«... Tən olmasa gen gərək»
... və ya Azərbaycanda inqilab üçün ABŞ-dan daha 14 milyon dollar
Eynulla FƏTULLAYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
«Əgər həqiqət amerikalıların şəstinə toxunursa, bunu onlara demək olmaz». Səfir Riçard Morninqstar mənim Azərbaycan müxalifətçilərinə cəmi üç ABŞ fondu tərəfindən verilən 32 milyon dollar barədə virtualaz.org saytında dərc olunmuş araşdırma yazıma qəzəbli reaksiya bildirəndən sonra bu aksiomanı özlüyümdə bəlkə min dəfə təkrarlamışam. ABŞ səfiri mənim bu məqaləmə cavab olaraq nələri bəyan etdi?
Cənab Morninqstar aşağıdakıları dedi:
«Əvvəla, biz belə gülməli fikirləri əvvəllər də eşitmişik. Mən yalnız onu deyə
bilərəm ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlər müstəsna əhəmiyyətə
malikdir. Krımda baş verənlərin fonunda bu münasibətlərin əhəmiyyəti daha da
böyüyür. ABŞ və Azərbaycan münasibətləri indiki səviyyədə saxlamaq üçün
əllərindən gələn hər şeyi eləməlidirlər. Belə iddialarla çıxış edən adamlar iki
ölkə arasındakı münasibətləri korlamağa çalışırlar. Biz buna yol verməyəcəyik
və heç kim bu boş söhbətlərə inanmamalıdır».
ABŞ səfirinin bu çıxışı aparıcı
müxalifət nəşrlərinin, o cümlədən «Azadlıq» qəzetinin ön səhifələrinə
çıxarıldı. Çox təəssüf, ABŞ diplomatiyasının ağırçəkili fiqurlarından biri,
təcrübəli səfir, qırğı-energetik Morninqstar dalbadal səhvlər buraxır. O, hansı
ölkədə və hansı prezidentlə işlədiyini anlamır. Necə ki, ABŞ özü də Azərbaycanı
başa düşməkdə çətinlik çəkir... Belə olmasaydı, ABŞ-ın vitse-prezidenti Co
Bayden 2009-cu ildə Azərbaycanın adını inqilabların baş verəcəyi potensial
ölkələrin siyahısında çəkərdimi?! Çox amansız tarixi ibrət dərsi oldu. Belə
görünür ki, ABŞ hətta Krım hadisələrindən və Ukraynanın bir hissəsinin
ilhaqından sonra da heç nəyi unutmayıb və heç nəyi öyrənə bilməyib.
Səfir Morninqstar bizi inandırmağa
çalışır ki, ABŞ-la Azərbaycan strateji tərəfdaşdır. Tutaq ki, belədir. Amma
səfirdən soruşmaq lazımdır: bu tərəfdaşlıq münasibətlərinin strateji xarakteri
Azərbaycana nədə yardım edib? Vaşinqton bəlkə Qarabağ məsələsinin həllində bizə
hansısa şəkildə kömək edib? Morninqstarın ATƏT-in Minsk Qrupundakı həmkarı,
Azərbaycana zaman-zaman efemer «Filippin reseptləri» sırımağa çalışan, «erməni
diasporunun aydın səsi» olan professor Xaçikyana (bunu özü belə deyib) qəribə
şəkildə bəy tərifi vuran səfir Uorlikin yöndəmsiz bəyanatlarını nəzərə alanda
bizi məmnun edəcək nəticəyə gəlmək çox çətindir.
Əksinə, ABŞ Morninqstarın sözü ilə
desək, «öz strateji tərəfdaşı»nın qan verən yarasına izahedilməz laqeydliklə
yanaşmaqda davam edir. ABŞ özünün bu laqeydliyi ilə Putin Rusiyasının müttəfiqi
olan təcavüzkar Ermənistanla strateji tərəfdaşı olan suveren Azərbaycanın
hüquqlarını eyni tutur. Eyni zamanda ABŞ bunu da anlayır ki, Əliyevin əlində
saxlamağı bacardığı nailiyyət, yəni müstəqil Azərbaycan bu ölkəyə çox baha başa
gəlib. Vaşinqtonun məntiqinə görə isə «Roma hər şeyə dözəcək, Senat isə ölkənin
atasına təşəkkür etmək qərarı verəcək».
