Yazarın intiharı
(Hekayə)
Qəribə şəhər idi. Hamı ac-yalavac oturub gözləyirdi. Bu adamların xörəyi nə ət, nə başqa bir şey idi. Bunların yeməyi xəbər idi. Ac adam bir qarın xörəyi necə arzulayar? Bu adamlar da bir “qarın” xəbəri elə arzulayırdılar. Xəbər gələn kimi ac qurdlar kimi hücuma keçirdilər. Elə cumurdular, elə bil diri-diri yeyəcəkdilər. Xəbəri isti-isti yeyirdilər, ya da döyüb xəmir kimi yoğurub yapırdılar, cürbəcür bişmişlər bişirirdilər. Biri istiotunu çox edirdi, biri şirin bişirirdi, biri südünü çox edirdi, süd tapmayan qaymaq vururdu. Qısası, hərə öz zövqünə görə bişirib həzm edirdi.
Xəbər olmasa yaşayış da yox idi. Hərə bir yerdə yatıb qalırdı. Biri elə yol getdiyi yerdə yatırdı. Biri oturduğu yerdə. Biri elə yatdığı yerdə yatırdı. Bu şəhərin adamları oyaq qalmagı sevmirdilər. Oyaq olan da özünü yuxuluğa vururdu, hərdənbir gözünü açıb baxırdı ki, xəbər gəlib, ya yox. Bu şəhərin adamlarını ancaq xəbər oyada blərdi. O da vizual ayıqlıq olurdu.
Xəbərsiz qalanda adamlar elə utanırdılar, heç bir-birlərinin gözlərinin içinə baxa bilmirdiər. İşsiz-gücsüz adamlar bir-birinin üzünə necə çarəsiz baxarsa, elə baxırdlar. Xəbər olanda kefləri düzəlirdi, utanmaqları keçirdi, qarınları doyurdu.
Ən çox intihar xəbərlərinə oyanırdı bu şəhər. İntihar olan kimi dik atılıb işə başlayırdılar.
Xəbər olmayanda sanki tarlalara yağış yağmırdı, quraqlıq olurdu. Özlərinə təsəlli verirdilər ki, olacaq, olmalıdır... Axı filankəs dedi ki...
O biri başını qaldırıb ümidlə:
- Hə? Nə dedi?
- Dedi ki, olacaq...
- Hə, görək də...
Bu iki bir- birindən utanan adam başlarını aşağı salıb hərə öz yoluyla gedirdi. Hərdən dönüb arxaya- bir-birlərinə baxırdılar, bəlkə bu saniyələr içində nəsə dəyişdi.
Adamlar yenə yata- yata gedirdi, yuxulu-yuxulu iş görürdü, həvəssiz-həvəssiz quru-quru yeməklər yeyirdi... Elə bu məqamda quş kimi şığıyan təzə xəbərdən canlandılar: Dedilər, Tərs Söyün təxəllüslü şair elan edib ki, intihar etməyə gedir. Camaat bunun ətəyindən tutub yalvarıb ki, əl bizim, ətək sənin. Şair bunların əlindən elə sıyrılıb çıxıb ki, ətəyi camaatın əlində qalıb.
Hərə yaşamaq üçün bir səbəb uydurub, amma heç biri şairin beyninə batmayıb. Bu qərara gəlib ki, burda vaxt itirməkdənsə, elə özünü ölümün ağuşuna atsa yaxşıdır. Bu axırıncını camaat ehtimal edib.
Şair gedəndən sonra çoxdan görünməyən canlanma müşahidə olunub, camaat bir canfəşanlıq edib, gəl görəsən. Biri ah çəkib, ahından yer-göy silkələnib. Biri bayatı deyib, o biri huşunu itirib, o birisi “xalqdan getdi” deyə dəli bir hönkürtü çəkib. Dördüncüsü şairin xatirəsinə kitab bağlamağı təklif edib, redaktorluğunu da öz üzərinə götürüb. Beşincisi deyib, yaxşı kişiydi, bu kişiyə rəhmət düşür.
