«Artıq miflər uydurulur»
Sərdar Həmidov: «Melkonyanın meyitini sürücüm İlham tapmışdı, onun kimin gülləsindən öldüyünü demək mümkün deyil»
«Azərbaycan torpaqlarının işğalda qalması o qədər uzandı ki, artıq birinci Qarabağ savaşında baş verənləri çoxları təhrif etməyə, miflər uydurmağa başlayıblar. Torpaqlarımızın qorunması uğrunda düşmənə bircə güllə atan oğlanlara da halal olsun. Ancaq uydurmalar bizə yaraşmaz. Əvvəla, biz müharibə etsək də, gərək qəhrəmanlıqdan hələlik danışmayaq, çünki ortada nəticə yoxdur, torpaqlarımız düşmən işğalındadır. Bir neçə ildir erməni terrorçusu Monte Melkonyanın öldürülməsi məsələsi ilə bağlı az qala dava gedir. İbad Hüseynov deyir ki, onu mən öldürüb başını kəsmişəm, bunun ətrafında da bir şou düzəldilir. Ancaq məsələ belə deyil...»
Bunu «Yeni Müsavat»a açıqlamasında Tərtər Özünümüdafiə Batalyonunun komandiri olmuş Sərdar Həmidov dedi: «Melkonyan məsələsinə dair hərə bir söz danışır, amma kimsə həqiqəti demir; ya onlar həqiqəti bilmirlər, ya da qəsdən demirlər. Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm. Xocalı faciəsindən sonra Melkonyan söhbəti cəbhə xəttində çox qabarmışdı. Ona görə ki, harada azərbaycanlıların işgəncə ilə qətlə yetirilməsi, meyitlərin tanınmaz hala salınması faktı aşkarlanırdısa, orada Melkonyanın izi olurdu. Manyaklıq işlərinin əksərinin Melkonyanın rəhbərliyi ilə həyata keçirildiyinə dair kəşfiyyat məlumatları var idi.
O, Xocalı faciəsindən sonra Laçının, Kəlbəcərin işğalında da görünmüşdü. Hansı nöqtədə ağır döyüşlər gedirdisə, Melkonyanın dəstəsini ora ezam edirdilər. Ağdam işğal olunan ərəfədə onun dəstəsini həmin bölgəyə göndərmişdilər. Ağdamın müdafiəsi zamanı Tərtər Özünü Müdafiə Batalyonu aktiv iştirak edib. Həmin döyüşlər zamanı öyrənmişdik ki, Ağdam Ruhi-Əsəb Xəstəxanasının yaxınlığındakı düzəngahda Melkonyanın rəhbərlik etdiyi dəstə yerləşdirilib. Onlar xüsusilə gecələr postlara basqınlar təşkil edərək, bizi döyüşçüləri vəhşiliklə qətlə yetirirdilər. Ağdam işğal olunan ərəfədə Suma-Güllücə, Şotlanlı, Nəmirli istiqamətlərindən ermənilər Tərtərə doğru irəliləyirdilər. Ermənilərin rabitə danışıqlarını dinləyən zaman bizə Melkonyanın bu ərazidə olduğu bəlli olmuşdu. Onun danışıqlarını dinləyəndə bunu hiss edirdisə, belə bir söz deyirdi: «Türk, mənəm, Fantamas, gəlirəm».
O, özünü Fantamas adlandırırdı. Ağdamın işğalından sonra Qafanlıda bizim ağır döyüşlərimiz oldu, erməniləri oradan qovub çıxardıq. Bu zaman Tərtərə yeni qüvvələr köməyə göndərildi. Həmin batalyonu Qafanlı və Qazyan kəndlərinə səfərbər etmişəm. Ağdamla Tərtər yaxınlında - Mərzili, Umudlu, Nəmirli və Şotlanlı arasında bərk döyüşlər getdi. Melkonyan həmin ərazidə gedən döyüşlər zamanı qətlə yetirilib. Həmin döyüşlər gedən günlərdə sürücüm olmuş İlham mənimlə rabitə əlaqəsi yaratdı və dedi ki, Mərzili yaxınlığında ağır döyüşlərdən sonra ərazidə iki erməni döyüşçüsünün meyiti qalıb, bir dənə də yaralı var. Dedim üçünü də gətirin Tərtər İcra Hakimiyyətinə. Özüm də durdum gəldim ora. Meyitlərə baxdım, biri saqqallı döyüşçü idi, o biri isə xarici ölkə vətəndaşına oxşayırdı. Bu hadisənin şahidlərindən biri də məşhur jurnalist Emin Eminbəylidir. O, meyitləri videoya çəkirdi. Mən bir ayağımı saqqallı meyitin boğazına, bir ayağımı da o biri meyitin boğazına qoydum, belə halda foto və videoçəkilişlər oldu.
