vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜBHƏM  
10:51 | 16 dekabr 2022 | Cümə Məqaləyə 10751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük şəxsiyyətlərin oxşar taleləri

Abbas Səhhət və Mir Əsədulla Mirqasımov ...

Etibar ƏLİYEV, millət vəkili

MÖVZU İLƏ ƏLAQƏLİ

Abbas Səhhətin atası onu ruhani etmək arzusunda olub. Bu məqsədlə onu Məşhədə göndərir. Məşhəddə Mirzə Cəfər mədrəsəsinə qəbul olunur. 1894-cü ilin axırlarında Şamaxıya atasına yazdığı məktubda Səhhət bildirir ki, buradakı təhsil onu təmin etmədiyi üçün Tehrana tibb təhsili almağa getmək fikrindədir.

Bunu, hər şeydən əvvəl, gənc şairin dinə mənfi münasibəti, dinin çürüklüyünü dərk etməsi kimi izah etmək olar. Buna görə hətta atasının yazdığı qəti etiraz cavabı da şairi öz fikrindən döndərə bilməyib. Atası öz məktubunda oğluna təhsilini davam etdirməyi, yoxsa göndərdiyi xərcliyi və tədris haqqını kəsəcəyini xəbər verirdi. Bunların heç biri tibb və təbiət elmlərinə can atan dövrünün açıq gözlü ziyalısı olmaq istəyən gənci qorxutmur. Tehranda Səhhət Atasının yaxın dostlarından birinin köməyilə Tehran darülfünunun tibb şöbəsinə daxil olur. Və 1900-cu ildə altı illik təhsildən sonra darülfünu bitirib həkimlik diplomu alır. 1901-ci ildə İrandakı cəhalət mühitinə dözməyib Şamaxıya qayıdır. Sonralar Şamaxıda realni məktəbdə dərs deyən zaman şair tez-tez İrandakı rəzalətlərdən, başa yanan manqal keçirmək, qulaq, əl kəsmək kimi vəhşi cəza üsullarından qəzəblə danışardı.

Abbas Səhhət yazırdı ki, bu darülfünun tədris, təlim və tərbiyyə işlərində çox ibtidailik vardı. Altı il tibb fakültəsində oxuyan və həkim hazırlanan tələbələrlə təcrübi məşğələlər aparılmırdı; çünki şəriət meyitin təşrih edilməsinə yol vermirdi. (Kamal Talıbzadə Abbas Səhhət. Bakı-1955-ci il).  

Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, akademik Mir Əsədulla Mirqasımovun atası Mir Ələsgər mədrəsədə ərəb, fars dillərindən və ilahiyyatdan dərs deyib. O istəyirdi ki, oğlu dini savad alsın, şeyxülislamlıq mərtəbəsinədək yüksəlsin. Bu səbəbdən oğlunun rus gimnaziyasında oxumasına razılıq vermirdi. Bunları yaxşı başa düşən 13 yaşlı Mirəsədulla atasından xəlvət gimnaziyaya gedib. Tezliklə rus dilində danışmağı, yazmağı da öyrənib. Orada dərs deyən alman pastorunun köməyi ilə gimnaziyaya daxil olub. Bu qərarının ailəsi, qohumları tərəfindən kəskin etirazla qarşılanacağını, atasının bəlkə ən sərt tədbirlərə əl atacağını anlayıb, ancaq fikrindən dönməyib.

O, evdən gimnazist geyimində çıxa bilməzdi. Ona görə də bir dükançı ilə danışıb. Hər gün mədrəsədən çıxanda dükanda gimnazist paltarını geyinib, furajkasını başına qoyub gimnaziyaya gedib. Qayıdanda yenə dükana baş çəkib, paltarını dəyişib. Bir müddət belə davam edib. Ancaq bir gün sirrin üstü açılıb. Onu təsadüfən küçədə gimnazist geyimində görən əmisi bu xəbəri Mirələsgər ağaya yetirib. Gələcəyinə ümidlə baxdığı, böyük din xadimi olacağına inandığı oğlunun bu hərəkəti ata üçün zərbə olub. “Mənim bundan sonra Mirəsədulla adlı oğlum yoxdur, o, kafirdir” deyib. Rus gimnaziyasında oxumaqla onun prinsiplərinə qarşı çıxan oğlunu cəzalandırıb, onu evdən qovub. Həkim olmaq arzusu ilə Rusiyaya yollanan Mirəsədulla 1908-ci ildə Odessada Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub”. 

O, xarakteri, zəkası və iradəsi hesabına tibb elminin ən yüksək zirvəsini fəth etmişdir. Mir Əsədulla Mirqasımov  azərbaycanlı ilk alim-cərrah olub.