Jurnalistlərin qətli həftəsi
Pakistanda son yeddi gündə iki media nümayəndəsi öldürülüb, bir nəfərə işgəncə verilib
Pakistanda naməlum şəxslər son bir həftə ərzində iki jurnalisti qətlə yetirib və tanınmış köşə yazarına işgəncə verib. Polis isə “YouTube”da hökumətin müxalifətə və siyasi rəqiblərə qarşı repressiyaya məruz qoyduğunu iddia edən siyasi şou aparıcısını həbs edib.
Hücumlar iyulun 1-də Sind vilayətinin cənubundakı Xeyirpur rayonunda silahlı şəxslərin yerli müxbir İştiaq Sodaronu öldürməsi ilə başlayıb. Öldürülən şəxs Sind dilindəki həftəlik yerli nəşrlə əlaqəli idi. Onun həyat yoldaşı bölgə polisini ərinə qarşı ölümcül hücumu əmr etməkdə günahlandırıb. Qətlin səbəbi məlum deyil.
Bir gün sonra milli urdu dilli “Daily Express” qəzetinin müxbiri İftixar Əhməd işə gedərkən şimal-qərbi Haybər Paxtunxva vilayətində naməlum silahlılar tərəfindən pusquya salınaraq öldürülüb. Polis Əhmədin öldürülməsinin səbəbinin araşdırıldığını bildirib.
Çərşənbə axşamı Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) qətlləri pisləyib və Pakistan hakimiyyətini konstitusiya və beynəlxalq öhdəliklərinə uyğun olaraq mətbuat azadlığını qorumağa çağırıb.
“Pakistan hökuməti qanunun tələb etdiyi kimi jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməli və jurnalistlərə qarşı hücumları azaltmaq üçün hərəkətə keçməlidir ki, onlar öz işlərini qorxmadan yerinə yetirə bilsinlər”, – İFJ-in bəyanatında deyilir.
Cümə günü veteran jurnalist və siyasi analitik Ayaz Əmir şərqdəki Lahor şəhərində maskalı şəxslər tərəfindən fiziki hücuma məruz qalıb. Onun avtomobili praym-taym “Dünya” xəbər kanalındakı proqramdan sonra evə gedərkən saxlanılıb.
Bununla yanaşı, Pakistan polisi son günlər həm hökuməti, həm də ordunu tənqid etməklə tanınan bir neçə jurnalist və siyasi tok-şou aparıcılarına qarşı cinayət işi açıb.