vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
12:38 | 28 noyabr 2014 | Cümə Məqaləyə 2632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstedad, yoxsa məsuliyyət?

Uşaq poeziyamızda çatışmayan nədir?

Nərgiz CABBARLI, «Aydın yol» qəzeti

Bədii ədəbiyyat, söz, mətn elmi yanaşma, elmi təhlil tələb edir. Amma hər şeydən öndə gələni bədii zövq və duyumdur - söz duyumu. Heç bir elmi qənaətə tən gəlməyən duyum təkcə tənqidçiyə, ədəbiyyat adamına, sıravi oxucuya yox, uşaqlara da məxsusdur. Bəlkə bu, onlarda hələ ilkin formadadır və inkişafı üçün təkan gözləyir. Hər halda bərbad mətnlərlə uşaq zövqünü korlamağı özümüzə rəva bilməməliyik.

Çağdaş uşaq şairi dedikdə İlyas Tapdıq və Zahid Xəlilin ilk yada düşdüyünü ötən yazıda qeyd eləmişdik. Məsələyə bir daha qayıdıb söyləyək ki, bu, nostalji hissi, yaxud tanınmış imzanın özünü dərhal xatırlatmasından ibarət bir istisna deyil. Onların yaradıcılığına yenidən qayıtdıqda, professionallıq bir yana, uşaq şeirinin sözlə izah olunmayan, tərifə sığmayan gözəllikləri ilə qarşılaşırıq.

Zahid Xəlilin 1979-cu ildə dərc olunmuş «Torağaylar oxuyur» kitabına nəzər salaq. Şeirləri təsadüfi seçimlə götürsək də, bir qənaət dəyişmir: bu şairin yaradıcılığında təbiətin, onun rəng və çalarlarının, ətraf mühit və orada baş verənlərin təsviri baxımından çox dəyərli xüsusiyyətlər var. Bu şeirlər təbiət hadisəsini uşaq yaddaşına elə həkk edə bilir ki, onun unudulması mümkünsüz olur. Uşaq bu şeirlərlə təbiəti duymağı öyrənir, təbiətlə baş-başa yaşamağa, bəlkə adi həyatda, adi gündə sezmədiyi, fərqinə vara bilmədiyi detalları, incəlikləri duymağa, görməyə alışır.

Bu da uşaq dünyasının rəngarəngliyi, təfəkkürünün və duyumunun zənginliyi üçün çox vacibdir. Diqqət edək: 

 

Bax, bu ağac gilasdı,

Yaz gəlib bu ağacın

Budağından gül asdı.

Sonra güllər büküldü,

Ləçəkləri töküldü,

Yaşıl-yaşıl düymələr

Böyüdü gilas oldu.

Sırğa-sırğa damcılar

Budaqlardan asıldı.

 

Şeiriyyət, obrazlılıq, forma-məzmun vəhdəti, uşaq dili ilə danışmaq bacarığı, rənglərin, prosesin birbaşa yox, təsvir vasitəsilə, az qala rəssam fırçası qədər canlı hərəkətlərlə çatdırılması mətnin uğurunu təmin edir. Sanki uşağın gözü önündəcə əvvəl «yaz gəlib budaqlardan gül asır», sonra o gül «bükülür, ləçəkləri tökülür» və «yaşıl düyməyə çevrilir», daha sonra isə «böyüyüb gilas olaraq» «sırğa-sırğa damcı»ya dönür.

Budaqdan gül asan yazın canlı insan kimi təqdimi mətnə daha əsaslı bir obrazın daxil olmasına şərait yaradır. Bu qədər gözəl təsvir metodundan istifadə hesabına uğurlu nəticə əldə edilibsə, mətndə nitq, məntiq və ya obraz qüsuru haqqında danışmaq hansı tənqidçinin ağlına gələr?

 

Bir şeh damlası

Dedi böcəyə:

- Gözmuncuğuyam

Gülə-çiçəyə.

Yaxud:

İlk baharın gəlişinə

Torağaylar nəğmə dedi.

Torağaylar bu torpağın

Quşa dönmüş nəğməsidi.

 

Bu bəndlərdə həm poetik tutum var, həm uşaq düşüncəsini zorlamayacaq bir sadəlik. Bu xüsusiyyətlərsə bir-birinə qətiyyən mane olmur. Halbuki əksər hallarda bir mətn daxilində hər iki nəticəni əldə etmək çətin başa gəlir və müasir uşaq şeirləri bu çətinliyi açıq-aydın nümayiş etdirir.

Zahid Xəlil yaradıcılığında əsas qəhrəman təbiətdir. Amma onun kitabında söz və məntiq oyunu vasitəsilə qurulan şeirlərə də tez-tez rast gəlinir. Bu cür şeirləri uşaqların maraqla oxuduğu məlumdur. Amma bu şeirlərdə başqa uşaq şairlərinin unutduğu cəhətlər var: oyunla öyrətmək. Şair uşaqla zarafat edərkən belə şeir yazdığını yaddan çıxarmamalıdır.

