vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
12:07 | 22 aprel 2017 | Şənbə Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rejimin fəallara qarşı ağır basqıları gözlənilir»

Abbas Lisani: «Hakimiyyətin ən böyük arzusu milli hərəkatı radikallaşdırmasıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Abbas Lisaninin söylədiklərinə görə, İran hakimiyyəti türk fəallara qarşı ağır həbs hökmləri çıxarmaqla Güney Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin bir hissəsini hakimiyyət-yönümlü qruplara yaxınlaşdırmağı, bir hissəsini də radikkallaşdırmağı hədəfləyir. Ərdəbildən «Amerikanın Səsi»nə danışan tanınmış milli fəal məhkəmə və təhlükəsizlik qurumlarının qarşıdan gələn prezident və şura seçkiləri ərəfəsində türk fəallara qarşı tətbiq etdikləri basqıları dəyərləndirib.

Keçən illərdə Güney Azərbaycan və Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatıldıqları zaman nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında azadlığa buraxılan bir çox türk dil haqları müdafiəçisi son vaxtlar təkrar məhkəməyə çağrılıb.

Mühakimə edilənlərdən bir neçəsi 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrinə sürgün edilmə cəzasına məhkum olunublar.

Abbas Lisani 2014-cü ilin fevral ayında Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində keçirilən bir mərasimə qatıldığı zaman nəzarət altına alınmışdı. Lisani və həmin mərasimdə tutulan digər fəallar bu yaxınlarda təkrar məhkəməyə çağrılıblar.

Onun dediklərinə görə, «keçmişdə bənzəri görünməyən ağır hökmlər verilib. Ən azı, ana dili ilə bağlı keçirilən mərasimlər və bu növ fəaliyyətlər üzündən bu ağırlıqda hökmlər görünməmişdir... Bu ağır hökmlər habelə 2014-dən bəri təqribən bir kənara buraxılmış dosyelərin yenidən gündəmə gəlməsi sual yaradır».

İllərlə İranın müxtəlif zindanlarında həbsdə olmuş fəalın fikrincə, hakimiyyət bu ağır basqıları Türk Bölgələri Fraksiyasının təsisindən sonra və seçkilər ərəfəsində tətbiq edərək müəyyən hədəflər izləyir.

O, bundan əvvəl də milli hərəkata qarşı bənzər siyasətlərin yürüdüldüyünü önə çəkir:

«Aylar öncə Türk Fraksiyası quruldu. Bununla yanaşı bəzi məsullar hətta cümə imamları vasitəsilə ana dilimiz, türkcəmiz ilə bağlı bəzi addımlar atıldı ya ən azından sözdə də olsa bunlar rəsmi mediada deyildi. Bu zahiri yumşalma məsələsi də bizdə suallar yaratmışdı... Türk Fraksiyasının bu adla qurulması milli hərəkata bir qazanc idi. Onun fəaliyyətinin nə olacağı o öz yerində. Elə bir intizarımız da yoxdur. Amma, mən söhbətlərimizdə fikirdaşlarıma ərz etdim ki, zahirdə atmosferi yumşaldan bu olaylara biz xoşgörüşlə baxırıq, ancaq çox ehtimal ki, yaxın gələcəkdə milli hərəkatın əsas gövdəsinə qarşı ağır basqılar olacaq...»

Abbas Lisani hakimiyyətin bu siyasəti yürütməklə bir neçə hədəf izlədiyini vurğulayır. O, bunu keçmiş illərdə baş verən olaylara diqqət çəkərək şərh edir:

«Azərbaycan Milli Hərəkatı müxtəlif proseslərdən keçib... 2006 may ayının olayları bir partlayış oldu. O partlayış milli hərəkatın mədəni bir hərəkat olaraq ortaya çıxmasına bir kimlik sənədi idi. Buna görə vəhşətə düşən hakimiyyət bu hərəkata bir alternativ yaratmaq qərarına gəldi. Təbii ki, ondan sonra çox qarışıq oyunlar başladılar; hərəkatın içini boşaltmaq, ixtilaf çıxarmaq və bir qrup sadə insanlarımız vasitəsilə bəzi layihələr həyata keçirməyə başladılar».