Strateji tərəfdaşlar bəyəm belə
davranmalıdır?
Strateji tərəfdaşın dövlətçiliyin kövrək
əsaslarını sarsıdan daha bir «atalıq qayğısına» baxaq. Bunu axı Vaşinqtonda çox
gözəl bilirlər ki, indiki status-kvonun, yəni sistemli sabitliyin və sosial
sakitliyin qarantı prezident İlham Əliyevin şəxsi hakimiyyətidir. Siyasi sistem
hətta azacıq da deformasiyaya uğrasa, bu, Azərbaycan üçün fəlakətli nəticələri
olan kataklizmlərə, sonuncular da faciəvi sonluqlara gətirib çıxarar.
Səfir Morninqsatr və onun təmsil etdiyi
Dövlət Departamenti bunu dərk edirlərmi? Yəqin ki, hə. Uzun-uzadı düşünməyə,
dərin analizlər aparmağa ehtiyac yoxdur. Kremlin «jirinovskilər»in və
«duqinlər»in timsalındakı planları, Azərbaycanı onların dilindən parçalanma
ilə, federallaşma ilə, yeni etnik-siyasi münaqişələrin yaradılması ilə
hədələməsi göz önündədir.
Vaşinqton vəziyyətin qızışdırılmasının
siyasi fəlakətlə, - ilk növbədə də Qərbin maraqları və buradakı ABŞ sərmayələrinin
toxunulmazlığı kontekstində, - nəticələnə biləcəyini təbii ki, başa düşməmiş
deyil. Buna baxmayaraq ABŞ Əliyev hakimiyyətinin rəqiblərini də öz Milli
Demokratiya İnstitutu (MDİ/NDİ) sayaq sistemli təsisatları vasitəsilə pulla,
platforma və «Molotov kokteyli» ilə silahlandırır. Səmimi dostlar və strateji
tərəfdaşlar da heç belə hərəkət edərmi?!
Tutalım, Vaşinqtonun tərəfdaşlıq
barədəki təsəvvürləri spesifik xarakter daşıyır və daha genişdir və ABŞ da
«qamçı siyasəti» olmadan heç cür keçinə bilmir. Yaxşı, bəs Dövlət Departamenti
öz strateji tərəfdaşları olan Səudiyyə Ərəbistanına, yaxud Qətərə münasibətdə
niyə belə yumşaq davranır, loyallıq göstərir? İnsan haqlarının və demokratik
azadlıqların pozulması barədəki gurultulu bəyanatlar harada qaldı? Dövlət
Departamenti öz hesabatlarında buradakı geosiyasi reallıqların mürəkkəbliyini
bildiyi halda niyə məhz Azərbaycanı öldürücü tənqidlərə məruz qoyur, amma digər
avtoritar, totalitar və teokratik müttəfiqlərinin başını sığallayıb əzizləyir?
Burada məntiq varmı? Hanı o məntiq?
Azərbaycan işğal olunmuş Ağdamdan rəsmi
Bakıya tərəf tuşlanmış Putin tanklarının lülələrinə, «Hizbullah»ın və İslam
İnqilabı Keşikçiləri Korpusunun intiharçı-döyüşçülərinin üzdə görünməyən, lakin
həddən artıq real olan hədələrinə, tarixi bağlarla və sosiomədəni eyniyyətlə
möhkəm bağlı olduğu yaxın qonşusu İranla münasibətlərin geridönməz şəkildə
pisləşməsi riskinə baxmayaraq Vaşinqtona qucaq açır. ABŞ-la birgə beynəlxalq
terrorçuluqla mübarizə üzrə bütün proqramlarda (Səddamdan Əsədə qədər!) iştirak
edir. Öz hava məkanını ABŞ hərbi təyyarələrinin üzünə açır. ABŞ hərbi
birləşmələrinin öz ərazisindən tranzit kimi istifadə etməyinə imkan verir. Amma
bütün bunlara cavab olaraq qulağının dibindən «Molotov kokteyli» və permanent
inqilablar hədə-qorxusu alır. Hanı məntiq? Böyük siyasətdə doğrudan da
şükranlıq olmurmuş...
