vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MƏHKƏMƏ, İSTİNTAQ  
00:12 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 3665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Masazırdan bulvara qədər hasarı kim çəkirmiş?

Məhkəməyə məcburi gətirilmiş şahidin 10 dəqiqəlik «iztirabı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edlr.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, prosesdə bir neçə şahid ifadəsi dinlənilib.


Akif Çovdarovun qohumu ifadə verdi


Şahid Nizami Bayramov ifadəsində bildirib ki, təqsirləndirilən Akif Çovdarovla qohumdur – keçmiş MTN generalı onun xalası oğlunun qaynıdır. Şahidin sözlərinə görə, 2003-cü ildən taxta-şalban alveri ilə məşğul olub. Keşlə stansiyasında Akif Çovdarovun kürəkəni Rövşən Qasımovla tanış olub, lakin onun generalın qohumu olduğunu bilməyib. Bunu yalnız 2010-cu ildə öyrənib.

«2011-ci ildə Rövşən müəllim mənə zəng edib tikinti işində ona kömək etməyimi xahiş etdi. Mən məsləhət xidməti göstərirdim, bütün materialları Rövşən Qasımov özü alırdı. 4-cü mikrorayonda tikilmiş 6 mərtəbəli qeyri-yaşayış obyekti Günay Əmircanovanın (Akif Çovdarovun qızı – virtualaz.org) adına rəsmiləşdirildi. Daha sonra 7-ci mikrorayonda 6 mərtəbəli qeyri-yaşayış obyekti tikildi», - N.Bayramov bildirib.

Dövlət ittihamçısının şahidlə Akif Çovdarov arasında telefon zəngləri barədə sualına Nizami Bayramov cavab verib ki, telefon zəngləri zamanı təqsirləndirilən yalnız kürəkəninin tikinti işlərinin gedişi ilə maraqlanıb, çünki R.Qasımovun o vaxta kimi tikinti işində təcrübəsi olmayıb.

Dövlət ittihamçısının yönəldici suallarına baxmayaraq, tikililərin Akif Çovdarovla əlaqəsi şahid ifadəsində aşkar edilmədi.


Tağı Əhmədovun 3 milyon manatı yada düşdü


Prokuror şahidə taxta-şalban alveri ilə məşğul olmuş və məhkəmə prosesində ötən iclaslarda zərərçəkmiş və şahid kimi ifadələr vermiş Natiq Hümbətovu, Qədim Ədilovu və Sahibxan Səmədovu tanıması ilə bağlı suallar verdi. Bu vaxt təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə əsəbiləşərək prosesə sədrlik edən hakim Həbib Həsənovdan dövlət ittihamçısının ittiham aktında olan məsələlərlə bağlı sual verməsini xahiş etdi.

«Biz belə suallar verəndə deyirsiniz ki, ittihamda bu məsələ yoxdur, sual çıxarılır. Bəs niyə dövlət ittihamçısına eyni münasibət bəslənmir? Adı çəkilən bu adamların şahidin verdiyi ifadə ilə nə əlaqəsi var?» – deyən Cavid Rzazadə üzünü şahid Nizami Bayramova tutaraq məsələyə tamamilə aidiyyatı olmayan «qisas» sualı verdi: «Nizami Bayramov, sizcə, Tağı Əhmədov MTN-ə verdiyini dediyi 3 milyon manatı necə toplamışdı?»

Təbii ki, sual cavabsız qaldı və əslində, vəkil verdiyi suala cavab gözləmirdi.


Zərərçəkmişin «Bakını hasara almaq» planı


Təqsirləndirilən Akif Çovdarov hakimə müraciət edərək, şahidə sual vermək istədiyini dedi. «Nizami, sən Masazırdakı balıqçılıq təsərrüfatına nə qədər «fanerka» vermisən?» sualına şahid «300-500 ədəd olardı, çox olmazdı» cavabını verdi.

Bu arada Akif Çovdarov üzünü hakim Həbib Həsənova tutaraq bildirdi: «Zərərçəkmiş Cahangir deyir ki, o yeri mən tikmişəm və pulu da mən vermişəm. Ona görə soruşdum taxtaları. Möhtərəm hakim, o gün oturub fikiləşirəm, Cahangir deyir ki, 500 min ədəd daş gətirib o tikintiyə. Bu qədər daşla Bakının yarısını hasara almaq olar. Masazırdan bulvara qədər hasar çəkmək olar».


«Bəhrə-2010» MMC-nin baş mühasibi ifadə verdi


Masazırda yerləşən və kənd təsərrüfatı məhsullarının istixanalarda yetişdirilməsi ilə məşğul olan «Bəhrə-2010» MMC-nin baş mühasibi Ramiz Teymurov şahid ifadəsi verməzdən əvvəl vəkillər hakimin nəzərinə çatdırdılar ki, şahidin ifadəsi ittiham aktından çıxarılıb və onun ifadəsinin prosesdə dinlənilməsi vacib deyil.

Buna baxmayaraq, şahid qeyd etdi ki, bir neçə ildir «Bəhrə-2010» MMC-nin baş mühasibidir və yaxınlıqda yerləşən, tikintisi yarımçıq qalmış «Aqua Agro» MMC-nin də mühasibatlıq işləri ilə məşğul olub.

Şahidin sözlərinə görə, hər iki MMC-nin təsisçisi təqsirləndirilən Akif Çovdarovun həyat yoldaşı İbadət Çovdarova olsa da, həmin şəxslə heç zaman görüşməyib və bu şirkətlərin əsl sahibləri tamamilə başqa adamlardır.


Məhkəməyə məcburi gətirilmiş şahid 10 dəqiqəyə «canını qurtardı»


Şahid qismində ifadə vermiş Zülfüqar Məmmədov bir neçə dəfə məhkəməyə çağırılsa da, gəlmədiyi üçün bu gün prosesə polis müşayiəti ilə məcburi gətirilmişdi.

O ifadəsində qeyd etdi ki, qardaşı – zərərçəkmiş Mübariz Məmmədov adına olan torpaq sahəsini Rafiq Tağıyev adlı şəxsə satdığı üçün MTN-ə çağırılıb. Şahid bundan başqa elə bir əhəmiyyətli informasiyaya malik olmadığını vurğuladı.

Son olaraq məhkəmədə şahid qismində Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesində təqsirləndirilənlərdən biri olan Fərhad Atayev ifadə verdi. Epizod MTN tərəfindən vətəndaşların dinlənilməsi ilə bağlı olduğundan, məhkəmənin yerdə qalan hissəsi qapalı rejimdə keçirildi.

Məhkəmənin növbəti iclası bazar ertəsi, iyulun 10-da keçiriləcək.