vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TƏDBİR  
18:04 | 11 iyul 2013 | Cümə axşamı Məqaləyə 1809 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşvərət Məclisi dağıldı

7 partiya yeni birlik yaratdıqlarını rəsmən açıqladı

İnformasiya şöbəsi

Demokratik Qüvvələrin Məşvərət Məclisindəki 12 partiyadan yeddisinin çıxaraq Demokratik Qüvvələr Birliyi adlı yeni qurum yaratdıqları və müttəfiqləri olan 5 partiyanı (Azadlıq Partiyası, ADP, Aydınlar Partiyası, ALDP, Azad Azərbaycan Partiyası) kənarda qoyduqları barədə “Yeni Müsavat”ın dünən yaydığı xəbər rəsmi təsdiqini tapıb.

İyulun 11-də AMİP mətbuat xidmətinin ictimaiyyətə yaydığı press-relizdə bildirilib ki, AMİP, ACP, Böyük Azərbaycan Partiyası, İslam Demokrat Partiyası, KXCP, Liberal Partiya, Xalq Azadlıq Partiyası yeni Demokratik Qüvvələr Birliyinin (DQB) yaranmasını elan edərək onun əsasnaməsini qəbul ediblər. Məlumatda deyilir ki, DQB-yə daxil olan partiyalar bu birliyin yaradılması ilə öncədən olan kövrək əməkdaşlıqdan yeni mərhələyə-daha dərin inteqrasiyaya qədəm qoymasını bəyan edir. Həmçinin birlik Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına və ölkədə mövcud olan avtoritar rejimdən demokratik siyasi sistemə seçki yolu ilə dinc keçidə nail olmaq uğrunda mübarizə aparan, siyasi partiyaları birləşdirən qurumdur: “Birlik Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir, demokratik mübarizə üsullarından istifadə edir. Birliyin fəaliyyətinin əsas istiqamətləri birliyin məqsədlərinə uyğun üzvlərin birgə fəaliyyətini təmin etmək, qarşıya qoyulan əsas məqsədə nail olmaq üçün, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, siyasi fəaliyyət, ifadə azadlığı və sərbəst toplaşmaq azadlıqlarının real təmin olunmasına yönəlik təkliflər, layihələr hazırlayıb ictimai müzakirəyə çıxarmaq, onları aid olduğu dövlət orqanlarına təqdim etməkdir”.
Birliyə daxil olan partiyalar indidən bəyan edir ki, birlik hər hansı digər birliyə və ya siyasi guruma qarşı deyil, əksinə, öz əsasnaməsi ilə müəyyən edilmiş məqsəd və fəaliyyət istiqamətləri çərçivəsində digər ictimai və siyasi qüvvələrlə əməkdaşlıq edəcək.
AMİP sədri Yusif Bağırzadə bildirib ki, yeni birliyin yaradılması ilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) fəaliyyətinə xitam verilib: “Biz Demokratik Qüvvələrin Məşvərət Məclisini təsis edəndə də demişdik ki, bu qurum bir məşvərətçi orqandır. Əgər bu quruma daxil olan partiyaların əməkdaşlığı inteqrasiya şəklində olsa, daha da dərinləşsə, əməkdaşlıqdan böyük bir ittifaqa tərəfdaşlığa çevrilə bilər. Məşvərət Məclisindən fərqli olaraq, burada qəbul olunan qərarlar icbari xarakter daşıyır, qərarlar isə konsensus yolu ilə qəbul olunur. Bu birlik ancaq siyasi partiyaların birliyidir”.
Yeni birliyə daxil olmayan Azadlıq Partiyasının sədri Əhməd Oruc isə Məşvərət Məclisinin taleyi ilə bağlı qərar vermək səlahiyyətinin ancaq həmin 7 partiyaya aid olmadığını bildirdi: “Onlar Məşvərət Məclisindən ayrılıblarsa, bu heç də Məşvərət Məclisinin də fəaliyyətinə son verilməsi demək deyil. Çünki Məşvərət Məclisində 5 partiya qalıb. Həmin beş partiyanın rəhbərliyi toplaşıb məsələni müzakirə edəcək və bir qərara gəlinəcək. Yalnız bundan sonra Məşvərət Məclisinin saxlanıb-saxlanmaması barədə konkret fikir söyləmək mümkün olacaq”.
Maraqlıdır ki, AMİP-in yaydığı məlumatda adıçəkilən KXCP-nin sədri Mimahmud Mirəlioğlu hafta.az-a açıqlamasında yeni birliyin yaranması barədə məlumatının olmadığını deyib.
AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov isə deyib ki, Məşvərət Məclisinin bundan sonrakı fəaliyyəti ilə bağlı müxtəlif fikirlər var. O, hələ ki Məşvərət Məclisinin öz fəaliyyətini davam etdirdiyini söyləyib: “Çünki oradan heç bir partiya çıxdığını bəyan etməyib”.
Liberal Partiyasının sədri Əvəz Temirxan isə deyib ki, Məşvərət Məclisi məsləhət xarakteri daşıyırdı. Yeni birlikdə isə daha sıx əməkdaşlıq ediləcək.