vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MÜBAHİSƏ  
09:19 | 22 fevral 2014 | Şənbə Məqaləyə 2925 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İlham Əliyev Den Syaopin yolunu seçdi»

Eynulla Fətullayev: «Əsası qoyulduğu gündən indiyə qədər, Əliyev hakimiyyəti bu qədər güclü, hətta deyərdim nəhəng olmayıb»

Hazırladı: Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış jurnalist Eynulla Fətullayevin özünün rəhbərlik etdiyi haqqın.az saytında yazdığı «Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...» adlı məqaləsi ölkə gündəmini dəyişib. İş o yerə qədər gəlib ki, artıq Amerikanın Bakıdakı səfirliyi də mövzuya münasibət bildirib. Yazıda «iqtidarın gizli adamları» kimi siyahılaşdırılan tanınmışların bir çoxu da iddialara cavab veriblər. Bu mövzuda ən az danışan isə məqalənin müəllifi Eynulla Fətullayevdir.

Onun ünvanına saysız-hesabsız suallar, iddialar və qınaqlar var. Məhz ona görə də E.Fətullayevi redaksiyamıza dəvət edib, mövzunu daha da açmaq qərarına gəldik. Müsahibə boyunca sual yağışına tutduğumuz E.Fətullayev olduqca ilginc açıqlamalar verdi, yeni məlumatlar paylaşdı. Onunla apardığımız müsahibənin son hissəsini təqdim edirik.

(əvvəli ötən saylarımızda)

 

- Prezident İlham Əliyevin Dünya Miyatoviçə «Biz belə bir şərt qoymuruq, niyə getməlidir, Eynulla istəyir burada yaşasın, istəyir getsin, azad insandır, özü bilər» dediyini sizə kim çatdırıb?

- Dünya Miyatoviç özü bunu mənə deyib. Yəni mənim qarşımda qətiyyən heç vaxt ölkədən çıxıb getmək şərti qoyulmayıb.

 

«İLHAM ƏLİYEV ƏSAS «OYUNÇU»larla KOMPROMİS ƏLDƏ EDİB, ONLARIN AZƏRBAYCANDA MARAQLARI TƏMİN OLUNUB»

 

- Biz istərdik kənardan baxış imkanı olan bir ekspert kimi siyasi düşərgələrə dair sizin baxışınızı soruşaq. Müxalifətdə vəziyyət xeyli dərəcədə aydındır. Yəni göründüyü kimi - «iqtidarda vəziyyət çox yaxşıdır, müxalifətdə çox pisdir», demək olarmı? Vəziyyət nə dərəcədə yaxşıdır, nə dərəcədə problemlidir? Azərbaycan hakimiyyəti qarşıdakı beş illikdə özünün qorunmasını təmin edə bilibmi?

- Mən hesab edirəm ki, yarandığı gündən, əsası qoyulduğu ildən Əliyev hakimiyyəti bu qədər güclü, hətta deyərdim nəhəng olmayıb. Hakimiyyət çox güclüdür. Bütün daxili ziddiyyətlər və çəkişmələr haqqında dövriyyəyə buraxılan məlumatlar şayiədən başqa bir şey deyil. Əlbəttə, bəzən xırda toqquşmalar olur və bu, bütün dünyada iqtidarlar daxilində müşahidə olunan haldır. Amma ümumilikdə siyasi nöqteyi-nəzərdən hakimiyyət monolitdir, sıxdır. İcra vertikalı effektiv şəkildə fəaliyyət göstərir, vertikalın başında da prezident dayanır. Ölkədə bütün situasiyaya tam nəzarət edirlər, hətta total nəzarəti təmin ediblər. Daxildən nə etirazçı elektorat tərəfindən, nə müxalifət tərəfindən hakimiyyətə heç bir təhlükə yoxdur. Xaricə faktora baxanda, hesab edirəm ki, İlham Əliyev çox ağıllı, müdrik və hesablanmış xarici siyasət həyata keçirir. Mən deyərdim ki, xarici siyasət daxili siyasətə baxanda daha cəsarətli, daha fəal və daha ağıllıdır. Çünki mən hesab edirəm ki, İlham Əliyev bütün əsas oyunçularla kompromis əldə edib, bütün əsas oyunçuların Azərbaycanda maraqları təmin olunub...

 

- Rusiyanın da?

