Yol daşı…
... Yaxud yorğun yolçunun bitməz səfəri
Uzun, heç vaxt bitməyəcək qədər nəhayətsiz hesab etdiyi yolla getməyə başlamışdı və hələ yolun əvvəlində idi.
Yol dümdüz uzanırdı, rahat idi, nə sağa burulurdu, nə sola, ona görə də yolçu arxayın idi, sorğu-sualı yoxdu.
Gendən ata-anası baxırdı, bu onu bir az da inamlı eləyirdi, asudələşdirirdi.
Elə sanırdı ki, vaxt ləng hərəkət eləyir, yerişini sürətləndirirdi, dabanqırma gedirdi.
Sonra qəfilcə atası gözdən itdi.
İndi ona gendən gülümsəyən, əl eləyən tək anası idi və anası da elə kişiyə bərabər, təpərli qadın olduğundan ona aralıdan da olsa güc verə bilirdi.
Əvvəl qətiyyətlə, tərəddüdsüz, özünə güvənərək irəliləyirdi.
Və birdən gəlib yetişdi yol ayrıcına.
Yol haçalandı. Sağa da dönə bilərdi, sola da.
Qaldı tərəddüd içində ki, neyləsin.
Arxaya qanrılıb anası sarı baxdı.
Çox uzaqda idi. Lap qışqırsa belə səsi ona çatmazdı.
Bəs kimdən xəbər alsın, kiminlə məsləhətləşsin?
Bu ara gözü həmin yol ayrıcındakı cilalanmış kimi haphamar, sifayı bir daşa dəydi.
Yol qoşalaşandan, seçmək məcburiyyəti yaranandan sonra ürəyinə xofa bənzər xəfif bir hissiyyat da yol tapmışdı.
"Bəlkə götürüm, uzun yoldur, gərəyim olar? Ya götürüb özümü yük eləməyim, yolum uzundur?".
Yenə qeyri-ixtiyarı geri boylandı, anası səmtə baxdı.
Ətrafda söz soruşulası ins-cins yox idi.
Bu yolun uzunluğunda, tənhalığında, rastlaşdığı ilk müşküldən müşkül, cavabı tapılmaz sualın qarşısında içərisində nəsə dəyişən kimi oldu, hiss etdi ki, deyəsən uşaqlıq, yeniyetməlik bitir, gərək bundan sonra hər suala özü cavab tapa.
Gördüm yol ayrıcında… Bu nə sifayı daşdır?
Yəqin yol gedən deyib: “Daş yoldaşla adaşdır!”.
Dünyanın bir ucu toy, bir ucu da savaşdır,
İlahi, mən bu daşı götürüm, götürməyim?
Əli çatası kimsə yoxdu, ona görə Pərvərdigardan kömək umurdu.
O isə lap uzaqda idi…
İşin tərsliyindən getdiyi səmtdən üzü bu yana qayıdan da yox idi ki, heç olmazsa ondan otərəflərdəki nə var-nə yoxun sorağını ala.
Yol birtərəfliydi. Yalnız üzü o yana!
Daş isə gözəl idi, həddən ziyadə qəşəng idi, sanki çağırırdı, “Məni burda qoyma!” deyirdi.
Özümlə nə döyüşüm, özümlə nə vuruşum?
Burda köhnə izlərin cığırı ot, yeri şum.
Daha bu yoldan geri dönən yox ki, soruşum,
İlahi, mən bu daşı götürüm, götürməyim?
Cavab axtarırdı. Yadına anasının söylədiyi bayatı düşdü:
Əzizim harayından,
El yatmaz harayından.
Gündə bir kərpic düşür,
Ömrümün sarayından.
Fikirləşdi ki, bəlkə haçansa elə mənim də ömrümün anam deyən həmin sarayından kərpiclər qopub düşdü, yeri boş qaldı? Bəlkə indidən bu göyçək daşı bərayi-ehtiyat götürüm ki, həmin düşən kərpicin yerinə qoyum, boşluq qalmasın?
Ömrümün sarayından gündə bir kərpic düşər,
Min belə kərpic düşə, torpağa nə güc düşər?
Ömrün karxanasında bəlkə bir az gec bişər,
İlahi, mən bu daşı götürüm, götürməyim?
Götürmədi, getdi…
Və çox keçmədi yol yenə dönüşə dirəndi.
Bayaqdan iki yol ayrıcı idi, indi oldu dörd yol ayrıcı.
Buralar nəsə ona dogma gəldi. Dördbir yanı elə İsmayıllıda, Buynuzda olan sayaq qoz ağacları ilə dolu idi.
Yenə anasının tez-tez təkrarladığı sözləri xatirinə gəldi:
Baxtını qozda sına,
Oğulda, qızda sına.
Uşaq vaxtı bu düzgünü oxuyub qozları qırardılar, içərisi təmiz, ağappaq çıxanda sevinərdilər ki, bəxtimiz də ağ olacaq.
Bayaqkı daşı götürməməyinə vaysındı: “Götürmüş olsaydım, indi bu qozlardan sındırıb taleyimi yoxlayardım”.
Həndəvərdrə kimsə yox idi. Ancaq ona elə gəldi ki, səs eşitdi.
Üşənən kimi oldu.
Çünki bu səs dediyini pıçıltı ilıə deyirdi, amma nə deyirdisə nəfəs çatacaq qədər yaxındaymış kimi aydınca eşidilirdi: “Sən o sifayı daşa çox baxmışdın. Ona görə də peşimançılıq çəkmə. Elə həmin daşı götürmüş kimisən. O daş sənin ürəyindədir. Nə qədər varsan, nə qədər yol gedəcəksən, o daş da səninlə olacaq. Sənin ürəyindəki o daşdan sözlər süzülüb gələcək, onlar elə duru, elə saf olacaq ki, şe`rə çevriləcək. Ürəyindəki dərdləri sən o daşla sındıracaqsan, o daşı daşıdığınçün şair olacaqsan…”.
Yol uzanırdı və hələ bu uzun yolda onu rastlaşacağı, götürəni də, götürməyəni də peşiman qoyan çox ağlı-qaralı daşlar gözləyirdi.
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Bu yol gedən Azərbaycan şairi Musa Yaqubdur.
Və son görünmür, yolçu yenə yolundadır.
Dünyanın sıradan olan hər bəndəsi üçün bu yol gec-tez mütləq sona çatırsa da, dünyanın adi daşı ilə də adam balası kimi, insan dilində danışmağı bacarmış belə işıq daşıyıcılarından ötrü heç vaxt o yolun bitəcəyi yetişmir.
Yorğun yolçu bitməz səfərindədir...