Vaşinqton Krım hadisələrindən sonra da
heç nəyi öyrənə bilmədi! Gürcüstan, Ukrayna və Moldovadakı oxşar eksperimentlər
nə ilə nəticələndi? Dövlətçiliyin möhkəmlənməsi iləmi? Yox! Avropaya
inteqrasiya iləmi? Yenə də yox! NATO-ya üzv olmaqla və təhlükəsizliyə zəmanət
əldə edilməsi iləmi? Bu dəfə də yox! Bəlkə iqtisadi yüksəlişlə, sürətli
inkişafla, korrupsiya üzərindəki qələbə ilə, bir anın içindəcə İsveçə, yaxud
Avstriyaya çevrilməklə? Yenə də yox!
Rəngli inqilabların qalib gəldiyi
ölkələrin tarixi Robespyer dövründəki permanent fransız inqilabının tarixi
spiralına dolandı: despotizm azadlığa gedən yolu açır, azadlıq anarxiya
doğurur, despotizm qayıdıb xalqı anarxiyadan xilas edir...
Ukraynadakı bugünkü qanlı hadisələr bizi
bu bədbəxt ölkənin tarixinə yeni nəzərlərlə baxmağa məcbur edir. Suallar
yaranır. Bəlkə heç təcrübəli siyasətçi olan prezident Kuçmanı devirməyə
dəyməzmiş?! Ukrayna xalqının alnına yazılmış bu fəlakət və bədbəxtliklərin
qarşısını bəlkə Kuçma ala bilərdi?! Ukrayna bu olub-bitənlərdən nə qazandı?
Sonradan anarxiyaya çevrilən, anarxiya doğuran azadlıq, yoxsa ən azı yaxın
onilliklər üçün siyasi sabitliyin qaranlıq perspektivlərini?
Rəngli inqilabların qalib gəldiyi
ölkələrin xalqlarının bitib-tükənmək bilməyən iztirablarını (xalqların qanlı
letargiya yuxularını) ABŞ səfirinə niyə xatırladıram?! Ona görə xatırladıram
ki, əbəs, nəticəsiz, amma dayanmadan təkrarlanan və Azərbaycana ümummilli
fəlakət vəd edən inqilabi dəyişikliklər cəhdi göz önündədir.
Lakin bu zaman heç də belə hesab etmirəm
ki, demokratiya daha öldü. Məncə, demokratiya sadəcə olaraq dəyişib ayrı cür
oldu. Demokratiya bizim «idarəolunan Qərb demokratiyası» barədəki
təsəvvürlərimizlə birgə dəyişdi. İdarəolunan Qərb demokratiyası azadlığın
anarxiyaya çevrilməsinə, azadlıqdan anarxiya doğulmasına imkan vermir. Baxın,
Vaşinqtonda da heç kimə Ağ Evə «Molotov kokteyli» tolazlamaq icazəsi verilmir.
Barak Obama hətta korrupsiyada şübhəli bilinsə belə heç kimə onu zorla devirmək
icazəsi verməzlər. Bu ölkədə ikinci «Boston çay qonaqlığı»nın yaşanmasına imkan
verilməz. Artıq oturuşmuş dövlət idarəçiliyi sistemini təftiş etməyə yönələn
istənilən cəhdin qarşısı o dəqiqə amansızcasına alınır. Və bu, azadlıq naminə belə
edilir. Edilir ki, azadlıq anarxiyaya çevrilməsin.
