«Nabat» festivala getdi
Azərbaycan filmi Venesiyada nümayiş olunacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
Avqustun 27-də İtaliyanın şimalında, Lido adasındakı «Kino sarayı»ında 71-ci Venesiya kinofestivalının açılış mərasimi baş tutub.
Buro247.az saytının məlumatına görə, «Berdmen» filminin premyerası ilə başlayan festivalın qırmızı xalısında ekran işinin ulduzları Edvard Norton, Emma Stoun, Emi Rayan, Maykl Kiton və rejissor Alexandro Qonsales İnyarritu ilə yanaşı, moda və incəsənət dünyasının tanınmış simaları görünüblər.
71-ci Venesiya kinofestivalı sentyabrın 6-dək davam edəcək. Bu il əsas baxış müsabiqəsində bütün dünyadan olan rejissorların 20 filmi var. Ekran əsərlərini britaniyalı aktyor Tim Rot, alman rejissor Filipp Qreninq, italiyalı aktrisa Karla Verdone və digərlərinin daxil olduğu 9 münsif qiymətləndirəcək. Münsiflər heyətinə fransalı bəstəkar Aleksandr Depla rəhbərlik edir. Qeyd edək ki, rejissor Elçin Musaoğlunun çəkdiyi, «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «Nabat» tammetrajlı bədii filmi də bu festivalda nümayiş olunacaq. Film festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan «Horizontlar» (Orizzonti) proqramında iştirak edəcək.