vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
PARTİYALAR  
14:05 | 20 iyul 2020 | Bazar ertəsi Məqaləyə 12740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu yola niyə çıxdıq?

Hədəfimiz güclü Azərbaycan dövləti, onun hüququ və rifahı təmin olunmuş vətəndaşıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 16-da uzun müzakirələrdən sonra yeni siyasi təşkilatımızı – Azərbaycan Yüksəliş Partiyasını elan etdik. Partiyanın siyasi kursu, ideoloji dayaqları, o sıradan məram və məqsədlərimiz haqqında ilk bəyanatımızda topluma bilgi versək də, düşünürük ki, qurumun yaranma səbəbləri, eləcə də siyasi səhnədə iddia etdiyi mövqe haqqında daha geniş açıqlamaya ehtiyac var.

Öncə onu vurğulayaq ki, son iki ildə Azərbaycan siyasi hakimiyyətinin “islahat prosesi” adlandırdığı sürəc hələlik vətəndaşların gözlədiyi sonucu verməyib. Korrupsiya, rüşvətxorluq, iqtisadi sistemin sosial ədalətin yaranmasına xidmət etməməsi, məhkəmə-hüquq sistemindəki ciddi boşluqlar, hakimiyyətlə xalq arasında dialoqun arzuedilən səviyyəyə çatdırılmaması ölkədə ciddi mənəvi böhran mühiti yaradıb. Hakimiyyət ara-sıra durumun sağlamlaşdırılmasına yönəlik addımlar atsa da, yeni kadrların əsasən professional göstəricilərə deyil, hakimiyyətə sədaqət prinsipinə görə seçilməsi Azərbaycanda demokratik cəmiyyət qurulmasına təkan verməyib.

Son seçkilərdə hakimiyyətin metodları da ənənəvi idi – inzibati resursların iqtidarın maraqlarına uyğun səfərbər edilməsi, azad rəqabət mühitinin formalaşmasının qarşısının alınması, vətəndaşların iradəsinə kobud müdaxilə. Beləliklə, bu dəfə də seçki mühitinin demokratiya prinsiplərindən tamamilə uzaq tutulması Azərbaycan Milli Məclisinin yenidən xalqın iradəsi ilə deyil, hakimiyyətin sifarişi ilə formalaşmasına səbəb oldu.

Ölkədə azad və ədalətli seçki mühitinin formalaşdırılmaması 9 fevralda seçicilərin prosesə etimadsızlığını da göstərdi – gözlənildiyi kimi, seçkiyə çox az sayda vətəndaş qatıldı. Bir çox dairədə favorit namizədlərin partiyasız namizədlər olması isə açıq-aşkar vətəndaşın siyasətdə yeni simalara ehtiyac hiss etdiyini sübuta yetirdi.

Çünki 9 fevral 2020-ci ildə keçirilən Milli Məclis seçkiləri həm də bir gerçəyi üzə çıxardı – müxalifət partiyaları siyasi səhnədə köklü dəyişiklik etmək, proseslərə yön vermək gücündə deyil. Müxalifət partiyalarının fəaliyyətini təftiş etməyi siyasi etikadan uzaq saysaq da, bir məsələni qeyd etmək lazımdır ki, müasir siyasət çevik siyasi manevr etmək qabiliyyəti tələb edir. Bu baxımdan ölkənin müxalif siyasi arenası zəifdir və yenilənmə tələb edir. Elə bu səbəblərdən də seçki prosesini uğurla aparan, cəmiyyətin nəbzini tuta bilən, qələbəsi tanınmasa da, seçkidə qalib gələn, seçkidən sonrakı dönəmdə vətəndaşla qurulan sıx təmasları kəsməyən Milli Məclis üzvlüyünə keçmiş namizədlər olaraq biz və uzun illərdir aktiv, bitərəf ictimai-siyasi fəaliyyət göstərən şəxslərlə birlikdə bu sosial sifarişi gerçəkləşdirmək üçün yola çıxdıq, siyasi təşkilat yaratmaq qərarı qəbul etdik.

Xitab etdiyimiz toplum indiyə qədər siyasi qurumlarda təmsil olunmayan və ya təmsilçiliyini dayandıran, bununla belə, Azərbaycanda güclü dövlət, sağlam cəmiyyət qurulmasına dəstək verməyə hazır olan istənilən təbəqədən olan Azərbaycan vətəndaşlarıdır.

