Aşpazlar işdən qovuldu
Xəzər Universitetinin uşaq bağçasında qalmaqal
MÖVZU İLƏ ƏLAQƏLİ
Xəzər Universitetinin «Dünya» uşaq bağçasının mətbəxində anti-sanitar vəziyyət hökm sürür. Modern.az-a təqdim edilən videokadrlardan da bağçadakı vəziyyətlə bağlı gözlər önündə aydın mənzərə yaranır.
Xəzər Universitetinin «Dünya» uşaq bağçasının direktoru Jalə Hüseynxanova görüntülərlə bağlı Modern.az-a açıqlama verib: «Buradakı işçilər müqavilə əsasında bizimlə çalışırdılar. Onların işi bizi qane etmədiyindən işlərinə xitam verdik. Çünki dəfələrlə yeməklərin biz verdiyimiz menyuya uyğun hazırlanmadığını gördük. Sentyabrın 15-də menyuda göstərilməsinə baxmayaraq, bir neçə yeməyin hazırlanmadığını biləndə onlara işdən çıxmaq üçün 15 gün vaxt verdik. Biz Xəzər Universitetində çalışan briqadadan xahiş etdik ki, mətbəxi təhvil alsınlar. Köhnə işçilər çıxan günü bilərəkdən mətbəxi o vəziyyətdə qoyub videoya çəkib valideynlərə göndəriblər».
Direktor deyib ki, hazırda valideynlərdən ibarət komissiya yaradılıb: «Bu cür şəraiti olan məktəbdə anti-sanitar vəziyyətin olması qeyri-mümkündür. Onlar çıxdıqları gün bilərəkdən mətbəxi o vəziyyətdə qoyub, videoya çəkib valideyn adından hamıya göndəriblər. Biz mətbəximizə, uşaqlara verilən hər bir yeməyə cavabdehik. Yeməklərin hazırlandığı məhsulların sertifikatı var, hər şey yüksək səviyyədədir. Hazırda hər qrup və sinifdəki uşaqların valideynlərindən ibarət komissiya yaradılıb. Onların hər biri kolpak və ayaqqabılarını geyinib mətbəxdə olurlar. Məktəbəhazırlıq qrupunda və məktəbdə 900 uşaq oxuyur. Sizi əmin edirəm ki, bu video təxribat xarakterlidir. Burada yalnız təhsilə yox, hər şeyə ciddi nəzarət olunur. Burada çalışan işçilərin uşağı, nəvəsi də buradadır, biz özümüz də burada bişirilən qidalardan yeyirik».