-Allah rəhmət eləsin- bir neçə səs birdən tüfəng kimi açılıb.
“Rəhmət” sözünü eşidən Huşsuz Haşım qayıdıb ki:
-Uje?
Hacıqulu dodağının altında çox güman ki, dua oxuduqdan sonra deyib ki:
-Hər halda indiyə kimi xəbəri çıxmış olar.
Tərs Söyünün intiharını müzakirə edən yazı-pozu adamları cavanlı-qocalı çayxanaya yığışmışdılar. Simalarındakı hüzn onları nəcib və dalğın göstərirdi. Bu obraz hamısının ürəyincə idi.
- Bu intiharda mənim də günahım var,- Qayib Qızılbarmaq aram-aram dilləndi,- gərək rəhmətliyin dərd-sərindən vaxtında xəbər tutardım.
“Dərd-səri qurtarırdı ki, yetimin”,- donosçu Əbləh ürəyində dedi.
- Mənim də günahım var,- Huşsuz Haşım dedi- deyəsən problemləri vardı. Mənə də nəsə demişdi vaxtilə... Mən də demişdim ki...
- Hamımızın günahı var, hamımızın!- pafosla çıxış etməyi sevən Dəli Cümşüd dedi.
- Mənim də günahım var?- atasının yanında oturan uşaq soruşdu.
Hamı güldü. Amma elə güldülər ki, nəcib, xəfif hüzn üzlərindən çəkilməsin.
- Heyf uşaqdan,- ağsaqqal qəzetçi mərhum haqqında xatirələrə qayıtdı,- Mərifətli, qanacaqlı..
- Qurban olum Allaha, - Hikmətqulu Mənalı mənalı-mənalı dedi,- niyə elə yaxşıları aparır?
- Ah!- donosçu dala qaldığını görüb dərindən bir ah çəkdi, elə bu dəm çayxanaya biri dəli kimi soxuldu:
- A kişilər, bəs deyirdiz, Tərs Söyün özünü körpüdən atıb?
- Mərhum tərsin biri idi, heç bizə qulaq asdı ki?- ağsaqqal qəzetçi dilləndi.
- Ee onu demirəm e... Körpüdən gəlirəm ey, orda cəsəd-zad yox idi!
- Ə indiyə cəsəd qalar? Çoxdan morqa aparıblar, - Dəli Cümşüd dedi.
- Əşi orda iki polis vardı, dedilər, özünü atan olsaydı, biz yüz faiz görərdik.
- Yüz yox, iki yüz əlli faiz görərdilər!-çay içənlərdən biri təsdir etdi.
- Yəni deyirsiz?...-donosçu şübhəli-şübhəli soruşdu,- vaz keçib?
Hamı bir anlıq susdu. Ağsaqqal qəzetçi ağır kişilərə məxsus havasıyla:
- Əşi yox, elə oğlan döyüldü o. Dediyini eliyəndü.
Hikmətqulu Mənalı mənalı-mənalı başını buladı. Yəni ki, ağlım kəsmir.
Telefonun səsi sükutu pozdu. Köstəbək baş redaktor “heç yeridi” ədasıyla telefonu qulağına tutdu:
- Nədi ay arvad? Nə bilim, hüzrə gedəndə nə geyinəssən? Kimin hüzrünə gedirsən? Tərs Söyünün? Ay arvad, ortada meyit-filan yoxdu, kimin hüzrünə gedirsən? Açıl başımdan görüm. Əh!
Baş redaktor hirslə telefonu stolun üstünə çırpdı.
Çayxanadakılar elə bil quraqlığın depressiya gətirən havasını hiss etdilər, ətləri çimçəşdi. Elə nəsə deməyə hazırlaşırdılar ki, qapı açıldı, Tərs Söyün içəri daxil oldu. Üzündən qan damırdı. Yaxşıca qaralmışdı. Hiss olunurdu ki, dəniz havası alıb.
- Ay salaməleykum,- deyibən stul çəkib oturdu. Ona dikilən baxışları hiss etmədən üzünü çayçıya tutdu,- Ay uşaq, mənə bir çay gətir, xoruzquyruğu olsun ha.
