vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
23:48 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaqland harda yağlanıb?

Eynulla Fətullayev Avropa Şurasının baş katibinə cavab verir: «Dünya tezliklə kompromatlar görəcək?»

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi, haqqin.az və virtualaz.org saytlarının təsisçisi, araşdırmaçı jurnalist Eynulla Fətullayev bu günlərdə Avropa Şurasının Azərbaycana qarşı üzvlükdən xaricetmə proseduru başlatmaq təşəbbüsünü tənqid edən məqalə ilə çıxış etmişdi. Məqalədə qeyd olunurdu ki, Avropa İnsan Haqları Məhkəməsinin minlərlə qərarını yerinə yetirməyən üzv ölkələr olduğu halda, baş katib Turborn Yaqland təkcə Azərbaycanı İlqar Məmmədovla bağlı qərara görə qaralayıb. Və müəllif yazmışdı ki, bunun arxasında Yaqlandın Rusiyaya son illərdə dalbadal etdiyi şübhəli səfərlər dayana bilər. Hansı ki, bəzi mənbələr Yaqlandın Rusiya ilə korrupsioner əlaqələri haqda danışır.

Bu tənqidi məqaləyə baş katib olduqca aqressiv reaksiya verib. Yaqland özünün «Facebook» səhifəsində Eynulla Fətullayevi təhqir edib, onu sifarişlə «seçilmiş baş katibə qarşı qaralama kampaniyası» aparmaqda günahlandırıb. Yaqland Fətullayevin «həbsxanadan çıxandan sonra heykələ baş əyməyə məcbur edildiyini» iddia edib, jurnalistin vaxtilə onun sayəsində azadlığa çıxdığına eyham vuraraq onu indi hökumətin dəstəkçisinə çevrildiyinə görə qınayıb.

Eynulla Fətullayevin Yaqlanda cavabı özünü çox gözlətməyib. Jurnalist haqqin.az-ın bugünkü buraxılışında AŞ Baş katibinə sərt cavab yazıb. Həmin məqaləni təqdim edirik.

Avropa Şurasının baş katibi yenidən «əsəbi ifşaedici nitq»lə çıxış edib. Bu dəfə o ittiham etməyib, sadəcə olaraq, cavab verib - etiraf etdiyinə görə, haqqin.az-ın təşviqat hücumuna.

Baş katibin əsəbi çıxışına formal səbəb isə bu yaxınlarda dərc etdiyim məqaləm olub ki, həmin məqalədə Avropa Şurasının özünün inkişafındakı atavistik qüsurları tənqid atəşinə tutmağa cəsarət etmişdim. Sadəcə olaraq, sual vermişdim, necə olur ki, Avropanın siyasi məkanında identik iki təşkilat bərqərar olub – Avropa Şurası və Avronest - və bunlar nəinki baş katibin özü tərəfindən «postliberal sivilizasiyanın əyaləti» elan edilmiş bir neçə dövlətin, o cümlədən də Azərbaycanın «avropalaşdırılması» missiyasını həyata keçirirlər, eyni zamanda hər ikisi bu və ya digər dünya aktorlarının əlində təzyiq alətinə çevriləcək qədər deqradasiya ediblər.

Ən azı yaxın onilliklərdə nə Türkiyə ilə Gürcüstana, nə Ukrayna ilə Moldovaya, ələlxüsus da Azərbaycana Avropa cəmiyyətinə inteqrasiya olunmaq perspektivi görünmür. Aparıcı Avropa siyasətçiləri bunu yorulmadan deyirlər. Qeyri-həmcins və kifayət qədər problemli Avropa birliyinə aydın inteqrasiya perspektivlərinin yoxluğu şəraitində qlobalizm və milli suveren hüquq uşaq xəstəliyinin antaqonizminin dumanlı reallığında azmış və ruh libasında Soyuq müharibənin dağıntılarından zühur etmiş bu birlik Azərbaycanı Avropa demokratiyasının beşiyi olan Böyük Britaniyanın özündən belə daha liberal və demokratik dövlətə çevirməyə çalışır. İnanılmazdır, lakin hazırda Böyük Britaniyaya və yaxud İtaliyaya qarşı irəli sürülən tələblər Azərbaycana qarşı irəli sürülmüş ultimatumdan daha yumşaq və liberaldır.

Ənənəvi Avropa ölkələri Avropa məhkəməsinin minlərlə qərarını icra etməkdən imtina edir, Böyük Britaniya isə, ümumiyyətlə, müqəddəslərin müqəddəsinə əl uzadıb – Strasburqun yurisdiksiyasından çıxmağa can atır. Neoimperialist qisasçılıqda ittiham edilən Rusiya konstitusion şəkildə milli məhkəmə hakimiyyətinin Avropa məhkəməsindən üstünlüyünü bəyan edib. Unionistlərlə ekspansionistlərin məngənəsində əzilən Moldova onillərdir ki, Avropa məhkəməsinin xeyli qərarını qulaqardına vurur... Və budur, baş katib bütün bu presedentləri lazımsız, yazılı kağız qırıntıları kimi zibil qutusuna tullayaraq, Avropa məhkəməsinin bircə qərarında ilişib qalıb – azərbaycanlı məhbus İlqar Məmmədovla bağlı qərarda.