 

Dişi mırıqdı Fərruxun,

İşi fırıqdı Fərruxun.

Dedim: - Fərrux,

Çəkmə fikir,

Çıxacaqdı

Dişin bir-bir.

Çıxacaqdı iynə dişlər,

Balta dişlər,

Düymə dişlər.

Onda heç kəs

Deyə bilməz:

Dişi mırıqdı Fərruxun

İşi fırıqdı Fərruxun.

 

Qafiyə sistemi, şeir modeli, ritm öz yerində, «iynə dişlər», «balta dişlər», «düymə dişlər» ifadələri yetir ki, uşağın düşüncəsində çox fərqli assosiasiyalar əmələ gəlsin. Əyləndirsin, zarafatlaşsın, düşündürsün.

Oxşar fikirləri İlyas Tapdığın uşaq şeirləri haqqında da söyləyə bilərik. Bütün həyat-yaradıcılığını bu istiqamətdə fəaliyyətə sərf edən şairin son illərdə çap olunmuş kitabına da nəzər saldıqda təəssürat, qənaət dəyişməz qalır. Mətnlər yalnız axıcı ritmi, bitkin forması, sadə dili ilə yox, həm də məntiqi əsaslılığı, öyrətmək amacı ilə də diqqət çəkir. Məsələn, «Köşək» adlanan kitabından (Bakı, 2010) «Təpələr» şeirinə baxaq:

 

Nənənin evində gəbə var,

Gəbənin üstündə dəvə var,

Dəvənin belində təpə var,

Təpənin üstündə nəvə var.

Dəvənin yunundan

Toxunur gəbələr,

Gəbələr üstündən

Boylanır dəvələr.

Dəvələr belində

Dayanıb təpələr,

Təpələr üstündə

Oynaşır nəvələr.

 

«Gəbə», «dəvə», «nəvə» - bəlkə də uşaq şeirlərində dəfələrlə müraciət olunan obrazlardır. Amma istər intonasiya oyunu, yanıltmac texnikası, istərsə yaradılan obrazlara xüsusi zəhmət çəkmədən, xüsusi enerji sərf etmədən yüklənən milli kolorit, istərsə də oynaq ritm mətni oxunaqlı edir. Ona həm məzmun, həm forma, həm də məntiq gözəlliyi qazandırır.

Amma məsələn, adı məqalələrdə tez-tez hallanan müəlliflərdən birinin «xalça-xurcun», «gəbə» ilə bağlı yaxın mövzu olmasa da, yaxın obrazlara müraciətlə yazılmış bir şeirində fərqli mənzərə ilə üzləşirik. Nə dərəcədə uğursuz bir cəhd olduğunu özünüz də görəcəksiniz. Bu, Rüzgar Əfəndiyevanın «Lalənin ləçəyi» (Bakı, 2001) kitabından götürülmüş mətndir.

Əlifbanın öyrədilməsi baxımından hərflərlə şeir yazılması ənənəsi var və bu, böyük zəhmət tələb edir. Amma «hərf öyrədəcəm» deyib mətnin poetik yükünə əhəmiyyət verməmək, onun məna qatını diqqətə almamaq düzgün deyil.

 

Xalasının xurcunun

Xoruz aldı çiyninə.

Xalası xurcununa

Görəsən qoyubdu nə?

Xurcunda xalça,

Xalçada xonça,

Xonçada dən var.

Xoruz dənlədi,

Dən azalmadı,

Xoruz ac qaldı.

 

Tutalım, «xoruzun xalası»nı və onun «xoruzun çiyninə xurcun salması»nı birtəhər göz qabağında canlandırmaq mümkün oldu. Amma «xurcunda xalça», «xalçada xonça» olması (burada xonça naxış şəklində nəzərdə tutulsa belə, uşaq təfəkkürü üçün qəliz kombinasiyadır), «xonçadakı dəni» yedikdən sonra «xoruzun ac qalması» hansı məntiqi əsasa söykənir?

Hətta dənin xalçada naxış kimi təsviri nəzərdə tutulubsa belə, yaranan ilk təəssürat bu deyil. Şeirdə yadda qalan və qane edən cəhət yalnız forma və ritmin uğurudur.

Yeri gəlmişkən, ötən yazıda Sevinc Nuruqızının «qarğa» və «qar» sözlərinin intonasiya yaxınlığından yararlanaraq onları qarşılaşdırmaqla yazdığı şeiri misal çəkmişdik. Eyni məzmuna, eyni prosesə İlyas Tapdığın da şeirində rast gəlinir:

 

Qarğa, a qarğa,

Uçurdun bağa,

Yola  qonurdun,

Kola qonurdun,

«Qarr-qarr» deyirdin,

Qar istəyirdin.