- Düşünürəm ki, bəli Rusiyanın da maraqları təmin olunub.

 

«RÜSTƏM İBRAHİMBƏYOV BİR İL BUNDAN QABAQ DEYİRDİ Kİ, İLHAM ƏLİYEV GEDƏCƏK; HƏTTA DEYİRDİ Kİ, YENİ PREZİDENTİN ADINI DA BİLİR...»

 

- Amma Rüstəm İbrahimbəyov bu günlərdə müsahibəsində deyib ki, Rusiyanın Azərbaycana münasibəti heç də yaxşı deyil.

- Artıq bəllidir ki, Rüstəm İbrahimbəyov siyasətdə çox qeyri-ciddi adamdır. O, böyük yazıçıdır. Amma siyasətçi deyil, siyasəti bilmir. Rüstəm İbrahimbəyov bir il bundan qabaq deyirdi ki, İlham Əliyev gedəcək. Hətta deyirdi ki, yeni prezidentin adını da bilir. Nə yeni prezidenti gördük, nə situasiyanın dəyişməsini. Ona görə də Rüstəm İbrahimbəyov bu məsələdə mənbə deyil. Əgər Rusiyanın Azərbaycan hakimiyyətinə münasibətinin yaxşı olmadığını Abbas Abbasov, Eldar Həsənov, İlham Rəhimli kimi ciddi fiqurlar desəydilər, mən o zaman bu fikir ətrafında bir mükalimə yürüdərdim. Mən hesab edirəm ki, Rusiya ilə bağlı siyasət də çox uğurludur. İlham Əliyev yeganə regional oyunçudur ki, Rusiyanın diqtəsi altında Azərbaycanın milli, dövlət maraqlarına xələl gətirəcək addımlar atmadı və bununla belə, Rusiyanı razı saldı. Baxın, Rusiya Moldovaya qarşı necə aqressivdir. Əslində Moldovanı artıq üç yerə parçalayıb. Ukraynanın hansı duruma salındığı gözümüzün qarşısındadır. Eləcə də Orta Asiya ölkələrinin də düşünürəm ki, gələcəyi sual altındadır. Xüsusilə orada hakimiyyətdə olan diktatorların həyatdan getməsi ilə vəziyyət qarışa bilər. Ermənistanın da vəziyyəti məlumdur; Ermənistan artıq Rusiyanın bir muxtar vilayətidir. Gürcüstan artıq Rusiya ilə bir masa arxasında oturmağa məcburdur. Baxın, yeganə Azərbaycan çox ehtiyatlı, eyni zamanda hər iki ölkənin mənafeyinə cavab verən, maraqları qorumaq şərtilə münasibətlər qurub. Bundan həm Rusiya tərəfi razıdır, həm Azərbaycan tərəfi.

 

- Amma daxildə azadlıqlara məhdudiyyətlər var, mətbuata, söz azadlığına, digər azadlıqlara məhdudiyyətlər var. Ölkədə ciddi islahatlar getmir. Hakimiyyətdə təmsil olunan yüksək vəzifəli məmurların, onların yaxınlarının hansı əməllərlə məşğul olmalarını xeyli vaxtdır sizin sayt ifşa edir, biz də dərc edirik, başqa media orqanları da verir. Lakin həmin insanlar hakimiyyətdə yenə də təmsil olunurlar. Məsələn, sizin son iki gün ərzində verdiyiniz materiallara görə hər hansı bir sivil ölkədə hökumət çökərdi. Oliqarxların övladları, qardaşı uşaqları, bacısı uşaqları barədə bir hökuməti dəyişdirə biləcək səviyyədə məlumatlar yayılır. Bununla nə qədər davam eləmək olar? Prezident də dəfələrlə deyir ki, bir sıra məmurlar hədlərini aşırlar, eyş-işrət içində yaşayırlar. Lakin sanki getdikcə onların mövqeyi daha da güclənir...