Ötən dəfəki məqaləmdə mən ədalət hissindən doğan bu sualları sadəcə olaraq səsləndirmişdim və nədənsə bunlar baş katib Yaqlandın qəzəbinə gəlmişdi. Cavab olaraq nə aldım? Təhqiramiz hücum. Avropa Şurası – ilk növbədə ifadə azadlığının keşiyində dayanmalı olan təşkilatdır. Yaqland isə məni Azərbaycan hakimiyyətinə xidmət etməkdə ittiham etməklə yanaşı, məhbəsdə keçirdiyim illərdə Avropa Şurasının mənə verdiyi dəstəyi üzümə vurur.

Bəli, bu həqiqətdir. 2007-ci ildə məni cəza xüsusi xidmətlərinin tırtılları altında əzməyə cəhd göstərmiş general-oliqarx Eldar Mahmudovun mafioz qruplaşması ilə qarşılaşmışdım. Mən duruş gətirdim. İlk növbədə Avropa Şurasının müdafiəsi və həmrəyliyi sayəsində. Lakin cənab Yaqlandın məntiqinə görə, bundan sonra mənim Avropa Şurası ilə bağlı olan heç bir şeyi tənqid etməyə mənəvi haqqım yoxdur. Yaxşı, bəs Strasburq kimi və nəyi müdafiə edirdi – məhbus Eynulla Fətullayevi, yoxsa Konvensiyada əksini tapmış prinsip və dəyərləri? Bu nə məntiqdir? Bu nə yanaşmadır? Bu nə avtoritar düşüncə tərzi və fəalları «özününkü və yadlar»a bölmək cəhdidir?

Yaqlandın sözlərindən belə çıxır ki, keçmişdə Avropa Şurasına borclu olduğum üçün bütün potensialımı Azərbaycan hakimiyyəti ilə mübarizəyə yönəltməliyəm. Hakimiyyətə bu cür önyarğılı düşmən münasibəti nədən qaynaqlanır? Nəyə görə Yaqland rəsmi Bakını Avropa cəmiyyətinin düşmənləri sırasına yazıb? Hansı səbəbdən o, insanların, xalqların və hakimiyyətlərin taleyini həll edən hakim rolunu öz üzərinə götürüb? Avropalı siyasətçi üçün kifayət qədər alçaq sayıla biləcək metafora və idiomalara əl ataraq, XX əsrin ən dahi azərbaycanlılarından birinin, görkəmli korifey siyasətçi Heydər Əliyevin ruhunu təhqir etməyə ona mənəvi hüququ kim verib? Yeri gəlmişkən, məhz Heydər Əliyevin və Avropa Şurasının sayəsində 2001-ci ildə Azərbaycanda azad fikir və liberal mətbuat yarandı – hakimiyyət senzura və lisenziyaları ləğv etdi və KİV-in tam azadlığı bəyan olundu. Mən xalqa hədiyyə edilmiş bu azadlıq hüququndan yararlananlardan biri idim.

Yaqlandın diqqətinə çatdırıram ki, mən görkəmli azərbaycanlı Əliyevin heykəlinin önündə baş əyməmişəm, lakin onun unudulmaz xatirəsi önündə baş əyirəm!

Digər tərəfdən, Avropa dəyərlərinin keşiyində duran Şuranın baş katibi hansı əsasla məni, yaxud başqa birini lazım bildiyi kimi düşünməyə və fikirləşməyə məcbur edir? Bu nə davranış tərzidir? İnsanın azad iradəsini əzməyə və ona diktə etməyə yönəlmiş bu tərzi necə anlamalı? Bu nə təəccüblü siyasi fəlsəfədir belə?

Yaqland Azərbaycana və rəsmi Bakıya qarşı aqressiyasına başqa bir korifey siyasətçi – dahi Villi Brandtın tarixi irsinə sədaqəti ilə haqq qazandırır. Fəqət baş katibin fəlsəfəsinin yoxsulluğu və açıq-aşkar volüntarizmi, öz düşüncə tərzini hamıya sırımaq hərisliyi yalnız bir həqiqətdən xəbər verir – norveçli siyasətçi dahi alman esdekin irsini əxz edə bilməyib.

Dünya tarixində Brandtın nəhəng rolu nədən ibarətdir? Yaqlanddan fərqli olaraq, alman siyasətçi özünün şərəfli adını Avropa tarixinə Avroatlantik cəmiyyətlə sosialist düşərgəsi arasında gərginliyin azaldılmasına və dəyərlərə yenidən baxılmasına yönəldilmiş, artıq əfsanəvi hesab edilən «yeni Şərq siyasəti» hesabına yazdırıb. Brandt heç vaxt hədə və hərb dilinə müraciət etməyib, əksinə, barışdırıb, güzəştə getməyə vadar edib, ultimatumları rədd edib, səhvləri etiraf edib, stereotipləri dağıdıb...

