Alxanlıya görə ilk qisas aktı
İşğalçı itkilərini açıqlamağa başladı; hərbi ekspert: «Ermənilər çox böyük səhvə yol verdilər»
E.PAŞASOY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
-
Çoxdan arzuladığımız silah...
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
-
Təlim dediyin belə olur ...
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
-
Şuşa fatehlərinin güc nümayişi
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
-
Ordumuz geri çəkilməyib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
-
“Furux deyil, Fərruxdur”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
-
“Qara qutu” İrəvanda peyda olub
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
-
Dumanlı havada təxribat
Separatçıların arzuları boğazlarında qaldı
-
Düşmənin təşvişi artır
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
-
“Müharibəyə hazırlaşın”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
-
“... Hücuma hazırlaşır”
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
-
Bakı buzu sındırır
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
-
“Uçuş vasitələri məhv ediləcək”
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
-
“İstəyirik anlayaq ki, Azərbaycan ordusu necə işləyir”
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
-
SOM-lar JF-17-lərə quraşdırılacaq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
-
Erməni əsgər anasının fəryadı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub: «Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır».
Artıq düşmən bəzi itkilərini etiraf edib. Məlumata görə, təmas xəttində Ermənistan ordusunun daha 3 hərbçisi yaralanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Azərbaycan ordusunun artilleriya zərbələri zamanı Qaqik Badalyan (1998), Karen Arutunyan (1997) və Robert Qasparyan (1969) xəsarət alıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Azərbaycanın Alxanlı cinayətini cavabsız qoymayacağını Ermənistanın himayədarları da yaxşı anlayır. «Azərbaycan cəbhədə fəallığını daha da gücləndirəcək. Ölən qadın və uşağın qisasının alınması üçün Bakı diversiya qruplarını da hərəkətə keçirəcək». Axar.az xəbər verir ki, bu barədə «Vesti-Kavkaza» saytında yayımlanan analitik-məqalədə bildirilib. Qeyd edilir ki, bir müddət Azərbaycan-Ermənistan cəbhə xəttində nisbi sakitlik olmayacaq. Keçən ilin aprel döyüşlərindəki təcrübə əyani göstərdi ki, öz mülki vətəndaşlarının qətlinə Azərbaycan sərt cavab vermək gücündədir.
2016-cı ilin aprelində ermənilərin atəşkəsi pozması nəticəsində bir neçə dinc sakin həlak oldu, 1994-cü ilin barışığından sonra da münaqişənin güclü eskalasiyası oldu, nəticədə Azərbaycan ordusu ermənilərə ağır zərbə endirdi. Görünən budur ki, erməni hərbi qulluqçuları indi maksimal döyüş hazırlığı vəziyyətindədir, çünki uğursuzluğun riski böyükdür. Əgər hadisələr yumşaq ssenari üzrə davam etsə, bütün cəbhə xətti boyu ermənilərə snayperlərdən zərbələr vurulacaq, ən sərt ssenari isə erməni ordusunun mövqelərinə artilleriya zərbələrinin endirilməsi, həmçinin mümkün hücum tədbirlərinin görülməsindən ibarət olacaq.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov «Yeni Müsavat»a bildirdi ki, bu gün bəlkə də son illərin ən gərgin və ən əsəbi günlərini yaşayırıq: «Mənfur düşmənin Füzulinin Alxanı kəndinə qarşı istifadə etdiyi vəhşilik və bunun da nəticəsində iki nəfər silahsız, günahsız vətəndaşımızın faciəli ölümü və bir nəfərin də ağır bədən xəsarətləri alması kiçikdən tutmuş ölkə rəhbərliyinə kimi hamıya dərindən təsir edib və kədərləndirib. Əslində biz düşmənin nankor olduğunu hər zaman qeyd etmişik. Amma onların mülki əhaliyə qarşı bu cür vəhşilik törədəcəyini o qədər də ciddiliyə almırdıq. Çünki bizim də onların vətəndaşlarına qarşı belə addımları atmağa dəfələrlə imkanlarımız olub, amma biz belə yaramazlığa və alçaqlığı getməmişdik. Ermənilər növbəti dəfə özlərinin əsl iç üzlərini göstərdilər. Biz gərək bunların «dərs"lərini 2011-ci ildə o vaxt faciəli şəkildə erməni hərbçiləri tərəfindən atılan silahlardan həyatlarını itirən Fariz Bədəlov və milliyyətcə azərbaycanlı olan, Rusiya vətəndaşı Aygün Şıxmaliyevə qarşı vəhşilik edəndə verəydik. Amma çox təəssüf ki, bir çox vacib şeyləri unutduğumuz kimi, bu ürəkdağlayan hadisələr də bir müddətdən sonra unuduldu və sonra da demək olar ki, yaddaşlardan çıxdı. İndi də bu yaramazlar əvvəlcədən bildikləri halda ki, Alxanlı kəndində heç bir silahlı birləşməmiz yoxdur və bu kəndlə ön xətt arasında məsafə kifayət qədərdir, onlar məqsədyönlü şəkildə oraya ağır artilleriya mərmiləri atdılar və məlum faciə baş verdi".
Hərbi ekspert düşmənin Alxanlı cinayətinin cavabını aldığını dedi və bundan sonra da alacağını bildirdi: «Sözsüz ki, Ermənistan bunun bədəlini artıqlaması ilə ödəməlidir və ödəyəcək. Bu dəfə hesab edirəm ki, ermənilər çox böyük, onlar üçün faciəvi səhvə yol verdilər. İndi Azərbaycan cəmiyyəti israrla düşməni sərt və amansız formada cəzalandırmağı tələb edir. Və onlar haqlı olaraq tələb edirlər ki, biz düşmənin budəfəki addımlarına cavab verməsək, bundan sonra da bu yaramazlar başqa addımlara əl atacaqlar. Düşünmürəm ki, yaxın saatlarda aktiv döyüş əməliyyatları başlasın. Lakin düşmən etdiyi vəhşiliklərə görə cəzalandırılacaq və şəxsən mən bunu gözləyənlərdən biriyəm. Silahlı qüvvələrimiz də tam hazır vəziyyətdədir. Onlar onsuz da gecə-gündüz torpaqlarımızın yağı düşməndən azad edilməsi üçün yuxarı komandanlığın əmrini gözləyirlər və bu əmr də istənilən an verilə bilər. Mən də hesab edirəm ki, iyulun 11-də Avstriyada iki ölkə xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan tərəfi düşmənlə bundan sonra təmaslarına bir qədər ara verməlidir. Ən azından o vaxta kimi ki düşmən işğalçılıq siyasətindən əl çəkməyə hazır olduğunu rəsmən bəyan etsin və praktiki addımlar atsın. Əks halda, bütün bu danışıqlar və mənasız görüşlər yalnız və yalnız vaxt itkisinə və düşmənin daha da azğınlaşmasına hesablanmış siyasi hoqqabazlıqlardır. Bu cür çirkin hərəkətlərə son verməyin zamanıdır. Azərbaycan bu günə kimi kifayət qədər səbr və dözüm nümayiş etdirib, bundan sonra isə əməli addımların, münaqişənin ölkəmizin ərazi bütövlüyü və tam şəkildə suverenliyinin bərpa edilməsi istiqamətində həllini tələb etməli və buna nail olmalıdır. Beynəlxalq qurumlar da Azərbaycan xalqından üzr istəyərək gedib öz işləri ilə məşğul olmalıdır. Onlar özlərinin necə aciz və gücsüz olduqlarını bu 20 ildən artıq müddətdə sübut etdilər».