«Elmira xanım, tərif dolu bu hesabat nəyə lazımdır?!»
Deputatdan Ombudsmana sərt tənqid
«Bir qədər tənqidi fikirlərim var. İnsan haqları üzrə müvəkkilin hansı həddə qədər olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, ombudsmanın hesabatı şablon ifadələrdən ibarətdir və sanki sovet zamanındakı çıxışları xatırladır».
Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə münasibət bildirərkən deyib. O bildirib ki, icra başçılarından gələn şikayətləri araşdırmaq lazımdır.
«Elmira xanım, bu qədər konyukturaçı olmaq lazım deyil. Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?! Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Komitəsinin rəisi Mədət Quliyev dedi ki, 900-dən çox Azərbaycan vətəndaşı İraqda, Suriyada ekstremist təşkilatların tərkibində döyüşür. Bəs nədir onları Azərbaycandan uzaqlaşdıran? Hesabatda niyə bunlardan danışılmır?»
Zahid Oruc qeyd edib ki, hesabatda kredit borcları üzərində məhkəmə çəkişmələri haqqında məsələlərin olmaması xoş deyil.
«Nəyə görə axı bunlar qeyd olunmur? Bununla yanaşı, Azərbaycanın Baş Prokurorluğunda «MTN işi» ilə bağlı istintaq tədbirləri görülür. Amma bunlar hesabatda qeyd olunmayıb. Niyə bunları deməli deyilik?! Narkotik vasitələrin hansı mənbələrdən gəldiyi bəllidir».
Deputat Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun polislərin plan doldurması ilə bağlı dediklərinə də toxunub.
«Bu çox əsassız və yersiz mövqedir. Bu mövqenin real əsasları yoxdur. Ona görə ki, Azərbaycanın daxili işlər orqanları olmasaydı, bu ölkənin xaricindən Azərbaycana yönələn və bizi tranzit məkan kimi görmək istəyən hansı ki tonlarla səviyyədə olan narkotik daşımaçılığı Azərbaycan insanını udar. Bildiyimiz kimi narkotika ağ ölüm adlanır. Onun təhlükəsi ermənilərin Azərbaycan əleyhinə apardıqları müharibədən heç də az deyil. Bu, həm də prokurorluq orqanlarına ittihamdır. Bundan başqa, məhkəmələr özü də müstəqil olmalıdır axı. Çünki hər hansı bir iş onun üzərinə gəlibsə, hakimlərin müstəqil hüquqları var ki, onu ləğv etsinlər və geri qaytarsınlar. Kimlərəsə qondarma ittihamlar irəli sürülübsə, məhkəmə qərar verib onları azadlığa buraxmalıdır».
Qeyd edək ki, Şahin Yusifov Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında deyib ki, Azərbaycanda həbs olunanlardan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham olunur. O bildirib ki, hakimlər bu cür məsələlərdə diqqətli olmalıdır.
«Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Bu gün azadlıqdan məhrumetmə cəzası çəkənlərin 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur. Üç gün əvvəl 65 məhkum bizə müraciət edib. Onlar da fərmanları oxuyur, görürlər ki, prezidentin mövqeyi məhkumların vəziyyətinin humanistləşməsinə yönəlib. Onlar xahiş edir ki, azad olunmalarına yardım göstərilsin. Bəziləri bildirir ki, qanunsuz yerə məhkum olunublar. Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldur. Cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və həmişə «kalpak» altında saxlanılırsa ki, lazım olanda həbs olunsun, bu düzgün deyil. Hakimlər buna diqqətlə yanaşmalıdır. Qanunsuz azadlıqdan məhrum etmə hallarına yol verilməməlidir. Əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və bu alqışa layiqdir. Lakin hakimlər hər zaman cəsarətli olmur. Qanunsuz, əsassız hökm çıxarmaq olmaz. Hökm əsaslı çıxarılmalıdır».