Şəhriyar gəlmədi
Məhəmməd Hüseyn Şəhriyarın Şimali Azərbaycana baş tutmayan səfərinə Məmməd Araz etirazı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Otuz yaşlı GÖZYAŞI…
Ulu Şəhriyarımızın 30 illik anımı və təkrarsız Məmməd Arazımızın “Şəhriyar gəlmədi” yanımı üstə köklənmiş köşə
-
“Bu şer çoxdan - böyük Vaqifin anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şerlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim”.
ŞƏHRİYAR GƏLMƏDİ
Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı.
Bu ağır xəbərdən, bu nəs xəbərdən
Güllər güllüklərdə dərili qaldı,
Şəhriyar gəlmədi...
Gümanlar diplomat paltarı geydi,
Gümanlar özündən yollar düzəltdi.
Gümanlar bir soldat paltarı geydi, -
Dənizə gözətçi, göyə gözətçi...
Gümanlar açmamış qapı qoymadı,
Gümanlar siyasət sapı qoymadı,
Dartıb çözələdi, düyünlər açdı,
Hardasa sap qaçdı, düyün dolaşdı,
Hansı "hiyləninsə" dodağı qaçdı,
Hansı "niyə"ninsə barmağı "çaşdı",
Qələm "olmaz" atdı, "olar" yerinə,
"O", borclu da qaldı "onlar" yerinə.
Eşitdim səsini mən Əlibəyin:
"Ay ata, bu sənin bəxtindi yəqin,
Sənin şənliyinə o tac gəlmədi,
Sənin şənliyinə o tay gəlmədi.”
Şəhriyar gəlmədi.
Bu həqiqətdi.
İnandıq, inanmaq istəməsək də,
Həsrətlər boynunu birdən dikəltdi,
Qaçdı ayaqyalın daşla-kəsəklə...
Həsrətlər Araza yolunu burdu,
Həsrətlər sərhəddə üz-üzə durdu:
Daşlar çilikləndi ayaqlar altda,
Torpaq dilikləndi ayaqlar altda,
Qəzəb dilikləndi dodaqlar altda.
Həsrətlər o taya külək yolladı,
cavab gətirə.
Kəpənək yolladı cavab gətirə.
Ölmüş bir balığın sümüklərinə
Cavab yazsalar,
Araza atsalar,
Gəlməzmi, nədi!
Şəhriyar gəlmədi! Niyə gəlmədi?
Həsrətlər bir qarı donuna girdi,
Səsi yumaq kimi çözələnirdi:
- Görüm limanlara dəniz qabarsın,
Görüm qatarları tufan qamarsın,
Uçaq meydanları qalansın buzla,
Biz ki, görüşmədik öz oğlumuzla...
O yanda bir təpə torpaq dikəldi,
Bir sümük boylanıb bəyana gəldi:
- Mən daşlar altında bir tarix daşam,
Min dəfə daşlara dəyən bir başam,
Yataram bir qarış torpaq xanada.
Bir zaman demişdim Səttərxana da:
Düşmənin hər vədi gülə bürünmüş,
İşvəli, qəmzəli mələyə dönmüş,
Dili dürr damızan,
Dişi öd yığan
Bir əfi ilandır, bir əfi ilan!
Qoyub arxayınca qılıncı qına,
Getmə bu vədələr qonaqlığına...
Nə desək, deməsək, həqiqət budu.
Onu görməyimiz çox müşkül oldu.
Alqışlar qollarda kirindi artıq,
Ümidlər yollardan küründü artıq...
Qayıtdı geriyə toylar, yallılar,
Axarı kəsilən göy sular kimi.
Qayıtdı evlərə fərşlər, xalılar
Həvəsi gözündə arzular kimi.
Plovlar soyudu, dəmlər acıdı,
Tüstülər qayıtdı odun ömrünə.
Bu hal neçə saat sükut qıcıdı
Maşının ömrünə, atın ömrünə.
Səndən soruşuram: Beqdeli cənab,
Səndən soruşuram: Tahiri Söhrab,
Səndən soruşuram: yoldaş Hüseyni,
Təbriz oğulları orada neynir?!
Şəhriyar gəlmədi.
O gəlsə, başabaş Azərbaycanı
Geyimli-gecimli qürur görərdi.
Qaragöz, qaraqaş Azərbaycanı
Qızıl nur görərdi, ağ nur görərdi.
Zirvəli ömürlər, qanadlı baxtlar
Onun gözlərini yaşartmazdımı?
Bu xoş günlərini ömrünə bağlar,
Ömrünə əlli il yaş artmazdımı?
Təbrik yağdırardı məktəblər ona
Ana dilində.
Təbrik yağdırardı məktublar ona -
Ana dilində.
Yox, şair ürəyi kürrə deyildir
Hər nəyi tullasan əridə, uda.
Söz, kefli əlində güllə deyildir.
O nahaq öldürməz quduz qurdu da.
Əslində şairin Vətəni dünya,
Əslində şairin söz məni dünya.
Əslində şairə sədd qoyan naşı
Çıxır bu dünyanın özünə qarşı,
Ağ olur yaranış qanunlarına,
Ağ olur fırlanan qanunlarına...
Hər nə söyləsək də həqiqət budu:
Onu görməyimiz çox müşkül oldu.
Həqiqət budursa min lənət ona,
lənət bu doğrunun doğruluğuna.
Belə həqiqətdən yalan yaxşıdır,
Belə bəd xəbərdən güman yaxşıdır...
Siz ey bu dünyanın söz dərgiləri,
Dünyanın qəzetçi xəbərçiləri!
Yalan danışın, yalan!
Bütün qəzəblərə su səpən yalan.
Bütün əsəblərə mum təpən yalan!
Bir ölkə düzəldin: yalandan yalan!
Yazın nə gözəldir: yalandan yalan!
Böyük şairini yola salır, bax,
Havada yellənir min əl, min papaq.
Marallar qoşulub dartır qatarı,
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar yollanır Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?..
1967