O, Traktorsazi futbol komandasının da həmin siyasət çərçivəsində gündəmə gətirildiyini irəli sürür:

«Hakimiyyət bir layihə gətirdi ortaya, Traktor adında. Bizim gənclərimiz, bizim insanlarımızda haqqını tələb edən və inqilabi bir ruh və potensial var. O enerjini almaq üçün onları stadionlara çəkdi. Bunu kontrol altına alıb və məsələni idman məsələsi kimi göstərmək üçün. Amma sonra gördü ki, kökü dərin olan milli hərəkat bunu öz xeyrinə yönləndirdi. Elə yönləndirdi ki, «Traktor» Azərbaycanın səsini Azərbaycanın xaricindəki türklərə, bütün İrana çatdırdı».

Türk fəalın anlatdıqlarına görə, hakimiyyət bir tərəfdən saxta fəaliyyət sahələri yaratmaqla, digər tərəfdən isə tanınmış fəalları ağır basqılara məruz qoyaraq milli hərəkata mənsub bəzi qüvvələri hərəkatın öz xəttindən ayırmaq və başqa yollara sövq etmək istəyir.

«Fars şovinizmi hərəkat qüvvələri üçün saxta meydanlar yaradır, onları başqa yollara çəkmək və kontrol altına almaq üçün. Traxtor onlardan biri idi, lakin əks nəticə verdi. Gəldi çatdı Türk Bölgələr Fraksiyasına. Fraksiya da eyni siyasətin istiqamətindədir. İnsanlarımızı hakimiyyətin baxışı əsasında yaradılmış rəsmi diskursa sövq etməyə çalışırlar. Hərəkatın əsas gövdəsinə ağır basqılar tətbiq edərək müxtəlif ruhiyyələrdə olan insanlarımızı seçirlər», - deyə o söyləyir.

Onun sözlərinə görə, bu durumda milli hərəkata mənsub qüvvələrin qarşısında üç yol mövcuddur:

«Birincisi, o insanlar ki tamam basqılara dayanıb, milli hərəkatın məntiqi və mədəni gedişinə davam edəcəklər. Hərəkata sadiq qalacaqlar. İkincisi, o dəstə insanlarımız ki, hakimiyyət və rəsmilər tərəfindən yaradılan diskursa tərəf gedəcəklər. Türk Fraksiyası kimi. Əlbəttə mən bunun hamısını pis bilmirəm. Bu o imtiyazlardır ki, milli hərəkat basqısı ilə hakimiyyətdən almaqdadır. Üçüncüsü təhlükəli bir məsələdir. O insanlarımız ki təəsüflə təcrübəsizlik və həyəcan ya hər səbəbə görə, radikallaşa bilərlər».

O, hakimiyyətin hərəkata mənsub bəzi qüvvələri radikallaşdırmaq istiqamətində yürütdüyü siyasəti belə açıqlayır:

«Hakimiyyət bir qrup insanlarımızı cana gətirmək istəyir.. İstəyir ki, gənc gedib müqayisə etsin ki, gün mədəni bir mübarizə ilə, yazmaqla, oxumaqla, insanlarımızı oyatmaqla, ana dili mərasimləri keçirməklə məşğul olduğum üçün mənə 10 il, 15 il həbs verib və silahlı fəaliyyət və militarizm yolunu seçənə də bənzər hökm çıxarılacaq isə, bəs biz də bu yolu seçək... Hakimiyyətin ən böyük arzusu milli hərəkatı radikallaşdırmaqdır. Biz kəsinliklə milli hərəkatın əsasları və prinsiplərinə riayət edərək buna qarşı çıxa bilərik», - deyə tanınmış türk fəal əlavə edir.