Demokratiya bizdən ötrü artıq başqa cür
olub. Biz azadlıqla anarxiyanı fərqləndirməyi, onları bir-birindən seçib
ayırmağı öyrənmişik.
Cənab Morninqstar qoy bu suala cavab
versin: ABŞ açıq şəkildə inqilabi dəyişikliklərə və Vaşinqtonun strateji
tərəfdaşını - prezident İlham Əliyevi devirməyə çağıran qeyri-hökumət
təşkilatlarını və onların liderlərini maliyyələşdirməkdə niyə davam edir?
10 il ərzində üç ABŞ fondu vasitəsilə
İlham Əliyevin rəqiblərinin əvvəlcə əlinə, sonra cibinə düşən 32 milyon dollar
cənab Morninqstara boş şey kimi görünürsə, onda Azərbaycandakı vəziyyəti
gərginləşdirib qarışdırmaq üçün müxalifətə ayrılan pullarla bağlı suallarımızı
davam etdirməyə məcburuq. Cənab səfirin nəzərinə onu da çatdırırıq ki, bu
milyonlar artıq başqa fondlar tərəfindən ayrılıb.
Birinci sual. İREX 730 min manatı hansı
məqsədlə ayırmışdı?
Amerika təşkilatı - öz proqram
məqsədlərinə əsasən hər yerdə intellektual liderlik və innovasiya proqramları
vasitəsilə pozitiv inkişafı yayan Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası
(İREX) 2008-ci ildən 2013-cü ilə qədər 730 min manat məbləğində 29 qrant
ayırıb.
Bu təşkilatın Azərbaycandakı nümayəndəsi
Sara Hennesidir. Lakin nəyə görəsə təşkilatın nümayəndəliyi göstərilən müddətdə
iki razılaşma əsasında cəmi 40 min manatlıq qrant dəstəyi alıb. Subsidiyaların
qalan hissəsinin mənbəyi böyük sual doğurur.
Və 730 min manat hansı intellektual
liderliyə və innovasiya proqramlarına xərclənib?
Bütün bu pullar müxalifətə və müxalifətə
yaxın təşkilatlara axıb. Buyurun, cənab Morninqstar, həqiqətin üzərinə işıq
salın və cavab verin görək, bütün bu maliyyə axınları niyə müxalifət
strukturlarına gedib?
1) 2013-cü il seçkiləri ərəfəsində həmin Amerika strukturunun pulları hesabına www.azerbaijanelections.org saytı yaradılıb. Qısamüddətli layihənin həyata keçirilməsinə 10 min dollar ayrılıb. Seçkilərin başa çatmasından dərhal sonra sayt fəaliyyətini dayandırıb. Hazırda sayta giriş bağlıdır. Bununla belə seçkilər dövründə və seçkilərdən sonra sayt müxalif mövqedən çıxış edib, seçkilərin nəticələrini şübhə altına alıb. Qrant «Turan» informasiya agentliyinə ayrılıb.
2) İş təkcə saytla bitməyib. Hökumətə hücum edən daha bir resurs - sechkiportali.az yaradıblar. Birinci resursdan fərqli olaraq ikinci hələ də fəaliyyətdədir. Həmin saytın yaradılması üçün pulu Əli Kərimlinin tərəfdaşlarından birinə - «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəylinin «Demokratik Jurnalistika Məktəbi» layihəsi çərçivəsində ayırıblar. Antihökumət saytının yaradılmasına 25 min dollar verilib.
3) Hökumətin ən fəal tənqidçilərindən biri Emin Hüseynova ümumiyyətlə fantastik məbləğ buraxıblar. O, 275 min dollar məbləğində 5 qrant alıb.
4) Hökumətin digər tənqidçisi Rəşid Hacılı 128 min dollar alıb.
5) Müxalifətçi qardaşlar Anar və Əziz Orucova «Kanal 13» internet kanalının açılması üçün 46 min dollar veriblər. Yeri gəlmişkən, bu internet-TV-nin saytı hazırda bağlıdır.