- Mən düşünmürəm ki, güclənir. Güclənsəydi Azərbaycanda məsələn, ASAN kimi xidmət yaranmazdı. Hesab edirəm ki, ASAN xidmətlə bağlı qəbul olunmuş son iki qərar inqilabi xarakter daşıyır. Çünki bu xidmətə son günlərdə əlavə olunan hər iki sahə Azərbaycanda əslində korrupsiyaya bulaşmış, insanları daha çox incidən, süründürməçiliyə yol verilən sahələrdir. Yəqin siz də razılaşarsınız ki, mənzillərə mülkiyyət sənədinin verilməsi Azərbaycanda necə vəziyyətdəydi, korrupsiya hökm sürürdü. Məhz bu hallara son qoyulması üçün həmin xidmətləri ASAN-a verdilər. Müdafiə nazirliyinin son qərarı da çox təqdirəlayiq sayılmalıdır. Hərbi çağırış komissiyalarının sağlam kimi əsgərliyə göndərdiyi 300-dən artıq çağırışçını Müdafiə nazirliyi hərbiyə yararsız olduqları üçü geriyə qaytardı. Deməli, hərbi çağırış sahəsində də qanunsuzluqların qarşısının alınması istiqamətində addım atılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni təyin olunan Səlim Müslimov hesab edirəm ki, parlaq bir nazirdir. Yəni biz ayrı-ayrı sahələrdə təkamül yolu ilə müəyyən müsbət dəyişikliklər görürük. Bunlar hamısı müsbət simptomlardır.

 

- Amma saydıqlarınız azlıqdır. Ziya Məmmədovdan neçə vaxtdır təkcə siz nə qədər ciddi materiallar yazırsınız, biz də yazırıq. Ancaq onun rəhbərlik elədiyi nazirliyə büdcədən ayrılan vəsait daha da artırıldı. Mövqeyi yenə də güclüdür, Nazim İbrahimov və digər bir sıra nazirlər barədə eyni fikri söyləmək mümkündür. Sanki oliqarxlardan bir çəkingənlik var - bunlara dəymədən bunların səlahiyyətlərini azaltmaq taktikası. Bu, islahat deyil axı.

- İki yol var. Bunu izah etmək üçün bir misal göstərmək istəyirəm. 1985-ci ildə SSRİ və Çin anlayırdı ki, hazırkı sistem şəraitində yaşamaq mümkün deyil, sistem, iqtisadi formasiya dəyişməlidir. Bunu Mixail Qorbaçov da, Den Syaopin də başa düşürdü. İndi gəlin, baxaq. Hər ikisi islahatlara getdi. Den Syaopin nədən başladı? Ten İemin güllələnməsindən. Qorbaçov isə aşkarlıq və yenidənqurmadan başladı. Den Syaopin o zaman əsas beynəlxalq ictimai fikrin hədəfindəydi, Qorbaçov isə qəhrəman kimi qəbul olunurdu. 10 ildən, 15 ildən sonra Rusiya kriminal, ac-yalavac, dağılmış dövlətə çevrildi. Çin isə çiçəklənməkdədir, iqtisadiyyatı irəli gedir. O dövrdə Çində dərhal dəyişiklik tələb edən o qədər sahələr var idi ki... Ancaq Den Syaopin anlayırdı ki, dövlət institutu çox mürəkkəb bir orqanizmdir, onu birdəfəlik, bir günün içində ani olaraq Qorbaçov kimi dəyişmək sadəcə mümkün deyil, bir zaman ərzində tədrici dəyişiklik uğurludur.

 

- İlham Əliyev Den Syaopin kimi edir?

- Bəli. Mən hesab edirəm ki, İlham Əliyev Den Syaopin yolunu seçdi. Biz 10 il əvvəl Bakının bu qədər dəyişəcəyini təsəvvür edə bilməzdik. İslam Kərimov məgər Daşkəndi tikə bilməzdi? Tikə bilərdi, ancaq tikmədi, etmədi. İlham Əliyev bunları etməsəydi guya, Azərbaycanda siyasi situasiya dəyişəcəkdi ki? Əlbəttə yox. İlham Əliyev isə bunu edir. Biz görürük ki, müəyyən dəyişiklik, müsbət dinamika var. Mən əminəm ki, 5-10 ildən sonra bizi təəccübləndirəcək daha çox şeylər olacaq.

 

- Amma bu 5-10 ili də yaşamaq lazımdır. Məsələn, qəzet satışına elə problemlər yaradılıb ki, biz bu cür heç 5-10 ay da tab gətirə bilməyəcəyik...

- İnsan həyatı nöqteyi-nəzərindən 5-10 il, tamamilə doğru buyurursunuz, bu bir böyük vaxtdır. Amma siyasi xadimlər də tarixi kateqoriyalarla düşünməlidir. Ona görə də onlar dövlətləri idarə edir. Yəni başqa yol mən görmürəm.

