vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ANALİZ  
23:55 | 8 avqust 2014 | Cümə Məqaləyə 1866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan gələcək səfirə «erməni təlimatı»

(Bataqlığa təkrar batmaq, yaxud Vaşinqtonun erməni siyasətində yeni epizodları barədə)

Fərhad MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ administrasiyası Azərbaycanın mövqeyini nəzərə almamaq hesabına, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dair səylərini dayandırmayıb.

Virtualaz.org saytı xəbər verir ki, Birləşmiş Ştatların Türkiyədəki səfiri postuna namizəd Con Bass (John R.Bass) bu həftə Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Ermənistanın Türkiyə ilə sərhədinin açılmasının onun səfir kimi əsas məqsədlərindən biri olacağını bəyan edib.

Həmçinin diplomat Türkiyənin 1915-ci ildə ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edib və birbaşa «soyqırımı» terminini işlətməsə də Osmanlı Türkiyəsinin «XX əsrin ən böyük qəddarlığını törətdiyini» bildirib.

Amerika Erməni Assambleyası səfir Con Bassın namizədliyinin təsdiqlənməsini məmnuniyyətlə bəyan edir. C.Bassın namizədliyinin təsdiqlənməsinə dair dinləmələr Senatın Xarici Əlaqələr Komitəsində stajlı ermənipərəst senator Robert Menendezin sədrliyi altında keçirilib.

Bu iclas zamanı Türkiyə hökumətinin soyqırımını inkar edən 99 illik kampaniyası haqqında suallar qaldırılmasa da bəzi mətbuat orqanları həmin iclasda C.Bassın «erməni soyqırımını» rədd etdiyinə dair yanlış məlumatlar yayıblar.

Əslində isə diplomat «soyqırımı» terminindən istifadə etməsə də Türkiyəni 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməyə dolayısı ilə çağıran ifadələr işlədib. O, açılış nitqində bir sıra türk jurnalistlərinin və ictimai təşkilatların Türkiyə hökumətinin «erməni soyqırımını» rədd etməsi ilə mübarizə aparmaq istiqamətində addımlar atdığını deyib.

Səfir postuna namizəd bildirib ki, bu istiqamətdə «daha çox iş» görülə bilər.

«Biz hər iki tərəfi 1915-ci ilin faciəvi hadisələrini əhatə edən faktları tam, səmimi və ədalətli etiraf etməyə çağırırıq» - deyə o bildirib.

İclasa sədrlik edən R.Menendez diplomatı  sorğu-sual etməyə «erməni soyqırımı» və aprelin 24-ü İstanbulda keçirilmiş anım mərasiminə dair suallarla başlayıb.

R.Menendez soruşub: «Sizin üçün və işçiləriniz üçün soyqırımın 100-cü il dönümünə həsr olunmuş anım mərasimində iştirak etmək prioritet olacaqmı? Siz şəxsən 1915-23-cü illərdə baş vermiş və təxminən 2 000 000 erməninin deportasiyası və 1 500 000-ə qədər kişi, qadın və uşağın ölməsi  ilə nəticələnən hadisələri necə xarakterizə edərdiniz?»

C.Bass isə cavabında deyib ki, ABŞ hökuməti Osmanlı imperiyasının son günlərində «1,5 milyon erməninin qətlə yetirilməsini və ya ölümə göndərilməsini» tarixi fakt kimi qəbul edir və buna kədərlənir.

«Təsdiq edilərəmsə, belə anım tədbirlərində, xüsusilə XX əsrin ən dəhşətli qəddarlığının 100-cü ildönümündə iştirak etmək mənim üçün prioritet olacaq» - deyə C.Bass bildirib.

Senator R.Menendez həmçinin namizədin diqqətini Türkiyə hökumətinin dini azlıqlarla bağlı ayrı-seçkilik siyasətinə yönəldib.

«100 ildən də az müddət əvvəl Türkiyədə canlı və böyük xristian əhalisi mövcud idi. Soyqırım və təqib nəticəsində bu əhali yox edilib və hazırda əhalinin 2 faizindən az hissəsini təşkil edir» - deyə senator Türkiyəni ittiham edib.

R.Menendez soruşub: «Xristianlara və digər dini azlıqlara qarşı dini təqib məsələlərini Türkiyə orqanlarına necə ünvanlamağı düşünürsünüz?»

Con Bass isə cavabında Türkiyədə dini azlıqların davamlı təzyiqlər altında olduğunu deyb: «Təsdiq edilərəmsə, mən Türkiyə hökumətini dini azlıqlara mülkiyyətlərinin qaytarılması və dini azadlığı təşviq etmək üçün əlavə addımlar atmağa, məsələn, daha çox dini icmanın mülkiyyətə sahib olması, öz ibadət yerlərini qeydiyyatdan keçirməsi və ruhanilərə təlim keçirilməsinə çağıracağam».

