vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DİGƏR NÖVLƏR  
16:44 | 7 may 2017 | Bazar Məqaləyə 768 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər cür imkanınız var»

Sahib Ələkbərov: «Qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bildik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş «Tour d’Azerbaidjan-2017» beynəlxalq velosiped turu başa çatdıqdan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və turun texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer jurnalistlərin suallarını cavablandırıblar.

Sahib Ələkbərov deyib: «Çox yaxşı yarış oldu. İlk dəfə «Azərbaycan turu»nda bu qədər dəyişkən hava ilə üzləşdik. Yağış da yağdı, dolu da. Amma təbiət hadisəsi tura rəng qatdı. Əsas odur ki, komandalar həvəslə bu yarışda çıxış etdi. Gördüyünüz kimi, mərhələlər üzrə fərqli qaliblərimiz oldu. Yarışın texniki direktoru Roland Hoferə, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikova, polisimizə, yerli icra hakimiyyətlərinə və jurnalistlərə minnətdarlığımı bildirirəm. Ağsu mərhələsi ilk dəfə tura salınmışdı. «Süpürgə» maşınından dolaylarda neçə velosipedçiyə yardım etdiyini soruşdum. O da yalnız birinə kömək etdiyini söylədi. Çox gözəl mənzərələr TV-lərdə nümayiş etdirildi. Düşünürəm ki, dolaylar velosipedçilərin də xoşuna gəldi. Azərbaycanı dünyaya tanıtmaq mənasında daha bir addım atdıq. «Azərbaycan turu»na daha bir mərhələnin artırılması müzakirə olunur. İdmançılar Pirquludan qayıdandan sonra dincəlməyə getdi. Biz isə qonaqlarla Xızı dağlarına yollandıq. Həmin marşrut qonaqlarımızın çox xoşuna gəldi. Bu yollar yarış üçün çox əlverişlidir. Kəskin enişlər və yoxuşlar, sərt döngələr var. Gələn il çox maraqlı yarışın baş tutacağını düşünürəm. Bu nəticəni gözləyirdim. Komandamız gəncləşib və bu üzdən müəyyən çətinliklərlə üzləşmişik. Ancaq şadam ki, Pozdnyakov ümidlərimizi doğrultdu. Bu, hələ başlanğıcdır. Bu heyətlə daha böyük uğurlara imza atacağıq. Buna qədər iki dəfə komanda şəklində qalib gəlmişdik. Mənim üçün hər bir uğur şirindir. 6 pro-kontinental komandanın iştirak etdiyi yarışda, təcrübəli rəqiblərlə mübarizədə Kirilin 1-ci yeri tutması böyük uğurdur. Kiril məsuliyyətini hiss edən idmançıdır. Ona böyük ümidlərim var. Ancaq velosiped idmanı yalnız fərdi mübarizədən ibarət deyil. O, bu uğura təkcə özü yox, komanda üzvlərinin yardımı nəticəsində nail olub. Başqa beynəlxalq yarışlar da keçirməliyik. Amma ilk növbədə idmançılarımızı yetişdirməli və bazamızı inkişaf etdirməliyik. Bunun üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Dövlətin dəstəyi çox böyükdür. Belə dəstək olmasaydı, bu miqyasda yarış keçirə bilməzdik. Amma hər şeyi ölçüb-biçməliyik. Hədəflərimizi doğru müəyyənləşdirməliyik. İrəliyə doğru addım-addım gedirik. «Synergy Baku»nun heyətinə güclü legionerlər cəlb oluna bilər. Biz bütün variantlara baxırıq. Amma biz ilk növbədə özümüzünküləri yetişdirməliyik. 2015-ci ilin mayında cənab prezident İlham Əliyev Veloparka gələndə heyətdə azərbaycanlı idmançı olub-olmadığını soruşdu. Mən də 16 idmançıdan 12-sinin yerli velosipedçi olduğunu dedim. Ölkə başçısı buna çox sevindi. Gənc velosipedçilərimiz yetişməkdədir. Bu yaxınlarda yeniyetmələr Polşadan yarışdan qayıdıb. İlk dəfə bu turnirdə iştirak etmələrinə baxmayaraq çox yaxşı çıxış ediblər».

Aleksandr Qusyatnikov da öz təəssüratlarını bölüşüb: «İlk dəfə deyil ki, bu yarışda qonaq oluram. Yarış yüksək səviyyədə keçdi. Növbəti dəfə təşkilatçıların kateqoriyanı yüksəltmək haqda düşünəcəklərini fikirləşirəm. Bunun üçün hər cür imkanınız var. Əminəm ki, yaxın zamanlarda «Azərbaycan turu»nun kateqoriyası yüksələcək».

Roland Hofer isə deyib: «Çox yaxşı və gərgin mübarizə şəraitində keçən yarış izlədik. Sevindirici haldır ki, qəzalar az oldu. Bu da velosipedçilərin inkişafından xəbər verir. İdmançılar otellərdən çox razı qaldı. Azərbaycan velosipedçisinin qalib gəlməsi fantastik oldu. Ümumilikdə «Azərbaycan turu» haqda çox müsbət fikir formalaşıb».