Bəlkə cənab Morninqstar situasiyanı izah
edə bilər?
İkinci sual. Amerika Hüquqşünaslar
Assosiasiyası 206 min dolları hansı məqsədlə xərcləyib?
2003-2013-cü illərdə Amerika
Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi 4 razılaşma
əsasında 588 min dollar alıb. Bu pullardan müxtəlif təşkilatlara cəmi 519 min
dollar ayırıblar. İndi diqqət yetirin, müxalifətçilər bu puldan nə qədər
alıblar!
1) Müxalifət fəalları Vidadi Mirkamal, İntiqam Əliyev v Ənnağı Hacıbəyli 91 min dollar alıb.
2) Rəşid Hacılı - 90 min dollar.
3) Ölkənin baş buqələmunu Sabir Rüstəmxanlının qardaşı, seçki ərəfəsində hökumətin üzərinə hücuma keçən Əlövsət Əliyev - 10 min dollar.
4) Və nəhayət, 2008 və 2013-cü il seçkilərinin baş tənqidçisi olan «Demokratiyanın tədrisi» qeyri-hökumət təşkilatı - 15 min dollar.
Beləliklə, assosiasiya tərəfindən
ayrılmış qrantların böyük hissəsi də müxalifətçilərin maliyyə rezervlərinə
axıb.
Üçüncü sual: «Revenue Watch İnstitute»
952 min manatı necə bölüşdürüb?
Əvvəllər Soros Fondu ilə bağlı olan bu təşkilat bu yaxınlardan etibarən sırf müstəqil təşkilat kimi fəaliyyətə başlayıb. Baxmayaraq ki, birbaşa C.Sorosla bağlılığı bu gün də qalır.
Həmin təşkilatın Azərbaycanda
nümayəndəliyinin qeydiyyatından imtina edilsə də 2006-2013-cü illərdə o,
müxalifət yönümlü təşkilatlara 952 min manat ayırıb. İnstitut tərəfindən
maliyyələşdirilən 25 layihənin böyük hissəsini başda müsavatçı Qubad İbadoğlu,
cəbhəçi Məhəmməd Talıblı, cəbhəçi Rövşən Ağayev və digərləri olmaqla «Milli
Büdcə Qrupu» adlanan qrup alıb. Məlum olduğu kimi, bu qrupun fəaliyyətinin əsas
məqsədi İlham Əliyev hökumətinin iqtisadi siyasətinin sərt tənqid edilməsidir.
Bəs cənab səfir bu suala necə cavab
verəcək? Anlaşılmazlıqdır, yoxsa təsadüf? Yoxsa ABŞ üçün strateji əhəmiyyət
kəsb edən ölkədə vətəndaş cəmiyyətini inkişaf etdirmək və gücləndirmək
arzusundan irəli gəlirdi?
Hər halda sona qədər aydın deyil:
Azərbaycanla Vaşinqton arasında münasibətləri kim korlamaq istəyir - biz, yoxsa
Açıq Cəmiyyət İnstitutu - Soros Fondunun nümayəndəsi, ABŞ-ın Rutqersk
Universitetinin yetişdirməsi Qalib Əfəndiyev?
Yeri gəlmişkən qeyd edək ki, bu institut
da Azərbaycandakı «Revenue Watch İnstitute»nun əsas donorudur. Cənab
Morninqstar bu institutun internet-saytının məzmunu ilə tanış olsa yaxşı
olardı. Orada İlham Əliyev hökumətinin neft strategiyası kəskin tənqid olunur.
Cənab Morninqstar bu fikirlə razıdırmı
ki, «Azərbaycanın Dövlət Neft Fondunun illik hesabatında daxilolmaların mənbəyi
barədə məlumatlar təhrif olunub, idarəetmə strukturu kifayət qədər zəifdir və
enerji resurslarından əldə edilmiş gəlirlərin xərclənməsini nizamlayan
qanunvericilik mövcud deyil».