Digər ermənipərəst senator Barbara Bokser isə diplomata Ermənistan-Türkiyə barışıq səyləri haqqında sual verib.

«Türkiyə hökumətinin erməni soyqırımın açıq şəkildə qəbul etməməsi Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərinə necə mane olur?» - deyə B.Bokser soruşub.

Səfir postuna namizəd C.Bassın cavabı isə birmənalı olub: «Tam barışığa nail olmaq üçün Türkiyə öz keçmişi ilə barışmalıdır».

C.Bass əlavə edib ki, münasibətlərin normallaşdırılmasını və nəticə etibarilə sərhədin açılmasını dəstəkləmək üçün administrasiya «faktların tam, səmimi və ədalətli etirafını dəstəkləməkdə» davam edəcək.

Senator B.Bokser Türkiyənin Ermənistanı 20 ildir «birbaşa quru blokadasında saxlaması» məsələsini də qaldırıb. O soruşub: «Bu qanunsuz blokadanın sona çatması üçün siz necə işləyəcəksiniz?»

C.Bass cavab verib: «Ermənistanın Türkiyə ilə sərhədini açmaqla Ermənistanın regional inteqrasiyasını asanlaşdırmaq ABŞ üçün prioritetdir. Təsdiq edilərəmsə, səfir kimi bu, mənim əsas məqsədlərimdən biri olacaq».

Həmçinin C.Bass senator Markeyin sorğusuna cavab olaraq 1913-1916-cı illərdə ABŞ-ın Osmanlı imperiyasındakı səfiri olmiş Henri Morqentaunun «ermənilərin kütləvi məhvinə dair hesabatlarından xəbərdar olduğunu» bildirib.

«ABŞ hökuməti Osmanlı imperiyasının son günlərində 1,5 milyon erməninin qətlə yetirilməsini və ya ölümə göndərilməsini tarixi fakt kimi qəbul edir və buna kədərlənir. Təsdiq edilərəmsə, bütün əvvəlki vəzifələrimdə olduğu kimi mənim rolum prezidentin siyasətlərini sədaqətlə təmsil etmək olacaq» - deyə o bildirib.


***


Senatın Xarici Əlaqələr Komitəsində Con Bassın namizədliyinin təsdiqlənməsinə dair keçirilmiş dinləmələrin stenoqramı Amerikadakı erməni diasporunun və Konqresdəki erməni lobbisinin Vaşinqtonun xarici siyasəti üzərində təsir imkanlarını hələ də saxladığını bir daha təsdiqləyir.

Hansı ki, erməni lobbisinin təsiri ABŞ-ın Qafqaz və Türkiyə siyasətində hələ Barak Obamanın prezident seçilməsindən və administrasiyasını formalaşdırmasından az sonra açıq-aşkar hiss edilməyə başlamışdı.

Obama administrasiyası, ABŞ prezidentinin xarici siyasət komandası açıq-aşkar elan etmişdi ki, Vaşinqtonun Cənubi Qafqaz üzrə siyasətinin əsas prioritetini Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması təşkil edir. Hansı ki, bu siyasət Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanın etirazlarını nəzərə almamaq üzərində qurulmuşdu.

Vaşinqton Türkiyəni Ermənistanla sərhədlərini bağlamağa məcbur edən səbəbin aradan qaldırılmasını gözləmədən sərhədləri açmaq üçün israrla çalışırdı.

Ancaq nə baş verdi?

Doğrudur, ABŞ administrasiyasının Azərbaycanla münasibətləri ciddi şəkildə korlamaq hesabına başa gələn səyləri 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının imzalanmasına qədər gedib çıxa bildi. Lakin bu protokolların faktiki olaraq gərəksiz kağız parçasına çevrilməsi sübut etdi ki, Vaşinqtonun Azərbaycanın mövqeyini və maraqlarını nəzərə almadan yürütdüyü siyasət iflasa məhkumdur. Bu yanlış siyasət ABŞ-ın Cənubi Qafqaz regionunda mövqelərini sürətlə əldən verməsinin əsas səbəblərindən biri olaraq qalır.

Gözləmək olardı ki, ABŞ administrasiyasının xarici siyasət planlaşdırıcıları bir dəfə batdıqları bataqlığa yenidən batmamaq üçün bu səhvləri düzəldərək Türkiyəyə «soyqırım» təzyiqlərini dayandırıb Qafqazda əsas səyləri Ermənistan-Türkiyə sərhədlərinin açılmasına yox, əvvəlcə sərhədlərin bağlanmasına səbəb olmuş erməni işğalının aradan qaldırılmasına yönəldəcək.

Ancaq belə deyil və Vaşinqton siyasətçiləri, rəsmiləri, diplomatları hər fürsətdə Türkiyəyə «soyqırımı» ittihamı yükləyib Ermənistanla sərhədlərini açması üçün təzyiqlər edirlər. Belə görünür ki, 1915-ci il hadisələrinin 100 illiyi ilə bağlı bu təzyiqlər artacaq...