vaxtlı-vaxtında oxuyun! Cümə, 18 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
Fransada iqtisadi iflas 11:08 | 18 iyul 2025 | Cümə Məqaləyə 90 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada iqtisadi iflas

Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa Baş naziri Fransua Bayrounun təqdim etdiyi yeni büdcə planından dar və orta gəlirli milyonlarla vətəndaş birbaşa təsirlənəcək. Sosial yardımlar dondurulacaq, pensiyalara artım olmayacaq, dövlət kadrları ixtisar ediləcək.

Bayrou tərəfindən açıqlanan qənaət paketi sosial dövlət modelinə ciddi zərbə kimi qiymətləndirilir. Artan dövlət borcunu əsas gətirən hökumət, 2025-ci il səviyyəsində sosial xərcləri dondurmaq qərarı verib. Mütəxəssislərə görə, bu addım aşağı və orta gəlirli fransızların həyat şəraitini daha da ağırlaşdıracaq.

 

“Yük yenə xalqın çiyninə düşür”

 

İqtisadçılar və sosial siyasət üzrə ekspertlər bildirirlər ki, yüksək gəlirli təbəqələr qorunduğu halda, sosial yardımlardan asılı olan milyonlarla vətəndaş arxa plana atılır. Fransada işsizlik müavinəti, ailə yardımları və mənzil dəstəyi kimi əsas sosial ödənişlər bir çox insan üçün yaşamaq vasitəsi sayılırdı.

Tarixən Avropada sosial rifah dövlətinin simvolu kimi çıxış edən Fransa illər ərzində qitənin qibtə ediləcək sosial dövlətlərindən biri hesab olunurdu. Uşaqpulu, ailə yardımları, işsizlik ödənişləri və yaşlılara göstərilən sosial dəstək Avropa modelləri arasında nümunə sayılırdı. Lakin son illərdə artan borc yükü və genişlənən büdcə kəsiri hökuməti sosial proqramlarda ciddi ixtisarlara getməyə vadar edib. Bu isə cəmiyyətdə ciddi narazılığa səbəb olub.

Yeni plan çərçivəsində sosial yardımların 2025-ci il səviyyəsində dondurulması, inflyasiya və həyat xərclərinin artdığı bir dövrdə milyonlarla ailəni daha da çətin vəziyyətə sala bilər. Bu qərar işsizlər, yaşlılar, tələbələr və yeni gələn miqrantlar üçün real həyat şərtlərinin daha da ağırlaşması deməkdir.

 

Sentyabr etirazları gəlirmi?

 

Ekspertlərin fikrincə, bu siyasət Fransa cəmiyyətində artan sosial uçurumları dərinləşdirəcək. Beləliklə, hökumətin borcu azaltmaq üçün tətbiq etdiyi tədbirlər nəticədə yeni sosial xərclərə, artan narazılıqlara və bəlkə də daha çox iqtisadi qeyri-sabitliyə yol aça bilər.

Xüsusilə miqrantlar, yaşlılar və aşağı gəlirli ailələrin bu qərarlardan sonra daha ağır vəziyyətə düşəcəyi gözlənilir. Həmkarlar ittifaqları isə payız mövsümündə ölkə miqyasında genişmiqyaslı etiraz aksiyalarının keçirilə biləcəyi barədə xəbərdarlıq edirlər.

Büdcə paketinin ictimaiyyətdə doğurduğu narazılıq artıq açıqca görünməkdədir. Əmək birlikləri və sol yönümlü partiyalar sosial yardımların dondurulması, pensiya artımlarının ləğvi və rəsmi tətil günlərinin ixtisarı qərarına qarşı kəskin mövqe sərgiləyirlər.

Fransız işçi konfederasiyası CGT, artıq avqustun sonlarında genişmiqyaslı çağırışlara başlayacağını açıqlayıb. Etirazların sentyabrın əvvəlindən etibarən ölkə miqyasında başlayacağı, təhsil, nəqliyyat, səhiyyə və dövlət sektoru daxil olmaqla müxtəlif sahələrdə iş dayandırma aksiyalarının keçiriləcəyi gözlənilir. Sosial mediada “8 May Zafer Gününün” rəsmi tətil statusunun ləğv olunacağına dair yayılan çağırışlar isə mühafizəkar və patriot dairələrin də etiraza qoşulması ehtimalını artırır.

Analitiklər bu aksiyaların 2023-cü ildə pensiya islahatına qarşı keçirilən kütləvi nümayişlərlə müqayisə oluna biləcəyini deyirlər. Bu dəfə həm sağ, həm sol siyasi qüvvələrin ortaq mövqe sərgiləməsi Bayru hökuməti üçün ciddi bir siyasi risk deməkdir.

 

Yüklənmiş Fransa və ictimai müqavimət

 

Bu vəziyyəti “bir millət üçün ölümcül risk” kimi dəyərləndirən Bayrounun təqdim etdiyi büdcə paketi iqtisadi rasional baxımdan izah edilsə də, sosial və siyasi baxımdan əhəmiyyətli bir dönüş nöqtəsinə işarə edir. Fransanın 3,3 trilyon avroluq borcu – hər saniyə 5 min avro həcmində artan yük – rəsmi Paris üçün qəfil manevrlərə yol açır. Amma bu manevrlər artıq cəmiyyətin ən həssas təbəqələrinə dəyir.

Əgər sosial yardımların dondurulması, təqaüd artımlarının ləğvi və milli bayram günlərinin ixtisarı “təcili qənaət” addımları kimi təqdim olunursa, qarşıdakı aylarda bu qərarların siyasi qiyməti daha baha başa gələ bilər. Gözlənilən etirazlar və hökumətə qarşı birləşən müxalif cəbhə, Fransa tarixində yeni bir sosial qarşıdurma dövrünün başlanğıcına səbəb ola bilər.