.

Məmməd müəllimin fizikcə dəqiq və fəlsəfi düşünən qafası, üstəgəl, sadaladığım məziyyətləri, qısa zaman kəsiyində məharətlə mınimsədiyi diplomatik səriştələri olmasaydı, çox qüvvətli Heydər Əliyev-Həsən Həsənov tandemi ilə onun bunca rəvan və qənaətbəxş, saat kimi sərrast işləyən fəaliyyət birliyi alınmazdı.

Ayrı-ayrı vəzifələrin əvvəlində təyin olaraq adətən həmin şəxsin hansı sahəyə cavabdehliyi, ya rəhbərlik etdiyi göstərilir.

"Fövqəladə və səlahiyyətli" təyinləri isə bu vəzifəni tutanın səlahiyyət və ixtiyarca necəliyini nişan verməklə yanaşı, həm də onun müstəsnalığına işarə edir.

Yeni müstəqillik dönəmində təcrübələrin işləyə-işləyə qazanıldığı, Azərbaycan diplomatik korpusunda peşəkar kadrların barmaqla sayılacaq qədər az olduğu, diplomatları gedilən yolun və özlərinin səylərinin yaratdığı dönəmdə Məmməd müəllim əksərini tanıdığım səfirlərimiz arasında bu yüksək mərtəbəyə və ada layiqliyini gərəyincə isbat etmiş təklərdən idi.

Özü özünü yaratmış peşəkar diplomat və səfir idi.

Bunlar tarixdir.

Milli tariximizin, müstəqillik tariximizin, şəxsiyyətlər tariximizin bilinməli səhifələridir.

İbrahim sağ olsun ki, özünə xas ustalıqla adətən tək bizdə deyil, dünyanın hər yerində adətən kadr arxasında qalan diplomat ömrünün xalqa çatmalı bir para ayrıntılarını tarixləşdirir, hamınınkılaşdırır.

Bunun özü də bir ayrı xidmətdir.

Niyə Məmməd müəllim diplomat kimi çalışanda da, ondan əvvəlki və sonrakı dönəmdə də həmişə etiraf, təqdir və tərif edilib və edilir?

Səbəb sadədir.

Çünki adama fövqəladəlik haqqı sərəncamla veriləndə həmin ixtiyar ayrı bir sərəncamla da bitir.

Fövqəladəlik sənin cövhərində olanda buna rəsmən əlavə edilən imkanlar səni ikiqat gücləndirir.

Və Məmməd müəllim kimi binədən nəciblik, ləyaqət, zəka, işıq səfiri olanın, fitrətdən fövqəladəlik bağışlanmışın səlahiyyət müddəti də həmin səbəbdən heç vaxt bitmir.

Arzumdur ki, hələ çox illər Fövqəladə və Səlahiyyətli Məmməd müəllimlə ömrünün sağlam, xoşbəxt qarşıladığı yeni illəri və günlərində onunla birgə olmaq səadətini Tanrı bizdən əsirgəməsin!