O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
Şaxtalı İsveç gecəsində aylı-ulduzlu göyüzü isti bir uşaqlıq xatirəmi yadıma saldı, mən də hardasa 50 ilin o söhbətini sizə danışmaq istədim.
Demək, bir axşam evimizdə kirəyə qalan qızların səs-küyü həyəti başına götürmüşdü. Axşamüstü başlayan qar aləmi dümağ rəngə boyamışdı. Yalan olmasın, yerdə mənim diziməcən, budaqlarda da qarğa dümdüyü boyda. Elə bil, həyətimiz ilahi bir əfsunla qəfil işıqlanmışdı.
Qızlar qartopu oynayırdılar. Düşüb onlara qoşulurdum səki, pilləkənin başındaca məni qara tutdular. Sonra yerə yıxıb az qala qara basdıracaqdılar. Nəfəsim kəsilənəcən yordular, üst-başımı isladıb islahatdan çıxardılar.
Onda mənim 8-10, onların isə 18-20 yaşları olardı. Hərəsi bir diyardan gəlib Ağdam Musiqi Texnikomunda piano sinfində oxuyurdular.
Əllərindən qaçıb həyətimizin ayağındakı narlığa verdim özümü, guya gizlədim. Yarpağını çoxdan tökmüş bir ağacın altında qara uzandım. Qollarımı başımın altında çarpazlayıb ulduzların tamaşasına durdum. Göyüzünü hələ heç vaxt belə gözəl görməmişdim – anamın qurduğu yolka kimi çıraqban idi, od tutub yanırdı.
O sehirli gecəni dünənmiş kimi xatırlayıram.
Milyon-milyon ulduz içində gözüm bir-birindən eyni məsafədə alt-alta sıralanmış 3 ulduzu o saat aldı. Elə bil, kimsə ulduzları göyüzünə necə gəldi səpəndən sonra bu 3 ulduzu ayırıb öz əliylə yenidən bir xətt boyunca düzübmüş. Elə yaxından parıldayırdı ki, deyərdin bəs, ulduz deyil, həyətimizin qar dənələrində bərq vuran işıqlarıdır.
...Bir il sonra növbəti qışda bir də gördüm onları. Atamgil məni kənddə nənəmin yanında qoyub Bakıya getmişdilər. Mən də onlardan küsüb incik halımla nənəmə qısılmışdım. Həmişə sevinə-sevinə gəldiyim ev bu dəfə məni sıxırdı.
Həmin ulduzları görənə qədər.
Onları görəndən sonra bütün qəm-qüssəm yaddan çıxdı. Köhnə dostları görürmüş kimi sevinirdim. “Bura da gəlib çıxıblar!?” – elə təəccüblənmişdim ki! Sanki ulduzlar yalnız həyətimizin göyüzündə duracaqmışlar, heç yana getməyəcəkmişlər. Çağırıb heyrətlə nənəmə göstərmişdim. “Onlar sənin bəxt ulduzlarındır”, demişdi Tovuz nənəm.
O gecə elə bilirdim, ulduzlar könlümü almağa gəliblər. O gecə ulduzlar məni yatızdıran nənəmin üzünə çökmüşdülər, onun gözüylə sayrışırdılar. Ömrün ən gözəl yuxularından birinə beləcə keçmişdim.
Üç Ulduzla az qala 50 illik dostluğumun təməli ömrün ən xoşbəxt çağlarını xatırladan o gecələrdə qoyuldu.
Sonralar Ekzüperinin “Balaca şahzadə”si hər dəfə yadıma düşəndə həyətimizdə qara uzanıb ulduzlarla söhbət edən o balacanı xatırlayacaqdım.
“O göydəki Allah haqqı” – o vaxt yaşlı adamların belə andı olardı. Mənim də and yerim, pənah yerim göydəki o Üç Ulduz oldu. Hər qış onları görəndə qəribə bir duyğu ilə arxayınlayır, qarşıdakı ildə hər müşkülün yoluna qoyulucağına içimdə inam yaranırdı. Mənim o ulduzlarla münasibətim tanrı-bəndə münasibətindən də ötə idi – qərib adamın öz-özüylə söhbətinə bənzəyirdi.
...Növbəti dəfə əsgərlikdə görüşdük. Uzaq Uralın göyüzündə, 45 dərəcə şaxtada, qaravulda. Üzümü göyə tutub onlara baxırdım, amma bu dəfə danışmırdım, çox soyuq idi. Fikrimdə təkcə isti dəniz xəyal edirdim. Onlar da düşüncələrimi oxuyur, sayrışaraq, ulduz dilində deyirdilər: “Darıxma, az qalıb, Xəzərin isti sularına gələcəksən”.
...90-cı illərin ağır vaxtları idi. Ailəm, el-oba qaçqın düşmüşdü. Çıxılmaza düşən adamın ağırlığı vardı içimdə. Bir qış axşamı Bakı səmasında gördüm onları. Xeyli söhbət elədik. Gəmilərin işıq siqnalı olur e, bax onun kimi cavab verirdilər – sayrışa-sayrışa deyirdilər dediklərini. İçimdə inam yarandı. Çətinim asan oldu o il.
Sonralar haralarda görmədim ki, onları!? Dünyanın dörd bir yanında! Bişkəkdən ta Vaşinqtonacan. Qışda şimal yarımkürəsinin hər yanında rastıma çıxdılar.
***
Dünən yenə görüşdük. Çoxdan görükmürdülər. Bilirsən, dostum, İsveçdə qış gecələri hər deyəndə buludsuz olmur. Dünən buludsuz idi İsveçin göyüzü. Yenə mənim ulduzlarım sayrışırdılar, halımı soruşurdular. Üzümə qonan təbəssümdən onları ilk dəfə gördüyüm gecəni xatırladığımı tutdular.
İllər uzunu onlarla həyətimizdəki ilk görüşümüzü xatırlayıb o qədər xoşbəxt duyğuların istisinə bürünmüşəm ki, ... uzun gecələr boyu sabahlaracan.
...Dünən həyətimizin ayağındakı narlıqda qara uzanıb göydə ulduzlara baxırdım.
Evimizin kirayişin qızları qartopu oynayırdılar.
Anam yeni oyuncaqlar almışdı, yolkanı bəzəyirdi.
Həyətimiz ağappaq idi. Tanrı dərgahı kimi...
Dünən həyətimizdə gördüm bunları! Göydəki o Üç Ulduz haqqı, gördüm!