vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
18:30 | 13 aprel 2014 | Bazar Məqaləyə 4238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hitlerin «selfie» şəkli»

Uduzan döyüşçüyə «qəhrəman» demirlər

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Zaman çarxı ləngiyib və biz böyük bir rüsvayçılıqdan xilas olmuşuq. Daha dəqiq məlumat üçün belə deyim: Allah üzümüzə baxıb və yaxşı ki, «Facebook» adlanan şeytan əməli iyirmi-iyirmi bir il əvvəl olmayıb. Yoxsa indi «Facebook»un arxivi ucbatından bayırlığımız yox idi.

Təsəvvür edin, bu başlıqlarla «Facebook»da «selfie»lər paylaşılırdı:»Füzulidə filan adsız yüksəkliyi təhvil veririk.» Sosial şəbəkənin yarğısı, mühakiməsi, hər şeyi arxivləşdirməsi çox irəliləyib. «Selfie»ni paylaşandan yer, kiminlə birlikdə olması ilə bağlı məlumat tələb edilir. Döyüşçü də yazardı ki, «Ağdərə yaxınlığında, filan batalyon komandiri ilə birlikdə...» Beləliklə də, ANS-in xalqı şantaj vasitələrindən biri azalardı. Azından hər axşam məcburi köçkünlərə, keçmiş döyüşçülərə, o zaman hakimiyyətdə olanlara «Açarıq sandığı, tökərik pambığı» mesajı verməzdi. ANS-in «pambığı» isə heç vaxt ağ olmur. Əksinə, həmişə şəvə kimi, lap yeri gəlsə neft kimi qapqara olur. O sandıqda isə nə olduğunu iyirmi bir ildir ki, eşidirik, lakin görmürük.

Düzdür, mən müharibə görməmişəm, əsgəri xidmətdə də olmamışam. Müharibə dəhşətini yaşamış, sinəsinə saysız-hesabsız müharibə qurbanlarının son nəfəsini çəkmiş döyüşçülər deyir ki, müharibədə çəkiliş aparmaq, hələ Qarabağ müharibəsi kimi qaydasız meydan savaşına jurnalist buraxmaq qeyri-mümkün idi. Hazırda arxivlərdə olanlar qeyri-döyüş saatlarıdır. Jurnalist səngərə gəlirdi və komandirdən xahiş edirdi ki, əsgərlər havaya bir-iki güllə atsın, o da çəksin. Və özünə hörmət edən komandir də buna icazə vermirdi.

Çünki döyüşçü o vurhavurda heç bir müharibə hazırlığı olmayan jurnalisti hər an atıla biləcək düşmən gülləsindən qorumağa vaxt sərf edə bilməzdi. Belə çıxır ki, ANS-in o zaman topladığı «pambıq» özünə hörmət eləməyən, peşəkar olmayan komandirlərin hesabına başa gəlib. Gələk, «selfie»yə. «Selfie» müasir insanın tənhalığının, yazıqlığının şəkilli variantıdır. İnsan sevinir, xoşbəxtdir. Çox bəyəndiyi bir yerdədir. Lakin yeddi milyar əhalisi olan planetdə o qədər təkdir ki, öz fotosunu özü çəkmək məcburiyyətindədir. Və yaxud da qarlı gündə Əhmədliyə gedən marşrut avtobusdan düşüb özünü çəkir. «Selfie» xətrinə yazır ki: «Şahdağdayam, xizək tapa bilmirəm əsəbiyəm». Beləcə, biz azərbaycanlılar «Facebook»un dünyanı arxivləşdirmək istəyini gözündə qoymuş oluruq. Tarixi dəyişən, zamanlamanı barmağında oynadan uşaqlarıq! Azərbaycan tarixində ilk «selfie»nin müəllifi Qarabağ müharibəsi döyüşçüsü İbad Hüseynovdur. Əlində isə «Monte Melkonyanın başı». Monte Melkonyan o adam idi ki, döyüşçü kimi ASALA terror təşkilatında formalaşmışdı. Hətta onu ASALA-nı yaradanlardan biri olduğunu iddia edənlər də var.

