vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
RƏY, REPLİKA  
18:04 | 27 noyabr 2022 | Bazar Məqaləyə 13687 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maşın yuyan “moşennikin” “böyüməyi”

Niyə bu həşəratlar ancaq Fransada üzə çıxır?

Ələkbər ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gəlin, bir qədər uzaqdan başlayım. Bakıda bir yanacaqdoldurma stansiyası, nəzdində də maşınyuma servisi təsəvvür edin. Orada gənc, təhsilsiz, avaralığa və xırda cinayətlərə meylli bir vətəndaş işləyir. Bir gün varlı bir adam maşını ilə bura gəlir, açarları verir həmin gəncə və “maşını təmizlə” deyərək, gedir çay içməyə. Handan-hana qəfil yadına düşür ki, maşında, oturacağın üstündə, kiçik bir əl çantasının içində yüz mindən artıq AZN yaddan çıxıb qalıb.

Geri qayıdır və əlbəttə ki, (öz aramızdır, ehtimal çox yüksək idi də) pulu orada tapmır. Həmin cavan işçini çağırıb deyir: “Gəl belə danışaq. Pulu bu dəqiqə qaytarırsan, mən də söhbəti uzatmadan gedirəm”. Oğlan dirəşir ki, “Nə pul? Pul-zad görməmişəm”. Sürücü obyektin sahibini çağırır ki, gəl itinə yiyə dur, pulumu qaytar. Amma müdirə də pulu geri almaq müyəssər olmur. Polis çağırırlar. Polis də qəşəngcə oturub kamera yazılarına baxır və həmin oğlanın maşının içindən əl çantasını necə götürdüyünü və aralanaraq, onu haradasa gizlədib geri qayıtdığını aşkarlayır. Gəda kor-peşman pulu qaytarmağa məcbur olur, lakin bu, onu bölməyə düşməkdən xilas eləmir. Bölmədə rəisdən qapaz yeyir və ondan tələb olunan “filan qədər” pulu dost-tanışdan, qohum-əqrəbadan toplayaraq rəisə təqdim edir. Azadlığa çıxır.

O çıxır, bu çıxır, bundan sonra gəncin, deklassiv elementin, avaralığa və xırda cinayətlərə meylli orqanizmin həyatında dönüş nöqtəsi başlayır. Öyrənir ki, Avropaya mühacirət etmək, orada oturum almaq olar. Bu da bir yolunu tapıb yollanır Fransaya. Orada ərz edir ki, “Azərbaycanda diktaturadır, məni minirlər, nəfəs almağa qoymurlar, mənə siyasi sığınacaq verin”. Fransızlar baxır, araşdırır və belə qənaətə gəlir ki, manıs banal “moşennik”dir, oturum almağa layiq deyil. Amma bir problem var – Fransa heç kəsi deportasiya eləmir. Oturum verməsə də, deportasiya eləmir. Onsuz da Fransada oturumsuz qalmaq, “bomj” olmaq deməkdir. Manıs da baxır ki, perspektiv heç yaxşı görünmür və keçir kamera qarşısına, açır ağzını, yumur gözünü. Hədəfdə rəsmilər – birinci şəxs, nazir və komitə sədrləridir. Təhqirlər, hədələr həndəsi proqressiya ilə çoxalır, hətta haradansa peyda olmuş yeni gəmiricilər də prosesə qoşulur, sayları artır. Nəticəni təxmin etmək çətin deyil – Azərbaycana yol birdəfəlik və əbədi bağlanıb.

Fransanın aidiyyəti orqanları birdən ayılırlar ki, nə qəşəng, nə pakizə, bundan istifadə etmək, onu alətə çevirmək və bundan müəyyən dividentlər qazanmaq olar. Elə də edirlər. Hətta ona nəinki oturum, mühafizə də təxsis olunur.

İndi, baxın. Elə bir vəziyyət yaranıb ki, bunun nə hüquqi yolla həlli mümkündür, nə də qeyri-hüquqi yola əl atmaq olur. Biz ona görə xəcalət çəkirik ki, bu orqanizm(lər) azərbaycanlıdır. Azərbaycan adından danışırlar. Faciəvi çoxluqda olmasa da, hər halda azdan-çoxdan azərbaycanlı auditoriyadan “like” toplayırlar, ermənilər və müəyyən avropalı dairələr tərəfindən istifadə olunurlar, hətta efirlərə çıxarılırlar, adlı-sanlı təşkilatlar onlarla əməkdaşlıqdan belə çəkinmir. Yəni hər şey o qədər iyrəncləşib, bütün hədlər-sərhədlər o qədər aşılıb ki, bunun harasından tutsan əlində qalacaq.

Bəs, yaxşı. Bu cür azərbaycanlılar necə yarandı? Onlar haradan çıxdı? Onları sistemin doğurduğuna inanmayaq, bununla açıqlamayaq, bəs, nə edək? Başqa hər hansı izah ağlıma batmır. “Ümumiyyətlə, keyfiyyətsiz xalqıq” açıqlamasının da yaşamağa haqqı var. Siz razısınızsa, mənim də etirazım yoxdur.

Bu alçaqlıqlar, təhqirlər, hədələr, iyrəncliklər, təcavüzlər cavabsız qalan deyil, onların axırı əlbəttə ki, yaxşı görünmür, karma öz sözünü deyəcək. Mənim isə acizanə bir arzum var – yuxarılardan kiminsə “bizim səhvlərimizin nəticəsidir, altını çəkirik” etirafını dilə gətirdiyini görmək. Bu cəsarəti özlərində tapmasalar, heç nə dəyişən deyil.