«Özünü yandıran qız rüşvətin qurbanı olub»
«Onun bütün müalicə xərclərini prokurorluq ödəyirdi, niyə?»
Bir neçə gün bundan öncə Bakının mərkəzində özünü yandıran Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Məleykə İntizam qızı Bayramlı haqda yeni faktlar üzə çıxıb. Bu gün xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişən mərhumla bağlı adının açıqlanmasını istəməyən onun uzaq qohumu gunxeber.com-a maraqlı faktlar danışıb.
Onun sözlərinə görə, Məleykə Bayramlı bədbəxt hadisə baş verməmişdən bir müddət öncə Əli Həbibli adlı oğlan tərəfindən təcavüzə məruz qalıb. Sonradan vəziyyətin ciddiləşdiyini görən oğlan əməlini ört-basdır etmək üçün M.Bayramlı ilə nişanlansa da toylarına sayılı günlər qalmış onu tanımadığını bildirib. Bu hadisədən sonra psixoloji sarsıntılara məruz qalan qız çıxış yolunu özünü yandırmaqda görüb: «Mən o ailəni və qızı uşaqlıqdan tanıyıram deyə hər şeyi inamla yaza bilərəm. Mərhumə Əli Həbibli adlı oğlan tərəfindən zorlanıb. Sonradan oğlan hərbi xidmətə getdiyi üçün valideynləri təşvişə düşüb elçilik və daha sonra isə nişan etdilər. Hətta bu ilin yanvar ayında toyları da olası idi. Ancaq qızın ürəyini yenidən ələ alandan sonra onun ailəsindən könüllü olaraq, bütün ərizələri geri götürməyi və zorlanma haqqında sənədi yandırmağı tələb etdilər. Sənədlər geri götürüldükdən bir müddət sonra Əli Həbibli və atası - alverçi Əbülfəz Həbibov pul hesabına bəzi orqanların ağzını yumub, qızın telefon zənglərinə cavab verməməyə başladılar. Oğlan da qıza deyib ki, mən səni ümumiyyətlə tanımıram».
Mərhumun qohumunun sözlərinə görə, bu hadisədən sonra aldadıldığını görən gənc qız çıxış yolunu özünü yandırmaqda görüb: «Xəstəxanada olanda mən də onun yanına getmişdim, qızın vəziyyəti normal idi. Ancaq maraqlı cəhət ondan ibarət idi ki, səlahiyyətində olmasa da onun bütün müalicə xərclərini prokurorluq ödəyirdi. Maraqlıdır, niyə? Axı onun səlahiyyətində deyildi bu. Təbii ki, burada da rüşvət faktoru öz sözünü deyir. Məleykə Bayramlı rüşvətin qurbanı oldu».
Elə qızın müəmmalı şəkildə birdən-birə xəstəxanada dünyasını dəyişməsi də bir çox suallar doğurur. Həkimlərin dediyinə inansaq Məleykə Bayramlı ölümündən bir az əvvəl özünü yaxşı hiss edib.
Qeyd edək ki, Məleykə İntizam qızı Bayramlı yanvarın 30-da Bakının Səbayel rayonu ərazisində özünü yandırmışdı. 19 yaşlı qız özünü yandırmamışdan əvvəl zorlandığı üçün bu addımı atdığını demişdi.
Baş Prokurorluğun məlumatına görə isə, Lənkəran sakini Məleykə Bayramlı Əli Həbibli ilə aralarındakı mübahisəyə görə intihara cəhd edib. Məleykə Bayramlı 2013-cü ilin oktyabrına qədər MTN–in Mühafizə Taborunda hərbi xidmətdə olmuş Əli Həbibli ilə dəfələrlə görüşərək, yaxın ünsiyyətdə olub. Bir müddət sonra həmin şəxsin onu zorlaması barədə Hərbi Prokurorluğa müraciət edib. Amma sonrakı müraciətlərində o, əvvəl dediklərini təkzib edərək, Əli Həbibli ilə artıq nişanlandıqlarını bildirib. Şikayətlərindən imtina edib.
Prokurorluq bildirir ki, zorlanma hadisəsi təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.
Baş Prokurorluq qeyd edir ki, adıçəkilən şəxslər nişanlanaraq bir müddət əlaqələrini davam etdiriblər. Sonradan aralarında yenidən münasibətlər pozulduğuna və ailə qurmadıqlarına görə Məleykə Bayramlı özünü yandırmaqla intihara cəhd edib.
Fakt üzrə Səbayel rayon Prokurorluğunda intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.