Mən bunu Melkonyanın bizim döyüşçülərin meyitlərini təhqir etdiyi, onlara işgəncələr verib öldürdüyü üçün qisas məqsədilə etdim, bir növ şəhidlərimizin ruhunun rahatlığı üçün. Yəqin ki, Emin bəy həmin videonu saxlayar, çünki bu bir tarixdir. Elə həmin gün rus kanallarında, erməni televiziyalarında Melkonyanın öldürüldüyü haqda məlumat getmişdi. Sonra onun meyitini girovluqdakı insanlarla dəyişmişdik. Yaralı isə mənə rusca yalvarırdı ki, onu qaytarım, əvəzində nə qədər desən ermənilər pul verər. Bildim ki, bu kimdirsə, elə-belə adam deyil. Onu zirzəmiyə saldım, digər iki meyiti isə atdıq icra hakimiyyətinin qarşısına. Sonra əslən Ermənistandan olan Əli adlı döyüşçünü təcili yanıma çağırdım. O, həm də dəfn komissiyasının üzvü idi Tərtərdə. Əli erməni dilini bilirdi. Onu əsirə bənzətdik, üzünə qan sürtdük, qolunu sarıdıq, atdıq İlhamın gətirdiyi dığanı saxladığımız otağa.
Əli həmin erməni ilə iki gün bir yerdə qaldı, sonra çıxıb bizə dedi ki, bəs adam Ermənistan Milli Bankının oğludur, qaniçənin biri olub, Melkonyanın yanında gəzirmiş həmişə. Ona pul verirmiş azərbaycanlılara qarşı döyüşdüyü üçün. Həmin əsir Əliyə onu erməni bilib hər şeyi danışmışdı, öldürülənlərdən birinin Melkonyan, o birinin isə fransalı tələbə yoldaşı olduğunu deyib. Bundan sonra həmin yaralını maşına qoyub Bakıya yolladım, burada onu Prezident Aparatında qarşılayıblar, sonra da Müdafiə Nazirliyinə təhvil veriblər. Həmin vaxt başım döyüşlərə qarışdığından o dığanı neylədiklərini bilmədim. Tərtərdə döyüşlərdə iştirak edənlərin hamısı bunu təsdiqləyə bilər. İndi Melkonyanın kim tərəfindən öldürülməsi ilə bağlı bir dava düşüb. Melkonyanın meyitini məhz mən dediyim şəkildə sürücüm olmuş İlham döyüşlərdən sonra Ağdamla Tərtər arasında tapıb gətirib. Onun konkret kimin gülləsindən öldüyünü kimsə deyə bilməz, bu məsələ üzərində mübahisə qurmağın mənası da yoxdur».
S.Həmidov son günlər müzakirə olunan «Turan ordusu» ideyası haqda da danışdı. O bildirdi ki, Türkiyə tarixən Azərbaycanın dayağı olub: «Bu, bir ideya kimi yaxşı ideyadır. Birinci Qarabağ savaşında da Qarabağda, digər cəbhəyanı bölgələrdə türklər döyüşlərdə iştirak ediblər, şəhid olanları da var. Düşünürəm ki, nə zaman Azərbaycan darda olsa, türklər bizə dəstək olacaqlar. Rəsmi olaraq «Turan ordusu»nun yaradılması məsələsində isə son dərəcə ehtiyatlı olmaq lazımdır. Çünki Rusiya bundan qıcıqlana və bizə ciddi problemlər yarada bilərlər. Nəzərə almalıyıq ki, Ermənistan Rusiyanın boyunduruğudur, ikincisi Kreml ən müxtəlif bəhanələrlə, vasitələrlə ölkəmizin ərazisində separatçı dəstələr formalaşdıra bilər. Ona görə də Azərbaycan xarici siyasətində daim Rusiya amilini nəzərə almalıdır, onunla normal qonşuluq münasibətlərini davam etdirməlidir. Həmçinin, bu məsələ açıq şəkildə müzakirə olunmalıdır ki, Türkiyə hökuməti buna razıdırmı? Çünki Türkiyənin özünün də dövlət maraqları var və hazırda bu ölkənin kifayət qədər beynəlxalq və daxili problemləri yaranıb. Ona görə də bu ideya ətrafında maksimum ehtiyatla davranmaq lazımdır, uyğun olan nədir, onu etməliyik».