PKK terror təşkilatının irimiqyaslı terror əməliyyatını planlamış və həyata keçirmişdi. Parisdəki Türkiyə səfirliyinə hücum edib qanlı hadisə törətmişdi. Fransa «Orli» hava limanını partlatmışdı. Fransa onu həbs etsə də, ASALA Parisdə 5 terror hadisəsi törətməklə Monte Melkonyanın deportasiyasına nail olmuşdu. Nəhayət terrorçu fəaliyyətini Qarabağ müharibəsi zamanı davam etdirmişdi. Arxiv sənədlərində Melkonyanın 1993-cü il iyunun 12-də Mərzili kəndi uğrunda gedən döyüşlərdə 708-ci briqadanın ikinci motoatıcı batalyonunun döyüşçüləri tərəfindən məhv edildiyi deyilir. Keçmiş döyüşçü, hazırda «Milli Qəhrəman» fəxri adı üçün müharibədə qəhrəmancasına vuruşan İbad Hüseynov isə bunun əksini iddia edir.

O, fotolarda əlində tutduğu erməni kəlləsinin Monte Melkonyana aid olduğunu deyir. Melkoyan düşməndir. Düşmənin ağı və ya qarası olmur. Professional terroristi, yaxud da, sıravi əsgəri olmur. Düşmən düşməndir. Sən məhv etməsən, o səni bitirəcək. Biz məğlub xalqıq. Etiraf etsək də, etməsək də nəticə etibarı ilə biz uduzan tərəfik. Uduzan döyüşçüyə isə «qəhrəman» demirlər. Hərb tarixi məğlub xalqın qəhrəmanını tanımır. Yalnız qaliblər mühakimə olunmur. İbad Hüseynov məğlub xalqın məğlub əsgəridir. Əlində olanı itirmiş, lazımınca müdafiə edə bilməmiş əsgərdir. Adolf Hitler faşist idi.

Milyonların qanını tökmüşdü. Dünyaya insan qanını mürəkkəb qurulayan vərəq kimi hopdurmuşdu. Ancaq o, hərbçi kimi, komandan kimi yalnız hörmətə layiq idi. Sovet ordusu Berlinə girəndə, fiaskoya uğradığını anladığı andaca intihar etdi. Ovucunda sıxıb robota döndərdiyi alman xalqı ilə üzbəüz gəlmədi. İntihar etdi, qəhrəmanlıq tələb etmədi. Sadə məntiq vardı, o, məğlub idi. Bizim döyüşçümüz, əlilimiz isə ev, dükan uğrunda gedən müharibələrdə qəhrəmancasına şəhid olur. Bu da ona az gəlir, fəxri ad istəyir. Evimin ən çox gözəbatan guşəsində Azərbaycan xəritəsini divara vurmuşam. Beş yaşlı Arda hər gün barmağını xəritənin üstündə gəzdirir. Hələ ki, hərfləri yaxşı tanımır. Onun balaca barmaqları xəritənin üstündə gəzdikcə, aşağılara, bizdən uzaqlara hərəkət etdikcə, Qarabağa, işğal olunmuş ərazilərə uzandıqca mən utandığımdan gözlərimi qapayıram, görməzdən gəlirəm. Onun «bura haradır?» suallarına cavab verməmək üçün barmaqlarını yuxarıya - Bakıya doğru aparıram. O da, Xəzərə çatan kimi «Ana, suya düşdüm.» deyir. Mən də eyni cür hərəkət edirəm. 1992-1993-cü illərdəki analar kimi oğlumu Bakıya «sürüyürəm», suya salıram, reallığı gözüm görə-görə suda boğuram. Kaş ki, iyirmi min yox, qırx min şəhid vermiş olaydıq. Cəmi iyirmi min sağ kişinin yerinə bircə həqiqi qəhrəmanımız olaydı. İndi beş yaşı olan uşaqlar Azərbaycan xəritəsinin üzərində gəzişəndə suya düşməzdi.

P.S : Övladı Xocavənddə «selfie» çəkə bilməyən kişidən qəhrəman olmaz. («Ayna»qəzeti)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)