- Ə yekə kişisən, - ağsaqqal qəzetçi handan-hana dilləndi,- demirsən, bu qədər adamı işindən-gücündən avara eləmisən? Balam, biz də intihar görmüşük də. Bunun bir qaydası var, ədəb-ərkanı var. Nə ağsaqqal tanıyursuz, nə qarasaqqal. İntihar ciddi işdi bala. Nə qədər ki, su dizinə çıxıb, kor şeytan deyirsən. Belivə ki, çıxdı, hə, iş bir az çətinləşir. Elə ki boğazıva çıxır, ta yolun yoxdu bala, gərək canıvı qurtarasan.
Ağsaqqal ara verib Tərs Söyünə baxdı. Tərs Söyün hörmət əlaməti olaraq başını tərpədirdi, amma gözü divara vurulmuş televizorda qalmışdı.
- Heç utanırsan?-ağsaqqal qəzetçi bu sözü lap bərkdən dedi. Hamı o dəqiqə başa düşdü ki, Tərs Söyün nəyə görə utanmalıdır.
Televizorda isə bu məqamda Tərs Söyünü göstərirdilər. Diktor kadr arxasından zabitəli səslə oxuyurdu:
- Körpüyə intihar etməyə gedən Tərs Söyün ləqəbli şair tıxac səbəbindən mənzil başına çata bilməyib. Ona görə istiqamətini dəyişib Şixov çimərliyinə gedib. Şair yaşamla ölüm arasında çox çətin anlar yaşadığını bildirib. Yerlə göy arasında qalan şair bu haqda geniş həcmli poema yazacağını oxuculara söz verib.
Çayxanadakılar gözlərini televizordan çəkib Tərs Söyünün üzünə dikdillər. O heç nə olmamış kimi böyük qurtumlarla çay içirdi. Deyəsən dənizdə yanıb-qaralan şair bərk susamışdı. Bəlkə də poemasının ilk sətirlərini düşünürdü.
Birinci ağsaqqal qəzetçi durdu. Dalınca köstəbək baş redaktor, onun ardınca donosçu Əbləh, onun ardınca Xalxal Xallı və qeyriləri qeyzlə yerlərindən qalxıb qapını çırpıb getdilər. Çayını bitirib ləzzətlə siqaret tüstülədən Tərs Söyünün bu kütləvi gediş heç vecinə də olmadı.
Köstəbək baş redaktor evə gəlib çıxanda arvadı hələ də deyinirdi:
- Mən bu qara paltarı məxsusi belə tədbirlərçün zakaz vermişdim. Bir ətək də pul verdim,-arvad az qalırdı ağlasın,- Uje neçənci xəbərdi ki, yalan çıxır.
Köstəbək baş redaktor sabah qəzetə nə xəbər yazacağını fikirləşirdi:
- Azz mənim gül kimi başlığım əldən getdi e! Gör nə yazmışdım- yazacaqdım yəni: “Körpüdən qanadsız uçan şair!” Təxəyyülə bax e! Hamısı əldən getdi!
Donosçu Əbləh yazı otağının ən zəif işıqlandırılmış guşəsində oturub qaranlığa baxırdı. Bu vəziyyətdə bərəlmiş gözlərilə xarabalığı seyr edən bayquşları xatırladırdı. Sonra qərarlı şəkildə qələmi əlinə aldı:
- Ac adamlara nə versən, həzm-rabedən keçirəcək. Nə yazsam, ac mədələrini dolduracam. Bu da mənim xidmətim olsun. Hi-hi.- Bir anlıq əl saxlayıb xırıltılı səslə güldü,- İnsanlıq məni unutmayacaq.
Tərs Söyünün öldüyünə bircə Alkaş Yetim ümidini itirməmişdi. Ağacı qucaqlayıb ağlayırdı:
- Söyün, ay Söyün, məni paxmel-paxmel qoyub hara getdin? İndi mən sənin yerinə bu ağacı qucaqlayıb ağlayım, hə? Heç olmasa yüz-yüz zakaz verib gedərdin. Axı biz uşaqlıq dostu olmuşuq... Söyün, ay Söyün...
