Bakı-Şamaxı-Yevlax yolu bağlandı
Sel Göyçayı yuyub aparıb
Ötən gecə əsən güclü külək Göyçay rayonu ərazisində bir sıra fəsadlara səbəb olub. APA-nın məlumatına görə, küləklə müşayiət olunan leysan yağışı əsasən rayonun Qaraməryəm, Mırtı və Alıkənd, Aşağı Qaraməryəm, Çaxırlı, Ləkçiplaq, Qarabaqqal kəndlərində vətəndaşların evlərinə, həyətyanı sahələrinə, tövlələrinə, əkin sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub. Belə ki, güclü küləyin təsiri nəticəsində yol kənarlarında, həyətyanı sahələrdə olan iri gövdəli ağaclar kökündən çıxaraq aşıb. Nəticədə elektrik dirəkləri aşıb, naqillər qırılıb. Rayonda ümumilikdə 15-ə yaxın ağac və 20-yə qədər elektrik və rabitə dirəyi aşıb.
Həmçinin, sahələrdəki pomidor və xiyar istixanaları dağılıb, bir necə evin və yardımçı tikilinin dam örtüyünü qoparıb. Küləyin təsiri nəticəsində ağacların üzərindəki xırda meyvələr yerə tökülərək tələf olub.Alıkənd kəndində yaşı 300 ildən çox olan çinar ağacının aşması nəticəsində kənd sakininə məxsus həyətyanı sahədəki tövləyə, toyuq hininə və meyvə ağaclarına ciddi ziyan dəyib.
Güclü yağışdan sonra əmələ gələn sel suları Göyçayın Qaraməryəm və ətraf kəndlərində ciddi fəsadlar törədib. Yolları, həyətyanı sahələri sel basıb, ərazidə qalın lil örtüyü əmələ gəlib, küçələrdə keçilməz su gölməçələri yaranıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryam kəndi ərazisindən keçən hissəsini sel basıb və yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Ötən gecə saat 02:00 radələrində təxminən 50-60 santimetr hündürlüyündə yaranan sel suları və lil çöküntüsü magistral yolun ortasında 10-a yaxın maşının bataraq köməksiz qalmasına səbəb olub. Magistral yol bu gün səhərədək avtomobillərin hərəkəti üçün bağlı qalıb. Əraziyə gecə saatlarında cəlb olunan ağır texnikanın köməkliyi ilə yol açılıb və avtomobillərin hərəkəti bərpa edilib.
Güclü külək Göyçay-Ucar yolunun 16-cı kilometrliyində avtomobil qəzasına da səbəb olub. Məlumata görə, külək Bərgüşad kəndi ərazisindən keçən avtomobil yolunun kənarındakı beton elektrik dirəyini yolun ortasına aşırıb. Həmin vaxt ərazidən keçən “QAZ 3110” və “VAZ 21015” markalı minik maşınlarının sürücüləri idarəetməni itirib və maşınların toqquşması baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.