vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ANALİZ  
19:33 | 19 may 2014 | Bazar ertəsi Məqaləyə 2502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfirin səfil «məsləhət»ləri

Və yaxud, Morninqstar hansı dərsləri pis bilir...

Zaur RƏSULZADƏ, azvision.az

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qeyri-adi bəyanatları ilə bütün Azərbaycan cəmiyyətini təəccübləndirdi. «Azadlıq» radiosuna müsahibəsində o, Amerika-Azərbaycan münasibətləri, regiondakı vəziyyət, Azərbaycan daxilində siyasi vəziyyət və Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri ilə bağlı bir neçə tezislə çıxış edib.

Morninqstar əvvəllər öz mövqeyini belə izah edirdi: «Mən bilirəm ki, əksəriyyət mənimlə razılaşmaya bilər. Lakin mən, özümün inandığım kimi öz siyasətimiz haqqında danışa bilərəm. Azərbaycanın həqiqi dostları kimi biz əlaqələrimizi möhkəmləndirmək istəyirik».

Amma bu bəyanatına baxmayaraq, o, Azərbaycanı «Maydan»ın təkrarlanması ilə hədələməkdən belə çəkinməyib. «Əgər hökumət vətəndaş cəmiyyətinə qarşı daha sərt siyasət aparmağa başlasa, «Maydan»dakı hadisələr Bakıda da təkrarlana bilər. İndi də olmasa, 5-10 il sonra. Əgər vətəndaş cəmiyyətinin imkanları daha da məhdudlaşdırılarsa, onda bu hadisələrin təkrarlanma riski də artar», - deyə Morninqstar bildirib.

Səfir həmçinin deyib ki, hökumət tərkibinə görə, monolit və oxşar deyil və orada Azərbaycan-Amerika əlaqələrini pozmaq istəyən, Qərb təşkilatlarının fəaliyyətinə problemlər yaradan qüvvələr var. Səfir eyni zamanda hökumətdə xeyrli sayda «Qərb tərəfdarları» qrupunun olduğunu da bildirib.

Rəsmi Bakının bu məsələyə cavabı da özünü çox gözlətmədi və Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan etdi ki, ABŞ səfiri Riçard Morninqstarın bəyanatları Azərbaycan üçün qəbuledilməzdir: «Bu, Vyana konvensiyasının tələblərinin pozulmasıdır. Müsahibənin tonu düz deyil. Səfir öz sözünü deyə bilər, amma bizə dərs keçə bilməz. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Biz ABŞ səfirinin müsahibəsində bu tonunu qəbul etmirik».

Səfirin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ilə bağlı söylədiyi fikirləri şərh edərkən N.Məmmədov bildirib: «Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Bunu dünya mediası da dəfələrlə bəyan edib. «Molotov kokteyli»nin istifadəsinə də ABŞ dəfələrlə dəstək verir. Bu, qəbuledilməzdir».

PA-nın şöbə müdiri ABŞ-ı Azərbaycanın daxili işlərinə qarışmamağa və Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxından kömək etməyə çağırıb: «İndiyədək ABŞ Dağlıq Qarabağ münaqişənin həllinə heç bir kömək göstərə bilməyib. Amma Qarabağda separatçılara 2 milyardlıq yardım edib. Biz bunu bilirik».

Səfirin korrupsiya ilə bağlı ittihamlarına toxunan N.Məmmədov deyib: «Heç bir dövlət ideal deyil. Eləcə də ABŞ. Azərbaycanda korrupsiyanın əsasını Rəsul Quliyev qoyub. Ancaq bu gün Rəsul Quliyev ABŞ-da yaşayır və himayə olunur».

Həqiqətən də 1953-cü ildən etibarən ABŞ ən azı 80 dəfə xarici ölkələrdə uğurlu və ya uğursuz çevrilişlər edib. Hər şey prezident Eyzenhauerin İran nümunəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) öz xalqının gələcəyini Qərbin iqtisadi və geosiyasi maraqlarına qurban verməkdən imtina edən qanuni hökuməti devirə bilməsini gördükdən sonra başladı. Amerika çevrilişlərinin əksəriyyəti amansız repressiyalar, insan oğurluqları, məhkəmə və istintaq işləri aparılmadan edamlara, işgəncələrə, korrupsiyaya, qorxunc yoxsulluğa və bərabərsizliyə, həmçinin, belə çevrilişlərdən zərərçəkən ölkələrin demokratik yoldan dönməsinə səbəb olub.

ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn plutokratiya və ultrakonservativ xarakterli qüvvələr də istisna deyil. ABŞ 1991-ci ildən, yəni ölkə müstəqillik əldə etdikdən bəri Ukraynadadır. Onlar qərbyönlü partiya və namizədləri irəli çəkirdilər və 2004-cü ildə bu, Ukraynada «Narıncı inqilabla» nəticələndi. Lakin Qərb hökuməti tərəfindən dəstəklənən Viktor Yuşşenko ilə Yuliya Timoşenko hökuməti həm özlərindən əvvəlki, həm də 2010-cu ildə prezident seçilən Viktor Yanukoviç hakimiyyəti kimi korrupsiyalaşmış və qeyri-populyar oldu. ABŞ ənənəvi üsul və metodlarından istifadə etdi və 2014-cü ildə bu, çevrilişlə nəticələndi. Demokratiyanın dəstəklənməsi üzrə Amerika Milli fondu (National Endowment for Democracy) müxalif namizədlər, partiya və siyasi hərəkatların hazırlanması üzrə MKİ-nin funksiyalarını öz üzərinə götürüb. İllik 100 milyon büdcəsi olan fond bu pulları bütün dünyada xərcləyir.

Fond Ukraynanın onun üçün ən ali prioritet olduğunu gizlətməyib. Çünki bu ölkədə 65 layihəni maliyyələşdirib. Bu, digər ölkələrdən daha çoxdur. Fondun neokonservativ prezidenti Karl Herşman 2013-cü ilin sentyabr ayında «Washington Post»da dərc olunan məqaləsində Ukraynada aparılan Amerika əməliyyatının növbəti mərhələyə daxil olduğu zaman bu ölkəni «əsas mükafat» adlandırıb. Müxalifət qüvvələrinin yaradılması və onların aktiv hərəkətlərə hazırlanması, həmçinin küçələrdə zorakılığın genişləndirilməsi fövqəladə vəziyyətin yaradılması və xalq tərəfindən seçilə hökumətin hakimiyyətdən kənarlaşdırılmasında bəhanə kimi istifadə olunacaq məqsədyönlü strategiyadır.

MKİ kuratorları çevriliş liderlərini hazırladıqları zaman Amerika rəhbərləri öz planlarını işə saldılar və küçələrdə zorakılıq başlandı. Qanun və qaydalar tamamilə məhv edildi, dövlət müəssisələri fəaliyyətini dayandırdı və hökuməti hakimiyyətdən kənarlaşdırmaq və onların yerinə çevriliş liderlərini qoymaq üçün yalnız lazımı anda həlledici zərbəni vurmaq qalırdı. İran küçələrində yüzlərlə insanın ölməsi ilə qarşılaşan Məhəmməd Müsəddiq qan tökülməsinin qarşısını almaq məqsədilə istefaya getdi. Çilidə general Pinoçet prezident sarayına aviazərbələr endirdi. 2004-cü ildə prezident Aristidanı hakimiyyətdən kənarlaşdırmaq və ölkəni işğal etmək məqsədilə ABŞ hərbçiləri Haitiyə göndərildi.

Ukraynada ABŞ çevrilişinin digər ölkələrdəki çevrilişlərdən əsas fərqi burada Ukrayna ordusunun minimum rol oyanmasıdır. 1953-cü ildən sonra amerikalılar tərəfindən həyata keçirilən çevrilişlərin əksəriyyətində seçilən rəhbərin hakimiyyətdən kənarlaşdırılması üçün son zərbəni vurmaq yüksəkrütbəli hərbi zabitlərdən istifadə olunub. Mükafat kimi onlara Amerika dəstəyindən istifadə edən yeni rejimlərdə prezident vəzifələri, diktator səlahiyyətləri və başqa yüksək postlar verilirdi.

Amerika ordusu hərbçilər arasında münasibət və əlaqələri inkişaf etdirir, gələcək çevrilişlərin liderlərinə təsir edir və onu hazırlayır. Prezident Obamanın Amerika xüsusi təyinatlı dəstəsinin fəaliyyətinin 134 ölkəyə yayması faktı bu prosesin nəinki azaldığını, əksinə, davam etdiyini və hətta gücləndiyini göstərir.

Azərbaycana gəldikdə isə, rəsmi Vaşinqton burada da bu ssenaridən istifadə etməyə cəhd edib, lakin hər dəfə onun planı iflasa uğrayıb. Ölkənin hazırkı prezidenti İlham Əliyev müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən əsası qoyulan kursu müvəffəqiyyətlə davam edir və xalq bu siyasətdən razıdır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sözlərini xatırlamaq yerinə düşər. O, bildirib ki, Azərbaycan bizim Ukraynada hazırda gördüyümüz qeyri-sabit mərhələdən artıq 1990-cı illərin əvvəlində keçib. Dünyanın heç bir ölkəsi Azərbaycan xalqını xaos və inqilablar zamanına geri qaytara bilməz. Çünki bizim xalqımız o dövrün dəhşətlərini görüb və indiki sabitliyi və inkişafı dəyərləndirir.