Alkaş ağacın yanında tir-tap yerə sərilib yatdığı vaxt şəhər yuxuya qərq olmuşdu. Hələ ki, deyiləcək söz qalmamışdı.
Səhərki qəzetlərdə körpüdən reportaj çap olunmuşdu. Tərs Söyünün intihara təhrik olunduğuna diqqəti çəkən müəllif bütün ədəbi cameənin bu təxribatda əli olduğuna oxucuları inandırmaq istəyirdi. Ona görə bu adamların fəaliyyətinin məhdudlaşdırılmasının ümumi işin xeyrinə olacağı vurğulanırdı. “Ümumi iş” dedikdə yəqin ki, müəllifin bu fəaliyyət sahələrinə özəl nəzarətinin və səlahiyyətinin olmasının gərəkli olduğu nəzərdə tutulurdu.
Köstəbək baş redaktor və dəstəsi məqalənin müzakirəsindən bir şey çıxmayacağını görüb boğazlarını yaşlamağa getdilər. Baş redaktorun içindən qara qanlar axarkən, Alkaş Yetim kafenin yanındakı ağacı qucaqlayıb hönkür-hönkür ağlayırdı.
- Bu Yetimə elə bu ağac qalacaq,- köstəbək əlini yelləyib kafeyə girdi. Donosçu Əbləh və qeyriləri də əllərini yelləyib baş redaktorun ardınca getdilər.
Küçələri gözləri böyümüş, hədəqədən çıxmış insanlar basmışdı. Hamı nə isə gəzirdi, axtarırdı, amma bu “nə isə”nin nədən ibarət olduğunu heç kim bilmirdi. Əslində bilirdilər, təxmini nə lazımdır. Təxminnən çörək lazım idi, amma artıq bu ikinci plana keçmişdi. İndi camaatı çörək də qurtarmazdı. Çörək ağ günlər üçün idi. Adamlar isə günlərin rəngini çoxdan unutmuşdular. Ağı, mavini, narıncını, çəhrayını... Artıq göy qurşağını görənlər olmurdu. Nə illah edirdilərsə, görə bilmirdilər. İndi insanları başqa şeylər ruhən dincəldə bilərdi...
Quraqlıq idi. Xəbərlər gəlmirdi. Heç kim getmirdi ki, adamlar özlərinə gəlsinlər, yuxunu elə yatmış ikən görsünlər. Oyaq vaxtı yuxu görmək dözülməz idi.
Elə bu məqamda dedilər ki, gənc yazıçı Kamil Kəllə intihar edir. Özü də bazarda, adamların içində.
Dedilər, bazara ət almağa gələn gənc yazıçı hər şeyin od qiymətində olduğunu görüb özünü oda atıb. İndi onu bu oddan heç kim qurtara bilməz. Çünki bütün damarlarını kəsib və çətin ki həkimlər də onu qurtara.
Televiziyalar kameralarını götürüb bazara axışdlar. Mərasimi görə bilməyənlər televiziyaların bazarda quraşdırılmış kameralarından izləyirdilər. Doğrudan da dəhşətli görüntü idi. Gənc yazıçı qollarını qaldırmşdı, qan üzüaşağı qəribə bir tələskənliklə süzülürdü. Elə bil o da gənc yazıçının yoxsul varlığını tezliklə tərk eləmək istəyirdi.
Kamil Kəllə qəribə baxışlarla baxırdı. Üzündən əzab, ağrı yox, həzz yağırdı. Adamyeyən qəbilələrin qurbanı yeməzdən əvvəl icra etdikləri mərasimə oxşayırdı. Elə bil ağrı onu yox, o ağrını yeyəcəkdi və bunun gözləntisinin eyforiyasına qapılmışdı. Qollarını şövqlə qaldırmışdı. Qan üzüaşağı yuvarlandıqca üzü saralmır, əksinə qanla dolurdu.