Brandtın fəlsəfəsi Yaqlandın güzəşt tanımayan aqressiyasına tamamilə ziddir. Axı hansı Brandtdan danışırıq?! Yaqlandın, yeri gəlmişkən, imperialistlərin vəhşi davranışlarının qurbanı olmuş Brandt barədə, ümumiyyətlə, təsəvvürü varmı?!

Baş katib Yaqland özünün çoxşaxəli və miqyaslı təəssüratı yaradan fəaliyyətində bir hədəf seçib – Azərbaycan və özünü çeşidli QHT-çilərlə - qrant layihələrinin əfəl icraçıları ilə bir sıraya qoyub.

Onun Ramil Səfərovun işi ilə bağlı açıq-aşkar birtərəfli bəyanatını xatırlatmaq olar. O zaman Yaqland Azərbaycanı «məhkum edilmiş qatili» təmtəraqla qarşılamaqda ittiham etmişdi. Yaxud da onun 2014-cü ildə «The Guardian»da çıxmış tənqidi məqaləsini yada salmaq olar. Həmin məqalədə o, Britaniyanı Avropa Şurasının yurisdiksiyasından çıxmamağa çağırır və əlavə edir ki, bundan Azərbaycan kimi ölkələr presedent kimi istifadə edə bilər. O vaxt da Yaqlandın qələmindən yalnız bir ölkənin – Azərbaycanın adı çıxırdı! Məgər dünyada təkcə Azərbaycan var? Doğrudanmı Avropa qitəsində insan hüquqlarının pozulması ilə bağlı səs-küylü bir hadisə yoxdur? Nəyə görə Yaqland erməni Elektromaydanında ifadə azadlığının timsalında insan haqlarının qəddar və misli görünməmiş əzilməsini, yaxud Yerevanda «Sasna Tsrer»in məhvini görmədi?

Yorulmadan dilimizdə «nəyə görə» kəlməsi səslənir? Bizim yorulmaz suallarımız, bir daha təkrar edirəm ki, baş katibin izahedilməz və əsassız qəzəbinə tuş gəldi. Görünməmiş hadisədir – baş katibin özü uzaq Cənubi Qafqaz ölkəsinin hansısa jurnalistinin çıxışına reaksiya verir?!

Amma deyəsən, Yaqlandın motivlərini anlayıram. Bəlkə onun Rusiyadakı bəzi korrupsiyalaşmış dairələrlə anlaşılmaz əlaqələri barədə səsləndirdiyim fakt baş katibin ürəyincə olmayıb?

Baş katib postuna seçildiyi andan etibarən Yaqland ən azı beş dəfə Moskvaya səfər edib. Rusiyaya qarşı «Krım məsələsi» və «Abxaziya işi», Moskvanın Qərb ölkələrində seçki texnologiyalarına müdaxiləsi ilə əlaqədar bir çox suallarının yarandığı təşkilatın baş katibinin ehtiyatsız əlaqələri ən azı təəccüb doğurur. Axı söhbət o ölkədən gedir ki, ona qarşı 2014-cü ildə Avropa Şurasının Parlament Assambleyası sanksiya tətbiq edib və Assambleyada statusunu məhdudlaşdırıb. Məhz 2014-cü ildən, Rusiyanın Avropa Şurası ilə nəzərə çarpan problemlərinin yarandığı andan etibarən Yaqland hər il Moskvaya baş çəkməyə başlayıb və çətin vaxtlarında həmrəyliyini ifadə edib.

Yaqland elə həmin AŞPA-nın sədri, ispan Pedro Aqramuntun taleyini təkrarlaya bilər. İstisna etmək olmaz ki, hansısa «xeyirxah» Yaqlandın belə dəstəyinin əsl səbəbləri barədə beynəlxalq mətbuata məlumat sızdırmayacaq. Lap elə həmin Pedro Aqramuntla olduğu kimi.

Aqramunt AŞPA-da yalquzağa çevrilib, Yaqland isə öz adını həmişəlik rüsvayçılıqla örtə bilər. Və o vaxt taleyin oyunu elə gətirə bilər ki, öz vəzifəli şəxslərinə qarşı korrupsiya faktlarına görə təhqiqatlara başlamış Avropa Şurasının müvafiq strukturları öz baş katiblərinin işi ilə məşğul olmağa məcbur olacaqlar.

Rusiyaya, Moldovaya. Britaniyaya, İtaliyaya qarşı bir söz deyilmədiyi halda... Azərbaycana qarşı tam bir təşviqat. Yaqlandı necə anlamalı?

Eynulla FƏTULLAYEV