 

- Müxalifətimizin perspektivləri barədə bir neçə cümlə deyə bilərsinizmi? Nə gözləyirsiniz? Müxalifət düşərgəsi 21 ilə yaxındır Əliyev hakimiyyətinə qarşı dayanıb. Hakimiyyətə gələ bilmir, amma eyni zamanda rejimin də onu məhv etməsi mümkün olmur; mövqeləri qoruyur ...

- Məncə, müxalifət dirçəlməyəcək, tənəzzül davam edəcək. İllərdir müşahidə olunan eyni situasiya yenə də davam edəcək. Bəllidir ki, indiki müxalifət öz mövqelərindən əl çəkməyəcək, siyasətdən getməyəcək və eyni vəziyyət davam edəcək. Bu, «sürünmə» adlandıra biləcəyimiz siyasi proses 2018-ci ilədək davam edəcək.

 

«BİR GÜNÜN İÇİNDƏ ELƏ EDƏRƏM MÜXALİFƏTİN SEVİMLİSİNƏ ÇEVRİLƏRƏM»

 

- Eynulla bəy, bir zamanlar müxalifət düşərgəsinin gözünün nuru idiniz. Sizi çox sevirdilər, həbsdə olanda da sizi bizə, hər kəsə nümunə göstərirdilər. İndi isə vəziyyət tamamilə tərsinədir. Yenidən narazıların qəhrəmanı olmaq istəməzdiniz?

- Bir günün içində elə edərəm müxalifətin sevimlisinə çevrilərəm. Amma buna lüzum varmı? Söhbət ondan gedir ki, mən kiminsə, məhəbbətini qazanmaq üçün və yaxud dəstəyini əldə etmək üçün bu addımları atmıram. 10 il qabaq biz həqiqətən də düşünürdük ki, Azərbaycanda situasiya fərqli istiqamətdə gedə bilər. Yəni necə gedə bilər? Biz düşünürdük ki, bu müxalifət öz üzərində işləyəcək, öz sıralarını genişləndirəcək. Müəyyən mənada güclü müxalifət hamıya lazımdır, ilk növbədə xalqa lazımdır. Həm də belə olanda bu məmur ordusu, prezident demişkən, bu qədər harın və arxayın olmur. Onlar bilir ki, burada bir qüvvə var və o qüvvə xalqı mobilizə edə, ayağa qaldıra bilər. Amma bizim düşüncələrimizin əksinə olaraq, göründü ki, müxalifətdəki insanlar bunu etmək gücündə və iqtidarında deyillər. Tarix insana neçə dəfə şans verər? Tarix bunlara dəfələrlə şans verib, bu müxalifət bəzən hakimiyyətin iki addımlığında da olub. Lakin addım ata bilməyib. Şanslardan istifadə edə bilməyiblər. Nə etməlidirlər? Artıq getməlidirlər. Zaman da dəyişir, artıq partiyalar cəmiyyətin həyatında elə də öncül rol oynamırlar. İndi daha çox ictimai təsisatlar, hərəkatlar, yeni ideologiyalar meydana çıxmaqdadır. Mən düşünmürəm ki, Azərbaycanda hansısa siyasi partiya gələcəkdə uğur qazanacaq. Əgər Azərbaycanda nə zamansa dəyişikliklər olsa, bu müxalifət həmin dəyişikliklərin başlanmasında, həyata keçməsində heç bir rol oynamayacaq. Onlar sadəcə seyrçi olacaqlar.

 

«AZƏRBAYCANDA HAKİMİYYƏTİN DƏYİŞMƏSİNİ İSTƏMİRƏM»

 

- Bəs siz indiki hakimiyyətin dəyişməsini istəyisinizmi?

- Açığını deyim, Azərbaycanda hakimiyyətin dəyişməsini istəmirəm.

 

- Niyə? Qorxursunuz müxalifətin hakimiyyətə gəlməsindən, qisasdan?

- Qətiyyən qorxmuram. Birincisi, bu müxalifət hakimiyyətə gəlməyəcək. İkincisi, isə bu gün Azərbaycanda optimal bir model var. Bundan daha yaxşısı ola bilməyəcək. Ən yaxşı halda bundan bir az yaxşısı ola bilər...