Cənab Morninqstar bu sərt tənqid və
institut tərəfindən müxalifətçilərə ayrılmış 952 min manatın taleyi barədə
bilməlidir!
Dördüncü sual: USAİD niyə müxalif
QHT-lərin maliyyələşdirilməsini artırıb?
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
(USAİD) ABŞ-ın digər ölkələrə hərbi xarakterli olmayan yardımlarına birbaşa cavabdeh
olan federal hökumət strukturudur. Agentliyin administratoru və onun müavini
ABŞ prezidenti tərəfindən Senatla razılaşdırılmaqla təyin edilir, fəaliyyətini
isə dövlət katibi koordinasiya edir.
Bu agentlik Azərbaycanın müstəqilliyini
əldə etməsindən bu yana ölkəmizə 300 milyon dollarlıq yardım edib. Və budur, 7
aprel 2009-cu ildə ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında inkişaf
proqramlarının birgə maliyyələşməsinə dair xüsusi memorandum imzalanır. Həmin
memoranduma əsasən agentlik ikitərəfli razılaşmada əksini tapan məsələlərin
həyata keçirilməsi üzrə icraçı təşkilat rolunu üzərinə götürür.
Ancaq bu agentliyin hökumət strukturu olmasına baxmayaraq xüsusən 2010-2013-cü illərdə təşkilat qrant siyasətində əsasən QHT-lərin maliyyələşdirilməsinə və fəaliyyətinin dəstəklənməsinə üstünlük verməyə başlayıb. Hər ehtimala qarşı həmin dövrdə ayrılmış qrantların analizi 2004-2009-cu illəri əhatə edən dövrlə müqayisədə Amerika agentliyinin siyasətində yeni prioritetin gücləndiyinə əminlik yaradır.
Təşkilat tərəfindən son illərdə
Azərbaycan QHT-lərinə 8 milyon 200 min dollar və daha 93 min manat vəsait
ayrılıb. Yəni əvvəllər üstünlük ticarətə, kənd təsərrüfatına, iqtisadi artıma
verilirdisə son illər USAİD siyasi layihələrin maliyyələşdirilməsinə diqqət
yönəltməyə başlayıb.
Cənab Morninqstar, görəsən nədən? İki
ölkə münasibətləri sistemində belə güclü dəyişən nədir ki, siyasi istiqamətə
üstünlük verilir? Maraqlı tendensiyadır, elə deyilmi?
Beşinci sual: 108 amerikalını
Azərbaycanın rayonlarında nə topladı?
Səfir Morninqstar Azərbaycan hökumətinin
Amerikanın «Sülh korpusu» proqramı ilə əməkdaşlığı uzatmaqdan imtina qərarından
çaş-baş qalıb. O, Azərbaycan KİV-lərinə açıqlamasında bu barədə danışıb.
2003-cü ildən başlayaraq həmin proqram
çərçivəsində Azərbaycanda 500-dən çox könüllü fəaliyyət göstərib. Həmin dövrdə
könüllülər əsasən kənd yerlərində işləyirdi və ingilis dilini tədris edir,
mədəni körpülər yaradırdı.
Son vaxtlara qədər 108 könüllü ölkədə
qalmaqda davam edir və yəqin ki, onlar da tezliklə ölkədən çıxarılacaqlar.
«Sülh korpusu» nədir? Bu suala
müxalifətçi QHT-lərə 32 milyonluq qrant tranşından bəhs edən ötən məqaləmizdə
qismən cavab vermişik. Ancaq hökumət amerikalı könüllülər tərəfindən pulsuz
ingilis dili tədrisini nəzərdə tutan bu proqramı dayandırmağa niyə qərar verdi?
Hərçənd etiraf etmək lazımdır ki, bu məsələdə günahın bir qismi də Xarici İşlər
Nazirliyinin üzərindədir. Və baxın niyə.