Ölkəmiz çox ağır dönəmdən keçir. Daxildəki saysız problemlər fonunda işğalçı Ermənistanın təcavüz siyasətini davam etdirərək Qərb sərhədlərimizi hədəf seçməsi ciddi gərginlik yaradıb. Azərbaycan Ordusunun itkilərə baxmayaraq, ərazilərimizin müdafiəsi uğrunda rəşadət göstərməsi qürur hissi yaratsa da, işğalın genişlənməməsi üçün Azərbaycan cəmiyyətinin xarici təcavüzə qarşı fəal, ardıcıl mövqe sərgiləməsinə çox ciddi ehtiyac var. Azərbaycan Yüksəliş Partiyası olaraq əsas hədəflərimizdən biri vətəndaş cəmiyyəti quruculuğunu sürətləndirərək, toplumunun hazırlanmasında aktiv iştirak etməkdir.

Azərbaycanın geosiyasi proseslərdə rolunun artırılması, Avropaya inteqrasiyasının gücləndirilməsi, Türk Dünyası ilə münasibətlərin möhkəmləndirilməsi, insan kapitalının önə çıxarılması, azad rəqabətə söykənən iqtisadi münasibətlər sisteminin qurulması ölkədə güclü dövlət yaradılmasının vacib şərtlərindəndir. Düşünürük ki, indiyədək var olan siyasi mühitdə özünü tapmayan, lakin intellektual potensialı, topluma təsir gücü sağlam siyasi mühit formalaşdırılmasına imkan verən şəxslərin aktiv siyasi mübarizəyə cəlb edilməsi yaxın gələcəkdə ölkəmiz üçün müsbət nəticələr verə bilər.

Azərbaycan Yüksəliş Partiyasının 16 iyulda elan edilməsi səbəbləri haqqında da bir neçə kəlmə deməyi gərəkli saydıq. Son zamanlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasında müstəsna xidmətləri olan Milli Azadlıq Hərəkatı, özəlliklə Sovetlər Birliyinin dağılmasından sonra vətəndaşlarımızın ilk siyasi institutu olan Azərbaycan Xalq Cəbhəsi çağdaş Azərbaycan tarixinin şərəfli bir səhifəsi olmasına baxmayaraq, haqsız tənqidlərə məruz qalır. Azərbaycanda seçki yolu ilə hakimiyyətə gələn, 1918-ci ildə əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Xalq Cümhuriyyətinin ideoloji bazasına söykənərək, Azərbaycanda sekulyar dövlət quruculuğunu uzun fasilədən sonra davam etdirməyə başlayan, 70 illik totalitar dönəmin ağırlığını cəmiyyətin üzərindən böyük miqyasda atmağı bacaran, ölkədə Avrointeqrasiya prosesini başladan, 200 illik Rusiya işğalından sonra özünü Sovetlər Birliyinin varisi elan edən Rusiya Federasiyası qoşunlarının Azərbaycandan çıxarılmasına nail olan, müstəqil Azərbaycan Respublikasının azad rəqabətə dayanan iqtisadi münasibətlər sistemini quran, ölkənin milli sərvətlərinin sosial dövlət yaradılması üçün xərclənməsinin iqtisadi bazasını yaradan, ən önəmlisi, dövlət institutlarının formalaşdırılmasının ağır yükünü çəkməklə bərabər, xarici təcavüzkarla mübarizə apararaq, sıralarından 5 min şəhid verən bir quruma qarşı aqressiv münasibətin ölkədə dövlətçilik ənənələrinin yaradılması prosesi baxımından yolverilməz olduğunu düşünərək, 16 iyulu Azərbaycan siyasətinin tarixinə yenidən yazmaq ideyasını irəli sürdük.

Azərbaycan Yüksəliş Partiyası ölkədə azad və demokratik dövlət qurulması prosesinə qatılmaq istəyən hər vətəndaşın özünü ifadə edə biləcəyi siyasi partiya olmağa iddialıdır. Partiyanın idarə edilməsini türk törəsinə uyğun kollegial sistem üzərində qurmaq istəyimiz tarixi gələnəyə sədaqətimizlə bərabər Azərbaycan siyasi məkanını vətəndaşı siyasi proseslərdən çəkindirən əsas amillərdən olan avtoritar meyllərdən qurtarmaq məqsədi daşıyır.

Hədəfimiz güclü Azərbaycan dövləti, onun hüququ və rifahı təmin olunmuş vətəndaşıdır. Bu müqəddəs vəzifəyə qatqıda bulunmaq istəyən hər bir vətəndaşı Azərbaycan Yüksəliş Partiyasının sıralarında azad və ədalətli cəmiyyət uğrunda mübarizəyə dəvət edirik.