Son vaxtlarda gənc yazıçının elə bir sensasiyalı yazısı çap olunmamışdı, elə bil ölüm onun daha bir yaradıcılığıydı və bu yaradıcılığı ilə parlamaq istəyirdi.
- “Görürsüz, necə ölürəm? Ya da ölə bilərəm?”deməkdir bu. Bu yazıçı elə həmişə özünəvurğun olub”,- donosçu Əbləh yavaşca dedi, -yəqin ki, ölümünü də gözə soxub, “necə gözəl ölürəm”, demək istəyir.
Paxıl İbiş dodaqlarını marçıldatdı. Yəqin ki, o heç vaxt belə gözəl ölə bilməyəcək. Hardadı onda bu təxəyyül?
“Camaatın fantaziyasına bax e”- Paxıl İbiş Kamil Kəllənin par-par parıldayan gözlərinə baxıb düşündü.
- Həyatını ədəbiyyata qurban verdi, amma yolun sonunda gündəmə gəldi, -bu mərasimi izləyən həmkarlarından biri gözünün yaşını sildi.
- Ay camaat, kənara çəkilin, mane olursunuz, kameralar çəkə bilmir,- televiziyanın rejissoru qışqırdı.
- Axırıncı dəfə kino çəkəndə belə qələbəlik vardı,- operator alnının tərini silərək kütləyə şövqlə nəzər saldı.
- 17 xəbərlərində intiharı elan edə bilməsək, heç olmasa 18 xəbərlərinə çatdıra bilək,-rejissor fikirli-fikirli dedi.
- Niyə elan edə bilmərik, qağa,- gənc assisent maraqlandı.
- Görmürsən ki, işi uzadır? Belə intihar olar? Ay balam, öl qurtar, işimizi bilək də. Pah atonnan. Buna nə var ki. Canını qurtarıb gedir. Görmürsən necə gülür? Dərd bizim dərdimizdi e. Bu xəbəri birinci yetişdirməsək, reytinqlər yenə yerindən oynayacaq, baş direktor bir saat moizə oxuyacaq.
“Qoymayın, intihar edir, lütfən bu qanlı olayı durdurun,- qlobal olaylara reaksiya verməyən jurnalist Fatma Qaraca radioları zəbt eləmişdi,- gənc yazıçı Kamil Kəllə özünü kəsir!”
-Biabırçılıqdır! İnsanlar meydanlarda özünü kəsir, biz isə yırğalana-yırğalana yol gedirik- bu xəbəri avtobuda eşidən sərnişin kişi öz- özünə deyindi.
- Ay sərnişin, avtobusa qanad taxım?-sürücü əsəbiləşdi,- Həm də ki bizim marşrutumuz başqadır, ora getmirik ki.
Kişi üz-gözünü büzüşdürdü, amma heç nə deməyib üzünü pəncərəyə tutdu.
Meydanda isə qələbəlik artırdı. Axırda camaat o qədər yığıldı ki, Kamil Kəllə arada itdi- batdı. Kameralar obyekti itirdiyi üçün rejissor operatoru danlamağa üz tutdu. Adamlar korlar kimi əllərini bir- birlərinin üz-gözündə gəzdirir, tanış simanı gəzirdilər.
Gənc yazıçı yoxa çıxmışdı.
- Bəlkə morqa aparıblar,- yenə Huşsuz Haşım dilləndi.
- Necə də gözəl ölürdü,- Paxıl İbiş təəssüflə dedi.
- Allah rəhmət eləsin,- Hacıqulu dilləndi,- Axır qəminiz olsun. Fatehə!
Yazarlar çaşıb qaldılar. Bəziləri salavat çevirdi, bəziləri də özünün ateist mövqeyini xatırlayıb əlini yanına saldı.
- Yol verin kameralara!-rejissorun hiddətli səsi eşidildi. Televiziya müxbirnin üzündən zəhrimar yağırdı:
- Yenə reytinqdə geriyə qaldıq. Lənət şeytana. Bu yazıçı tayfasının ipinin üstünə odun yığmalı deyil də.
- Diqqət Diqqət! –radioqəbuledicidən Fatma Qaracanın zabitəli səsi gəldi.
