vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ƏDƏBİYYAT  
14:49 | 21 sentyabr 2018 | Cümə Məqaləyə 2477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Otuz yaşlı GÖZYAŞI…

Ulu Şəhriyarımızın 30 illik anımı və təkrarsız Məmməd Arazımızın “Şəhriyar gəlmədi” yanımı üstə köklənmiş köşə

Tahir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Şəhriyar gəlmədi

    Məhəmməd Hüseyn Şəhriyarın Şimali Azərbaycana baş tutmayan səfərinə Məmməd Araz etirazı

Mətnə – bu böyük Vətən nəğməkarının “Heydərbabaya salam”ında ümummilli vəsiyyət (və bu yazı janrına ehtiva) kimi səslənən son bənddən ilk misra ilə başlayıram:

“Heydərbaba, alçaqların köşk olsun...”

 

Əlli bir il öncə “Şahlıq” üsul-idarəli Güneyimiz M.P.Vaqifin 250 illiyinə rəsmən dəvətli bu şairin “Rejim” üsul-idarəli Quzeyimizə gəlişini (guya “poçtalyonun dəvətnaməni “səhvən” başqa bir “Məhəmmədhüseyn”ə çatdırması” bəhanəsilə) əngəllədi. Və dövrün bu milli-mənəvi “bomba” hadisəsinə ovaxtadək həmin o güneylimizin yazışdığı quzeyli qocalardan (xüsusən, “Eşq əhlisən, məni yaxşı qanarsan, Gözlər yağış yağdırmasa, yanarsan” kəlmələrilə xitab etdiyi S.Rüstəmdən) qulaq verən olmadı. Otuz dörd yaşlı Məmməd Araz isə yazdı:

 

Ümidlər yollara sərili qaldı.
Güllər güllüklərdə dərili qaldı –
Şəhriyar gəlmədi...

 

Bu Allahsız GƏLMƏZLİKdən 19 il sonranın bir yaz günü böyük alim Xudu Məmmədov və dayım – (Ağdamda “Bala Marks” adlandırılan) Zeynal Məmmədovla Bakıdan Füzuli rayonunun Əhmədalılar kəndinə – kiçik qardaşımın toy məclisinə yollanmalı olduq. “Şıx” çimərliyini ötər-ötməz, dayım sürücüsünə dedi: “O kaseti qoy, Güney Dədəmizin səsinə-sözünə qulaq asaq. Ancaq tüstülənəcəyimiz məqamlarda saxla ki, özümüzü söndürə bilək...” 

Sürücü düyməni bascaq, salona ilahi bir səs yayıldı:

 

Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldaşıb axanda...

 

Hal əhli sürücü 3-cü bənddə (“Uşaqların bir dəstə gül bağlasın, Yel gələndə, ver gətirsin bu yana, Bəlkə mənim yatmış bəxtim oyana”) kaseti dayandırdı. Ancaq o çağların  (Bəxtiyar Vahabzadə, Nurəddin Rza, Şahmar Əkbərzadə də daxil) məşhur “beşlik” üzvlərindən bu ikilik donmuş göl kimi susurdu. Mənsə vəziyyətdən “süi-istifadə” edib, M.Arazın həmin şeirindən növbəti misralara başladım:

 

Şəhriyar gəlmədi!
Gəlsəydi...
Təbrik yağdırardı məktəblər ona –
Ana dilində.
Təbrik yağdırardı məktublar ona –
Ana dilində...
Əslində, şairə sədd qoyan naşı
Çıxır bu dünyanın özünə qarşı...

 

Sürücü düyməyə toxunur. Sözü göylərə bülənd Dağ şair ömrün keçməsi, əsl aşiqlərin vüsala varmaması, gözəllərin necolması, döngə-dönümlərin, itkinlik-ayrılıq-ölümlərin var olması kimi əbədi qaçılmazlıqlardan kəlam-abidələr yaradıb, “Ay özümü o əzdirən günlərim, Ağac minib, at gəzdirən günlərim!..” kimi bənzərsiz etnorafik tabloya çatanda, Xudu müəllim astaca bir səslə dilləndi: “Belə şairlər Vətən içində ayrıca bir vətəndirlər...”

Bu dəm mən M.Araz Şəhriyarından misralamağa başladım:

 

Alqışlar qollarda kirindi artıq,
Ümidlər yollardan küründü artıq...
Qayıtdı geriyə toylar, yallılar,
Qayıtdı evlərə fərşlər, xalılar
Şəhriyar gəlmədi!..

 

Sürücü düyməyə toxunur. Biri-birindən şimşək bəndlər səsləndikcə Zeynal Məmmədov (nəzərlərini Arazboyu tikanlı məftillərdən ayırmadan): “Bu misraların bu məftilləri qıracağı günə az qalıb!..”  kimi qaçaq-qıvraq kəlmələr işlədir.

Xudu müəllimsə susur, susur, susur. Ta ovaxtacan ki;

 

Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!.. -

 

bəndi səslənir və güzgüdən onun sözlü olduğunu görən sürücü kaseti dayandırır. “Ay Zeynal müəllim, doğrudanmı “yaxşı bizi”?! Biz yaxşıyıqsa, bu yaman məftillər niyə burdadı?..”

Bu an mən müdaxilə edirəm:

 

Şəhriyar gəlmədi...
O tayda bir təpə torpaq dikəldi:
- Mən daşlar altında bir tarix daşam,
Min dəfə daşlara dəyən bir başam,
Yatıram bir qarış torpaq xanada,
Bir zaman demişdim Səttərxana da:
Düşmənin hər vədi gülə bürünmüş,
İşvəli, qəmzəli mələyə dönmüş...
Qoyub arxayınca qılıncı qına,
Getmə bu vədələr qonaqlığına...

 

Sürücü bir xeyli sükutdan sonra düyməyə toxunur:

 

Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sora qalanlara eşq olsun,
Keçmişlərim gələnlərə məşq olsun,
Evladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə aldanmasın!..

 

Kaset dayandırılır, ancaq arxadan səs gəlmir. Sürücü tərəfdən (“təbiət seyri” mahnasıyla) göz gəzdirib, Xudu müəllimin yanaqlarında yaş görürəm. Dayımsa, millilik dərd-ələminə hamımızdan yaxşı bələd olduğu bu dostunun cari qəm yükünü azaltmaqçün səsindəki qəhəri boğmağa çalışaraq deyir: “Həə, tez-tez muzeylərdən yazan bacoğlu, bir fotoaparatın da yox ki, bu müqəddəs canlı “eksponat”ı da əbədiləşdirib, haçansa yazasan...”

O vaxt o göz yaşları ilə o sözləri M.Araz misralarıyla cavablandıra bildim:

 

Siz ey bu dünyanın söz dərgiləri,
Dünyanın qəzetçi xəbərçiləri!
Bir ölkə düzəldin: yalandan yalan!
Yazın nə gözəldir: yalandan yalan!
Həsrətlər qoşulub dartır qatarı,
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar “yollanır” Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?!.

 

Ovaxt o poema və o gözyaşı müəllifləri o 300 kilometrlik yolu bizə 3-4 dəqiqəyə qət etdirdi. Ancaq onların bir-birindən bir ay fərqlə vəfat etmə sehrini bu otuz ildə sinirib qurtara bilmirəm...