vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
KİNO-TEATR  
22:11 | 1 may 2017 | Bazar ertəsi Məqaləyə 2300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

50 ilin «Qafqaz əsiri...»

Ninanın naşılığı, Vitsinin inadı, Nikulinin bicliyi, Morqunov kaprizi...

İlham CƏMİLOĞLU

Az adam tapılar ki, bu filmə dəfələrlə baxmasın. Uğurlu ssenari və mükəmməl rejissor işi düz 50 ildir ki, «Qafqaz əsiri»ni tamaşaçılarına sevdirir.

Sözsüz ki, bu filmin də çəkilişlərində maraqlı məqamlar az olmayıb, filmin rejissoru Leonid Qayday «sürprizlərlə» az qarşılaşmayıb.

Modern.az-ın məlumatına görə, ilk çətinlik Nina roluna çəkilmək üçün aktrisanın seçilməsi olub. 500 namizədin içərisindən Qayday heç vaxt kinoya çəkilməyən Nataliya Varleyi «kəşf edib». Sirkdə çalışan bu gənc qız rejissorun etimadını doğruldub.

Filmin uğurlu alınması üçün Qayday öz mükafatını da «təsis» edib. Çəkiliş zamanı aktyorlar ssenaridən kənar öz fantaziyalarından istifadə edib filmə uğur gətirə biləcək hər hərəkətə görə şampan şərabı ilə mükafatlandırılıb. Bu baxımdan daha çox Nikulinin bəxti gətirib. O, rejissorun «arsenal»ından 24 şüşə şampan şərabını əldə etməyə müyəssər olub.

Üç qəhrəmanın – Morqunov, Nikulin və Vitsinin pivə içmək epizodu da rejissora problemlər yaşadıb. Vitsin heç vaxt pivə içmədiyindən çəkilişdə də bu içkini içməkdən imtina edib. Pivənin əvəzinə itburnu bitkisindən dəmləmə düzəldiblər. Rəngini uyğunlaşdırsalar da, bu maye köpüklü olmadığından işə yaramayıb. Qərara gəliblər ki, həmin mayenin üzərinə pambıq qoysunlar. Bu dəfə də Vitsin belə qeyri-adi «pivə»ni içməkdən imtina edib. Uzun-uzadı mübahisələrdən sonra Vitsinin inadkarlığını ram edib, ona əsl köpüklü pivəni içirtməyə nail olublar.

Qəhrəmanlara peyvəndlərin vurulması səhnəsində rejissor Morqunovun kaprizləri ilə qarşılaşıb. Morqunovun ayaqlarının arasına yastıq qoyulub ki, iynə ora vurulsun. Tərəddüd keçirən Morqunov tam ciddi şəkildə xəbərdarlıq edib: «Baxın ha, birdən səhvə yol verərsiniz...».

Filmdəki məşhur avtomobil Nikulinin şəxsi maşını olub.

Filmin adı «Qafqaz əsiri» olsa da, çəkilişlər əsasən Krımda aparılıb.

Filmin kütləvi nümayişə buraxılmasında ssenari müəllifləri və rejissor çox böyük narahatlıq keçiriblər. Sovet ideologiyasının ən güclü vaxtlarında «qonşu rayonda bəy partiya üzvünü qaçırıb» kimi ifadəyə görə ən ağır cəzaya da məhkum olmaq mümkün idi. Amma bu narahatlıq çox uzun çəkməyib. Bazar günlərinin birində Brejnev köməkçisindən yeni bir filmə baxmaq istədiyini deyib. Köməkçi heç kimə xəbərdarlıq etmədən «Qafqaz əsiri»ni Leonid İliçin ixtiyarına buraxıb. Film Brejnevə o qədər ləzzət edib ki, hətta gülməkdən gözləri yaşarıb və elə həmin anda da filmin kütləvi nümayişinin «xeyir-dua»sını verib.

Təkcə filmin istehsal edildiyi 1967-ci ildə «Qafqaz əsiri»ni 76 milyondan çox tamaşaçı seyr edib.