Şirməmməd Hüseynovun rektor qızına yüksək vəzifə
İlham Əliyev Fərəh Əliyevanı Prezident Administrasiyasında şöbə müdiri təyin etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Vaxt.az xəbər verir ki, sərəncamla Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Fərəh Əliyeva kimdir?
Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.
1994-cü ildə “XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə “XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
“Azərbaycan musiqisində üslub axtarışları” elmi monoqrafiyasının, dərsliklərin (“Musiqi ədəbiyyatı”, həmmüəllif A.Tağızadə, B., 1994; “Musiqi” həmmüəlliflər T.Babayeva, S.Qurbanəliyeva, B., 2001), çoxsaylı elmi məqalələrin müəllifidir. Tədqiqatçı kimi Fərəh Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. Onun Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, A.Əlizadə, F.Qarayev, F.Əlizadə, R.Həsənova, S.Ələsgərov, C.Cahangirov, T.Quliyev, R.Behbudov və başqa bəstəkarlar, ifaçılar haqqında məqalələri işıq üzü görüb.
2 may 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib[1]. 3 mart 2017-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 11 may 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin olunan Fərəh xanım Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovun qızıdır.