Dağa bax, dağa,

Bürünüb ağa,

Yollar da ağdır,

Kollar da ağdır.

Qar istəyirdin,

Deyirdin:

«Qarr! Qarrr!»

Bu da sənə qar.

Elə yenə də

«Qar-qar» deyirsən

İndi de görək

Nə istəyirsən?

 

Əslində, məzmun etibarilə yaxın şeirlərdir. Qarşılaşdırma da eyndir. Amma əsas olan tapıntıların oxşar olması deyil; əsas olan müəlliflərin hər birinin mətni öz bildiyi, bacardığı kimi, öz poetik ruhunun ifadəsi ilə süsləyərək təqdim etməsidir.

Amma Rüzgar Əfəndiyeva ilə bağlı bunu söyləməyə çətinlik çəkirik. Əlbəttə, adı çəkilən kitabda, məsələn, «A» hərfi ilə bağlı yazılmış mətn qəbul edilə bilər. Hətta qafiyələnmədə müəyyən nöqsanlar olsa da, yenə də normal təsir bağışlayır:

 

A hərfi sanki

Düşübdür aydan.

Ana sözü də

Başlayır A-dan.

Andımız Allah,

Andımız Ana.

Qurban olum mən

Azərbaycana!

 

Müəllifin «C» hərfi barədə yazdığı şeir isə elə uğursuzluğa düçar olub ki, sözlə ifadə etmək belə çətindir. Sanki müəllif «C» hərfi olan sözlərə uyduğundan nə demək istədiyini, yazdığı mətnin hansı məna daşıdığını və ya ümumiyyətlə, məna daşımalı olduğunu yaddan çıxarıb.

 

Cüyür, ceyran qışqırdılar:

- Canavar var, canavar!

Cibi yoxdu canavarın,

Canı yoxdu canavarın,

Camı yoxdu canavarın.

Camdakı cücədi,

Cibdəki cecədi,

Qaçın gizlənin,

Canavar cəlddi.

Güclüdü onun

cürəti, cəhdi.

 

Bizcə, cır-cır cırıldayan bu söz yığınına əlavə cümlə həsr eləməyə dəyməz.

Maraqlıdır, əvvəlki illərdə, xüsusən sovet dövründə dərc olunmuş uşaq şeirlərində bu qədər məntiq qüsurlarına rast gəlinmir. Görünür, mətnlərə nəzarət, onların süzgəcdən keçirilməsi, redaktor qələmi az əhəmiyyətli faktorlar deyilmiş. Amma fikrimizcə, bundan da əhəmiyyətlisi məsuliyyətdir. Müəllifin özünə, gördüyü işin böyüklüyünə, yazdığı mətnə, oxucusuna qarşı duyduğu məsuliyyət. Ona hətta istedaddan artıq ehtiyac varmış.

Mobil Quluzadənin «Qar ələyi» şeirinin yaratdığı mənzərənin gözəlliyi, təbiiliyi kiçik yaşlı oxucuya təsirsiz qala bilməz:

 

Qar yağır yavaş-yavaş,

Qar yağır narın-narın.

Üstünə örpək salır

Dərələrin, dağların.

 

Ələyini havada

Silkələyir buludlar.

Evlərin başı üstə

Un ələyir buludlar.

 

Bu gördüyün evlərin

Ağarıbdı həyəti.

Evlər yuyub ağacdan

Asıbdı ağ xələti.

 

Qar yapışıb budaqdan

Uşaq kimi sallanır.

Balacalar bu qarı

Şəkər bilib allanır.

 

Külək qarı bir yerə

Toplayıb dağ eyləyir.

Qar bu qara torpağın

Üzünü ağ eyləyir.



Təhlilə ehtiyac varmı? Mətn özü bir-birindən fərqli, rəngarəng obrazları, ifadələri, yaratdığı təsvirləri ilə danışır, göstərir, yadda qalır.

Sonda onu da qeyd etmək istəyirik ki, məqsədimiz hansısa şairin, şeir müəllifinin əməyini yerə vurmaq, kimisə göylərə qaldırmaq deyil. Çünki uşaqlar üçün yazmaq istəyinin özü belə böyük hörmətə layiqdir. Məqsədimiz «uşaqlar üçün necə yazmaq lazımdır?» sualı üzərində daha əsaslı düşünməyə, qüsurlara göz yummamağa, işin məsuliyyətini və ağırlığını bir daha xatırlatmağa çalışmaqdır. 

Biz buna cəhd göstərdik. Düşünmək isə şeir müəlliflərinə qalır...

P.S. Növbəti yazıda müəllif nağıllarından danışacağıq. Maraqlıdırsa, izləyin.