vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
19:25 | 1 avqust 2020 | Şənbə Məqaləyə 12880 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəffaflıq istəmirdiniz?

Bu mənzərə dünyanın bir çox sivil ölkələrində var

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Anlamıram, adam daha nə etsin? Adına saxta səs yazdırırlar, məhkəməyə şikayət edir. Kimlərsə seçki zamanı qutuya onun xeyrinə saxta bülleten atır, bunu deşifrə edir. Ən yaxın dostunun atası seçkidə qanunsuzluğa göz yumur, onu da bağışlamır. İndi də büdcəsində nəyi var-nəyi yox, sizin qabağınıza qoyur ki, necə yaşadığını, nəyin hesabına dolandığını görəsiniz. Şəffaflıq istəmirdiniz? Alın sizə şəffaflıq. Nədir sizi narazı salan? Onun təmizliyi? Onun təmizliyindəmi çirklənirsiniz? Mən bizim redaksiyaya müsahibəyə gələndə onun köhnə maşınını görmüşəm, 3 il əvvəl efirə qonaq gələndə əynində olan pencəyi hələ də geyindiyinin şahidiyəm. Ona görə yazdıqlarına şübhə etmək ağlımdan belə keçmir. Çünki bilirəm, əminəm və inanıram. Adam 12 il boyunca Bakı Dövlət Universitetində, varlı balalarının oxuduğu hüquq fakültəsində dərs deyib də, tələbə dədəsinin cibinə göz dikməməyi bacarıbsa, bunlar da onun üçün adidir.

Bu ölkədə halal zəhmətlə, halal məvaciblə də normal şəkildə dolanmaq olur, bəylər və xanımlar. Uzağa getməyib, öz sahəmizdən yazacam. Bəli, bu ölkənin jurnalistikasında çalışıb, kreditlə ev də almaq olur (bəlkə ömürdən illər alır, amma olur), maşın sahibi də olmaq mümkündür, hətta istəsən bağ sahibi də ola bilərsən. Yenə təkrarlayıram: hissə-hissə ödəməklə, illər uzunu tikib qurmaqla, bir qədər əziyyət çəkməklə. Heç kəs acgözlülüyünə don geyindirməyə çalışmasın. Pandemiya bizə heç nəyin, heç kəsin verə bilməyəcəyi dərsi verdi. Bəli, geyim mağazaları, istirahət mərkəzləri, kafe-restoranlar, gözəllik salonları…. bağlandı. Bəlli oldu ki, sırf meşşanlıq üçün onlara xərclədiyimiz pullarla nə qədər faydalı, qalıcı işlər görə bilərik. Onlarsız da həyatı maraqlı etmək olurmuş. Qırmızının bütün tonlarında cicili-bicili paltarımız olmayanda da günəş səhərlər çıxırmış. Qlamur kafelərdə makiyatu içmədiyimiz günlərdə də başımızı balışa rahat qoyub yuxuya gedə bilirmişik sən demə.

Xanımlar və cənablar. Əslində bu mənzərə dünyanın bir çox sivil ölkələrində mövcuddur. Bu, bizə deputatın qanun pozuntusu edib biznes qurmadan da, rüşvət almadan da yaşaya biləcəyini göstərir. Bu ölkədə aylıq 500 manat məvaciblə dörd nəfərlik ailə saxlayan adamlar var. Siz təkbaşına yaşayan bir kişinin mart-avqust ayları ərzində 20 min manat qazancla dolana biləcəyinə şübhə edirsiniz? Aylara böləndə ayda 3.3 min manat edir, gözəl insanlar… Gerçəkdən ciddisiniz, ya zarafat edirsiniz?

Bu gözlər mandatını girov qoyan deputat da görüb, istirahət mərkəzi qurub, utanmadan mediada “yayda filan istirahət mərkəzində istirahət edin, ay camaat” deyib öz obyektini gizli reklam edənləri də. Bu yaxınlarda utanmadan öz istirahət mərkəzini reklam edən bir deputatın müsahibəsini dinləmişdim. Deyirdi ki, “mən deputat olana qədər acından ölürdüm bəyəm? Biznesmen idim, o istirahət mərkəzi də həmin vaxt qurulub”. Amma niyə indiyə qədər qanuna zidd olaraq, onun təsisçisi özüdür, onun izahatı verilməmişdi. Əminəm ki, indi bu cür deputatlar Erkin bəyin əlindən zəncir çeynəyirlər. Adam həm israrla “mən sabun bişirməyəcəm” deyir, həm də gözütox həyat tərzi keçirir və bunu da çox gözəl əsaslandırır. Örnək gözəldir, səmimidir və stimulvericidir.

Sizi deyə bilmərəm, mən kasıbın balasını maşınının təkərləri altında xıncım-xıncım edən nazir, deputat balası yerinə, köhnə model maşın sürüb də, onu tez-tez usta yanına aparan deputatı tərcih edirəm. Mən yüksək cinli məmurlarla sahibkarlar arasında maklerlik edib, pul qazanan deputat əvəzinə aylıq 4-5 manatlıq işıq sərfiyyatı olan Erkin Qədirliyə üstünlük verirəm. Hər kəs seçimlərinə görə tanınır. Seçiminizi, münasibətinizi göstərdiz, sizi tanıdıq, təşəkkürlər!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)