Hotelin altından 640 illik qala tapılıb
Xəndəklənmiş binada sikkələr, zinət əşyaları ilə yanaşı mebel də olub
Arxeoloqlar Fransanın qərbindəki Vannes bölgəsində yaxın vaxtlara qədər fəaliyyət göstərən Lagorce Hotelinin həyətində 14-cü əsrə aid qalanın qalıqlarını tapdıqlarını açıqlayıblar.
Adı “Château de l'Hermine” olaraq bildirilən qala 1380-ci illərdə Brittany Hersoqu IV Con tərəfindən tikilmişdir.
Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutu (MPATİ) dərc etdiyi press-relizdə arxeoloqların keçən il aparılan qazıntılar zamanı qala xarabalıqlarının nə qədər yaxşı qorunduğunu görəndə təəccübləndiklərini açıqlayıb.
Hersoqun qaldığı evin qalın divarları, çoxsaylı pilləkənləri və xəndəkləri olduğu açıqlanıb. Aşkar edilənlər arasında qalanın və orda yaşayanların gündəlik həyatını əks etdirən paltarlar, asma qıfıllar, sikkələr, mətbəx texnikası və zinət əşyalarının da olduğu bildirilib. Bölgədəki rütubətin hətta çəllək kimi taxta əşyaları belə qoruduğu vurğulanıb.
MPATİ-nin bəyanatında aşağıdakı ifadələr yer alıb: “Tikinti bir anda tamamlanıb ki, bu da istifadə olunan maliyyə və insan resurslarının vacibliyini göstərir. Bu xarabalıqlar , IV. Conun dövrün ən yaxşı mühəndislərini və sənətkarlarını necə işə götürməyi bildiyini göstərir.
10-16-cı əsrlər arasında feodal dövləti olan Brittany, vikinqlərin bölgədən qovulmasından sonra qurulub. Kiçik dövlətin hökmdarları soy-kökü ilə müəyyən edilirdi. 1365-ci ildə hakimiyyətə gələn IV Con ev kimi istifadə etdiyi bir çox qalalar tikdirib.
IV. Conun nəvəsi II. Francis hersoqluğun qərargahını Vannesdən köçürdükdə, “Château de l'Hermine” yalnız yüz il istifadə edilib.
2021-ci ildə başlanan işlər nəticə verənə qədər qalanın planı tam məlum deyildi. Uzunluğu 42, eni 17 metr olan tikilinin divarlarının qalınlığının isə 5,5 metr olduğu bildirilib.
Hündürlüyü üç-dörd mərtəbəyə çatan drenaj boruları və tualetlər də aşkar edilənlər arasındadır.