“Yüz faiz ölüm xəbərini verəcək”,- donosçu Əbləh düşündü.
- Gənc yazıçı Kamil Kəllə son dəqiqədə xilas edilib.- radioqəbuledicidəki zəhmli səs gurladı,- Hadisə yerinə gəlib çatan qohum-əqraba yazıçının həyatını xilas edib. Hazırda yazıçı əməlindən peşman olduğunu bildirir və üzrxahlıq məktubu yazır. Məktub yaxın saatlarda radioda oxunacaq. Bizi izləyin.
- Gör e. Belə intihar olar? –avtobusda gedən kişi deyindi- Bizim vaxtımızda belə intiharlar olmurdu. Adam özünü öldürürdü, qurtarıb gedirdi. Yoxsa ki belə eləyəcəm, elə eləyəcəyəm. Ortada da heç nə yox. Biabırçılıqdır.
Avtobusdakılar da kişinin sözlərinə dəstək çıxıb başlarını buladılar.
Şəhərə ölü sükut çökdü. Bircə donosçu Əbləhin içində cürbəcür fikirlər qaynayırdı. Məsələn Kamil Kəllənin əslində intihar etdiyini yox, etiraz əlaməti olaraq qollarını kəsdiyini iddia etmək olar. Kamil Kəllə ilə bərabər onun ətrafı da şübhə altına alınacaq. Ya da hansısa dini cərəyanla bağlamaq olar. Hər halda bu olaydan ağıllı adam bacardığı qədər çox mənfəət əldə edər, Əbləh fikirləşdi.
Camaat yenə xəbərsiz qaldı. Amma ümidlərini itirməmişdilər. Ac qurdlar kimi gözləri dərd gəzirdi. Öz dərdlərini unutmaq üçün bu yeganə yol idi.
- Hamı bir yerdə körpüdən atıla bilməz ki,- köstəbək baş redaktor dedi,- Halbuki belə kütləvi intiharlar olub.
Baş redaktor tarixin meşəliyində qurdalandı. Yenə əlavə etdi:
- Hə, olub belə hallar. Ancaq indi olmaz. Şairlə yazıçı bizi pis vəziyyətdə qoydu. Heç gözləməzdim onlardan. Bu zibili edirsən axıracan elə də.
- Day deməyin...- donosçu Əbləh dilləndi,- Bəs intiharın arxasında dini təriqətlə bağlı səbəblərin olduğuna aid iddialara necə baxırsınız?
Baş redaktor başını qaşıdı:
- İndi Kamil Kəllənin zahiri görkəmini fikirləşirəm- saqqal, saçlar uzun... Ərəbcə sözlər də deyir hərdən. Nə bilim vallah. Bəlkə də oyun oynayırmış. Belə məsuliyyətsizlik olar? Biz də sadəlövh kimi bu kişidən tutarlı hərəkətlər gözləyirdik...Bura bax, bəs ağsaqqal hardadır?
- Dünənki hadisədən sonra ağsaqqalın ürəyi tutub. Gecə təcili yardım çağırıblar. Oğlanları deyib ki, atamıza bir şey olsa, Kəlləni özümüz körpüdən atacayıq.
- Görək də...- köstəbək baş redaktor fikirli-fikirli dedi.
- Canımçün, Kamil Kəllə haqqında elə gözəl nekroloq yazmışdım,-Dəli Cümşüd dedi,- bütün gecəni evdə oxuyub ağlamışam.
- Daha niyə ağlayırdın ki?- baş redaktor tərs-tərs baxdı.
- Çox təsirliydi, ondan,- Dəli Cümşüd cibindən kağızları çıxartdı,- Oxuyum?
- Əşi oxu da,- köstəbək dilxor-dilxor dilləndi.
Dəli Cümşüd boğazını arıtladı:
- O, ədəbiyyatımızın gözlüksüz belə uzaqgörən yazarlarından idi. O çox uzaqlara gedəcəkdi. Çünki uzaqlardan gəlmişdi, çox uzaqlardan.
