vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 sentyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
09:23 | 22 avqust 2020 | Şənbə Məqaləyə 119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xırda adamlar”ın böyük toplantısı haqda yazı

Ramiz Mehdiyevin qanunları heçə sayan cəsarətini diz üstə çökdürülsün

Sevinc TELMANQIZI

İndi bir Alimpaşa Məmmədov kimi icra başçısı lazım idi ki, ağzında maska ilə girsin həmin o toy mərasiminə və desin ki, “Bu, nə məsələdir? Nədən belə olmalıdır axı?” İndi bir qüdrətli əl arzulayıram ki, Prezident Aparatının keçmiş başçısı Ramiz Mehdiyevin qanunları heçə sayan cəsarətini diz üstə çökdürsün və izah etsin ki, toy qadağası hamı üçündür. Sinəsindəki medalları ilə öyünən, parlamentdə karantin qaydalarının pozulmasına görə ən sərt cəzanı təklif edən Siyavuş Novruzovu da ekran qarşısına çıxarıb, “bir daha olmayacaq” dedirdəcək iradəni gözləyirik cəmiyyət olaraq. Söz oyunu oynamaqla deyil. Nömrələnmiş toy masalarında oturub, müğənnilərə qulaq asa-asa salat, aş yeməyi, sağlıq deməyi, “Ay qız, toyun mübarək, oğlan, toyun mübarək” mahnısı sədaları altında rəqs etməyi millətin gözünə kül üfürə-üfürə “toplantı” adlandırmağı bu yapçılardan başqa kim bacarar ki?

Adı üstündə - ombudsman. Bir ölkədə bu vəzifəni icra edən şəxs istisnasız olaraq insan hüquqlarının keşiyində durmalı olduğu halda, ölkəmizin ombudsmanı Səbinə xanım da karantin qaydalarını çeynəyərək, insan hüquq və azadlıqlarını heçə sayaraq həmin toplantıda iştirak edib. İzahatlar nonsensdir. Siyavuş Novruzov bunu insanların şəxsi işi adlandırır, o birilər susur. Seçki vaxtı yayılan məşhur saxtakarlıq videosundakı kimi, bizə sırımağa çalışırlar ki, “o, sizin üçün ölüb. Bizim üçün sağdır”. Yəni, sizin nə görməyinizdən asılı olmayaraq, bu, toy-filan deyil. “Qavır daşı”nı göstərmək istəyənlərə isə göz ağardırlar. O zaman biz ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmançının iyundakı məşum həftə sonunda, hamı evindən bayıra çıxmadığı zaman, Şəkidə istirahət etməsini niyə qınayırdıq? Niyə onu daşqalaq edirdik? Su girmişdi qaba, olmuşdu içməli də. Bu ölkədə xüsusi bir kasta var ki, onlara hər şey olar – toy da, yas da, istirahət də…

Yayılan toy videosuna baxırıq, bir adamın ağzında maska yox. Sosial məsafədən söhbət belə gedə bilməz. Allah insaf tərəfi, adam bir az da nostaljiyə qapılır. Pandemiyanın dünyamızı əsir almadığı günləri yada salırıq. O videonu rahat şəkildə “pandemiyadan öncə” kimi də sırıya bilərlər bizə. Çünki pandemiyanın heç bir əlamətləri gözə dəymir. Sanki müəllim və müəllimələr paralel evrəndə, ya da fərqli planetdə yaşayırlar. Virusun olmadığı planetdə. BDU-nun sabiq rektoru, şərabçılıq üzrə mütəxəssis Abel Məhərrəmovun söylədiyi tostdan da görünür ki, onlar hələ 2010-ların əvvəlindədilər. Məsələn, Ramiz Mehdiyev hələ də elə təriflənir ki, sanki… Karantin qaydalarını pozan, orda yığışanların hər birinin sağlamlığını təhlükə altına alan adam az qala xilaskar kimi təqdim olunur. O toyda lap 200 nəfər olsa da, ortada 200 nəfər təhlükə mənbəyi var deməkdir. Bunu niyə hesaba qatan yoxdur?

Abel Məhərrəmovun toydakı məlum tostunu dinləyirəm. Üzünü Mehdiyevə tutub deyir ki, “sizin uğurlarınızı biz yüksək qiymətləndiririk”. Sonra da düzəliş edir ki, “biz kimik ki? Xırda adamlarıq. Xalq yüksək qiymətləndirir”. İlahi, təvazökarlıq yeri-göyü dağıdır. “Xırda adamlar” yığışıb, qanun çeynəyir, “naber, lan fakirlər” mesajı verir camaata, əylənir, tüpürür qaydalara. Amma təvazökarlıqlarını da əldən qoymurlar. Xalqdan biriymişlər, xəbərimiz yoxmuş. O əttökən vəzifə sahiblərinin müsahibələrindəki klişe kimi, “bu dünyada bütün nemətləri dadmışam, amma pendir-çörəyin ləzzətini heç nəyə dəyişmərəm”. Bahoo… Yedikcə doymayan, doymadıqca talan edənlərin pafoslu səmimiyyəti. İndi də “xırda adamlar” yığışıb, “böyük işlər” qaynadıblar, xəbərimiz yox…

Siyavuş Novruzov deyir ki, “ağsaqqal adamdır, dəvət etmişdi, getdim. Necə getməyə bilərdim?” Həmin məntiqlə pandemiya zamanı dünyasını dəyişənlərin əksəriyyəti ağsaqqaldır. Onlara yas mərasimi keçirənlər də həmçinin Digər toy-nişan, xına mərasimlərinin təşkilatçıları da bu sıraya qatsaq, bu ölkədə toy-yas keçirənlərin hamısına icazə verilməlidir, gözün üstə qaşın var deyilməməlidir. Çünki ağsaqqaldlıar, ağbirçəkdilər. O zaman niyə Şəmkirdəki bədbəxt Nisə xalanı əlindəki aşsüzənlə polisin qabağına qatıb, sonra da bölmədə divara düzüb üzr istətdirirdiz? O daha böyük el ağbirçəyidir. Nə qədər yas məclisləri onun süzdüyü aşla yola verilib, ona qalsa… Ağsaqqalları sorta, növə, sinfə, kastalara bölmək haranın məntiqidir?

Yazının son abzasını yazanda xəbər yayıldı ki, Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirilib. Məqsəd karantin qaydalarını pozduqları üçün cəzalandırılmalarıdır. Gözləyirik. Yalandırsa gerçək olsun. Və mümkünsə təkcə bəylə quda yox.

Toyda iştirak edənləri, ağsaqqallıq, ağbirçəklik edənləri, orda saksafon çalıb, qlamurkaları əyləndirənləri də məhkəmə qarşısında, bölmə koridorlarında görmək istəyirik. İkinci “Alov Qüllələri şok”unu yaşamaq istəyir cəmiyyət. Bəzi şoklar terapiya xarakteri daşıyır çünki… Faydalıdır, gərəklidir, lazımdır! Gözləyirik!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)