«Sülh korpusu»nun Azərbaycandakı
fəaliyyətinə dair çərçivə razılaşması iki ölkə hökumətləri arasında 9 oktyabr,
2003-cü ildə imzalanıb. Razılaşma Azərbaycanda 2004-cü il, yanvarın 13-də
təsdiqlənib. Daha sonra Gənclər və İdman Nazirliyi, İqtisadiyyat və Sənaye
Nazirliyi, həmçinin Təhsil Nazirliyi «Sülh korpusu» ilə müvafiq memorandum
imzalayıblar. Həmin sənədlərə əsasən nazirliklərin və «Sülh korpusu»nun
nümayəndələrindən ibarət xüsusi məşvərət komitəsi yaradılmalı, bu komitə birgə
layihələri planlaşdırmalı idi.
Komitənin əsas vəzifəsi layihələrə dair
təklifləri işləyib hazırlamaq, onların həyata keçirilməsini monitorinq etmək və
nəticələrini qiymətləndirməkdir.
Ancaq bizə məlum olmayan səbəblərdən bu
komitələr heç yaradılmayıb. Ona görə də aydın deyil ki, hansı norma və
qaydalara görə Azərbaycan amerikalı könüllüləri cəlb edib ölkənin müxtəlif
künc-bucağında yerləşdirirdi? Üstəlik hansı regionun onlara daha çox lazım
olduğunu da amerikalılar müəyyənləşdirirdi? Sən demə, ingilis dilinin tədrisi
üçün.
Çox qəribədir ki, 11 il ərzində
Azərbaycan XİN iki ölkə arasında əldə olunmuş razılaşmanın yerinə yetirilməsini
tələb etməyib.
Hərçənd ki, dünyanın müxtəlif
ölkələrində ABŞ-dan gələn könüllülərin azacıq fəallığına şübhə ilə yanaşırlar.
Belə əminlik var ki, gələn könüllülər ingilis dilinin tədrisi adı altında
əslində informasiya yığır və sonra onu müvafiq analitik mərkəzlərə ötürürlər.
Altıncı sual: NED 3 milyon 500 min
dolları hara xərcləyib?
«Soyuq müharibə» dövründə Reyqan
demokratiyasının əsas yetirmələrindən biri - NED fondu, əksər ekspertlərin
qənaətinə görə, Milli Demokratiya İnstitutu kimi ABŞ-ın kəşfiyyat xidmətləri
ilə harmonik əlaqədə olan təşkilat Azərbaycanda özünün Avrasiya və Rusiya üzrə
nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir.
Bu nümayəndəliyə təşkilatın proqram
direktoru Miriam Linskaya başçılıq edir. Vaşinqtondan Azərbaycan QHT-ləri ilə
bilavasitə Marta Berd işləyir.
10 il ərzində, yəni 2003-2013-cü illərdə
fond Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb.
Üstəlik bu subsidiyaların əsas hissəsi 2010-2013-cü illərdə ayrılıb - 2 milyon
300 min dollar. Fond əsasən müxalifət yönümlü QHT-lərə, KİV-lərə və
təsisatlara, o cümlədən inqilabçı gənclərin «Açıq Fikir Universiteti»inə,
«Turan» agentliyinə və müxalifətçi «Obyektiv TV» internet telekanalına, Anar
Məmmədlinin sədrlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə,
Rəsul Cəfərovun bütün fəaliyyətini ABŞ-ın regiondakı əsas tərəfdaşı olan
Azərbaycan hökumətini Avropa institutlarında gözdən salmağa həsr edən İnsan
Haqları Klubuna, Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzinə (Elnur Məmmədov)
və Leyla Yunusun Sülh və Demokratiya İnstitutuna, onlarla digər müxalifətçi
birliklərə pul ayırıb.
Doğrudanmı cənab Morninqstar bu barədə
bilmir ki, ötən ilin yazında NİDA gənclər təşkilatı və bilavasitə MDİ
təlimatçıları tərəfindən Fəvvarələr meydanındakı kütləvi iğtişaşlarda iştirak
edən etirazçı gənclərin böyük hissəsi məhz həmin Amerika fondunun maliyyəsi
hesabına maliyyələşən «Açıq Fikir Univrsiteti»nin divarları arasında təlim
keçmişdi?