- Əşi saxla görək- baş redaktor bezgin-bezgin dilləndi,- Çox uzağa getdin e. Nə isə. Bəlkə gedək bir vuraq? Bu günümüz onsuz da alınmadı.
- Hesab məndən,- Əbləh özünü baş redaktora şirin göstərmək üçün dedi,- gözəl insanlara qulluq etməyi sevirəm.
- Odey Alkaş Yetim də gəlir,- kimsə rəqs edə- edə gələn kişini göstərib dedi.
- Bax sənin toyunda mən belə rəqs edəcəkdim! İnanmırsan, ay mənim, gözəl dostum, Kamil Kəllə!- Alkaş Yetim indi də yazıçının öldüyünü güman edirdi,- Sən də Tərs Söyünün dalınca getdin. İndi mən neyləyim, hə? Mən də gəlim?
Baş redaktor onsuz da dilxor idi, Alkaşın sözləri onu lap özündən çıxardı:
- Ə bu səfehi boş verin, bunun heç ağlı başında yoxdur. Əlisi dəli, Vəlisi dəli. Qırılmışın hamısı dəli.
Alkaş Yetim hələ də ağlayırdı:
- İndi mən neyləyim? Hə? Heç olmasa yüz-yüz zakaz verib gedərdiniz. Mən də içib deyərdim ki, ruhun şad olsun, Tərs Söyün! Ruhun şad olsun Kamil Kəllə! Gör qardaşınız sizi necə yad edir! İçə-içə! Rəqs edə-edə!
Köstəbək baş redaktor başının dəstəsilə çayxanaya daxil olmuşdu ki, xəbər başının üstündən quş kimi şığıdı:
- Qoymayın, Alkaş körpüdən uçdu!
- Necə yəni uçdu?
- Vallah uçdu!, öz gözlərimlə gördüm!,- hadisənin şahidi olan gənc ədəbi işçi telefonunu çıxardı,- hələ telefonuma da çəkmişəm!
- Göstər görək!
Ədəbi işçi fərəhlə telefonunu çıxardı. Videonu göstərməzdən əvvəl özü haqda bir neçə kəlmə deməyi də borc bildi:
- Mən belə olayları diqqətdən qaçırmıram. Alkaş körpüyə yaxınlaşan kimi hiss elədim ki, nəsə olacaq. Yəni ola bilər. O saat telefonumu çıxardım. Alkaş bir az tərəddüd elədi. Dedim, indi telefonun zaryadkası qurtaracaq, önəmli çəkilişi edə bilməyəcəyəm. Amma yox, bir az dala çəkilib, qabağa cumdu və körpüdən tullandı. Heç üzgüçülər olimpiadada suya belə tullanmırlar. Nəsə belə gözəl mənzərə idi.
Çayxanadakılar ədəbi işçinin sözlərini qulaqardına vurub videoya tamaşa edirdilər. Handan-hana köstəbək dedi:
- Kim deyərdi ki, Alkaş Yetim bunu edəcək. Doğrudan da quş kimi uçdu.
Elə bil olayı dərk etmək üçün baş redaktorun təsdiqləməsi vacib idi. O saat canlanma başladı:
- Ə, televiziyalara xəbər edin!
- Televiziya nədir, ilk öncə bizim qəzet yazacaq!
- Özüm ölüm, qoymaram, bizim saytda gedəcək!
- Ə, mən yazajam, başınız haqqı!
- Necə yəni mən yazajam? Mənim nekroloqum hazırdı!
- Sən Kəllə haqqında yazmamışdın?
- Ə, nə səfehləyirsən? Adını dəyşəcəm də. Bir bax. “O, uzaqlardan gəlmişdi, çox uzaqlardan...”
- Ə kiriyin! –köstəbək baş redaktor dedi. Hamı susdu. Başlarını aşağı dikdilər.
- Amma kişi kimi hərəkət elədi,- baş redaktor dedi,- Halal olsun.
Yazarlar fərəh hissilə “halal olsun” deyə-deyə qələbələyin irəlilədiyi körpüyə doğru getdilər.
(27-29 avqust 2018)