Bundan sonra səfir universitetin
fəaliyyətinin bərpasını necə ardıcıl və israrla tələb edə bilirdi? Yəni səfirin
məntiqinə görə, hökumət inqilabi barrikadalarda iştirak etməyə hazırlaşan
potensial hücumçuların hazırlandığı universitetin fəaliyyətinə göz yummalı
idi?!
Doğrudanmı bundan sonra cənab
Morninqstar Azərbaycan hökuməti ilə strateji tərəfdaşlıq barədə dediklərinin
səmimiliyinə inanır? Bəyəm səfir 2010-2013-cü illərdə, prezident seçkiləri
ərəfəsində OL və NİDA tipli gənclər təşkilatlarına 10 qrant layihəsi üzrə
ayrılmış, tarixi çaxnaşmalar vəd edən 424 min manat barədə informasiyaya malik
deyildi? Bəyəm səfir NİDA inqilabçı-gənclərindən yandırıcı maye ilə birlikdə
ələ keçirilmiş 94 min manat barədə bilmir? Səfirin «Könüllülərin Beynəlxalq
Əməkdaşlığı» təşkilatı ilə SMDTM-in MDİ-nin Vaşinqton bürosu ilə üzə çıxarılmış
əlaqələrindən də xəbəri yoxdur? Onu da bilmir ki, MDİ Azərbaycan
qanunvericliyindən yan keçərək Anar Məmmədlinin mərkəzinə 267 min dollar
ayırıb?
Sual olunur: Amerika qanunvericiliyindən
yan keçərək kəşfiyyat xidmətləri ilə bağlı olan hansısa Rusiya və ya Avropa
təşkilatından 267 min dollar alan Amerika QHT-sini hansı aqibət gözləyərdi?
Doğrudanmı səfirə və xüsusən də MDİ-yə məlum deyildi ki, Ədliyyə Nazirliyi Anar
Məmmədlinin QHT-sinin qeydiyyatından imtina edib?! Bu qərarla razılaşmaq, yaxud
onu pisləmək olar, ancaq strateji tərəfdaş hesab etdiyin ölkənin qanunlarına
necə bu cür tüpürmək olar?
Hörmətli Morninqstar, nəsə ziddiyyət
alınır, yumşaq desək, sizin sözlərinizlə əməliniz arasında ziddiyyət var. Yoxsa
diplomata belə şifahi göstəriş verilib ki, öz əsl niyyətini gizlətsin?!
Cənab Morninqstar da ABŞ hökuməti kimi
etiraz edə bilər ki, baxın, Amerika fondları Azərbaycanda inqilab cəhdlərini
dəstəkləməkdə tək deyil. Deyərlər ki, məsələn, həmin alman fondu Fridrix Nauman
(Azərbaycanda inqilab etmək üçün milyonlarından keçən onlarla digər Avropa
fondları kimi) keçmiş MTN-çi, müxalifətin sıralarına keçən Ərəstun Oruclunun
sayəsində uzun müddət müxalifət partiyalarının maliyyələşməsində tükənməz mənbə
olub.
Ancaq mövcud həqiqəti inkar etmək səfir
üçün çətindir - strateji tərəfdaşlar belə hərəkət etmirlər. Hətta bir neçə
səbət və içərisindəki yumurtalar haqda məşhur konsepsiya nəzərə alınsa da...
Dostlar və tərəfdaşlar belə hərəkət etmirlər... Bəlkə ABŞ-da dostluq anlayışını dostun öz uşaqlarını dostluq naminə qurban verməyi öz dostundan heç vaxt xahiş etmədiyini düşünən böyük Monten kimi qavramırlar?! Və əgər söhbət inqilabdan - təkcə dostlarını deyil, öz balalarını da yeyən inqilabdan gedirsə, ümumiyyətlə, dostluğun bura nə dəxli var?! (virtualaz.org)