vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
Fransada hökumət böhranı dərinləşir 18:39 | 7 sentyabr 2025 | Bazar Məqaləyə 144 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada hökumət böhranı dərinləşir

Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?

Röyal VAQİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Hökumətin devrilməsi halında Emmanuel Makronun üç seçimi var: Birincisi, yeni hökumət qurmaq üçün namizəd təyin etmək, ikincisi erkən parlament seçkiləri keçirmək, son ehtimal isə istefa vermək.

Fransada bir ilini tamamlamayan Baş nazir Fransua Bayrunun hökuməti, 8 sentyabrda keçirilməsi planlaşdırılan büdcə müzakirələrində etimad səsi ala bilməmə riski ilə üz-üzədir. Bayru, xüsusilə büdcə məsələsində həm xalqı, həm də müxalifəti inandırmağa çalışaraq iqtisadi vəziyyətin hər il dözülməz dərəcədə pisləşdiyini və millətin həyatının təhlükədə olduğunu bildirib. Buna baxmayaraq, müxalifət 8 sentyabrda hökuməti devirmək üçün səs verəcəyini indidən elan edib. Hökumət indiyə qədər Sosialist Partiyası (PS) və ya sağ populist “Rassemblement National”ın (RN) bitərəf səsləri ilə ayaqda qala bilmişdi, lakin bu dəfə bu ehtimal demək olar ki, mümkün görünmür.

 

Fransanın maliyyə vəziyyəti və planlaşdırılan ixtisarlar

 

Bu il Fransanın büdcə kəsirinin ümumi daxili məhsulun (ÜDM) 5%-dən yuxarı olacağı gözlənilir ki, bu da Avropa Birliyinin (AB) qoyduğu 3%-lik həddi xeyli aşır. Açığı azaltmaq üçün nəzərdə tutulan qənaət paketi təxminən 43,8 milyard avro civarındadır. Üstəlik borc faiz yükü də sürətlə artır; 2018-ci ildə 35 milyard avro olan faiz ödənişlərinin bu il 100 milyarda yaxınlaşacağı proqnozlaşdırılır. Borc faizi artıq milli təhsil və müdafiə büdcələrini üstələyib. Bu səbəbdən Bayru hökuməti, Fransanın yüksək büdcə kəsirini nəzarətə almaq üçün 2026-cı il büdcəsində geniş ixtisarlar planlaşdırır.

Məsələn, onsuz da ağır durumda olan səhiyyə sistemində milyardlarla avroluq qənaət tədbirləri nəzərdə tutulur. Ölkədə təcili yardım şöbələrində insanlar saatlarla gözləyir, ixtisaslı həkimlərə çatmaqda ciddi problemlər yaşanır. Yenə də təhsil sistemi böhran vəziyyətindədir və Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) məlumatlarına görə, Fransanın riyaziyyat və oxu sahəsindəki göstəriciləri 2006-cı ildən bəri kəskin şəkildə aşağı düşüb. Hökumət təhsil büdcəsində də ixtisarlar aparmaq niyyətindədir. Bununla yanaşı, dövlət investisiyalarının yavaşıdılması, sosial yardımların azaldılması və vergi güzəştlərinin ləğvi hesabına əlavə gəlir əldə olunması planlaşdırılır. Əlavə tədbirlər arasında həftəlik iki günlük tətilin ixtisarı da var. Bütün bunlar geniş ictimai narazılıq doğurur.

Onsuz da Fransanın 10 illik istiqraz faizləri 3,5%-ə yüksələrək, borc böhranı yaşayan Yunanıstanın 3,36%-lik faizini ötüb. Hökumətin etimad səsverməsində məğlub olması, reytinq agentliyi “Fitch”in Fransanın kredit dərəcəsini aşağı salması ehtimalını artırır.

 

Siyasi qeyri-sabitlik böyüyür

 

Müddəti 2027-ci ildə başa çatacaq Fransa Prezidenti Emmanuel Makron, son bir il ərzində üçüncü dəfə baş nazir təyin etmək kimi mürəkkəb bir vəzifə ilə qarşı-qarşıyadır. 2022-ci il prezident seçkilərini qazansa da, Makron iyunda keçirilən parlament seçkilərində Milli Məclisdə çoxluğu təmin edə bilmədi. 2024-cü ilin mayında RN-in Avropa Parlamenti seçkilərində birinci gəlməsi Makronu riskli addım atmağa vadar etdi və o, 30 iyun və 7 iyulda erkən seçki keçirmək qərarı aldı.

Lakin bu qərar Makronun ümidlərini doğrultmadı, nəticədə ölkənin siyasi quruluşu daha da parçalanmış hala gəldi. Məclisdə üç əsas blok formalaşdı: sol ittifaq Yeni Xalq Cəbhəsi (NFP) 182 mandatla ən güclü qrup oldu, Makronun “Ensemble” koalisiyası 159 mandat, RN 142 mandat, mərkəz sağ Respublikaçılar “Les Républicains” (LR) 39 mandat qazandı. Bayrunun lideri olduğu “Le Mouvement Démocrate” (MoDem) isə 15 mandat əldə etdi.

Bayrunun devrilməsi halında bu il ikinci baş nazir də postundan gedəcək. Ondan əvvəl Mişel Barnye, yalnız üç ay vəzifədə qaldıqdan sonra etimad səsini itirərək postunu tərk etmişdi. Makron həftə içi hökumət üzvləri ilə görüşdə Bayrudan xüsusilə PS ilə dialoqu gücləndirməsini istədi, lakin Jan-Lyuk Melanşonun rəhbərlik etdiyi “Boyun əyməyən Fransa” (LFI) və populist RN ilə əməkdaşlığı qəti şəkildə rədd etdi. 192 mandatla güclü görünən sol blok isə öz daxilində parçalanıb; Melanşon hər zaman hökuməti devirmək istəyindədir. Büdcənin xalq üçün ədalətsiz olduğunu deyən PS isə açıq şəkildə “əleyhinə” səs verəcəyini açıqlayıb.

Digər tərəfdən, Fransada mümkün erkən seçkilərlə bağlı aparılan son sorğulara görə, ifrat sağçı RN 31%-lə açıq fərqlə öndədir. Birləşmiş sol ittifaq 23,5%, Makronun “Ensemble” koalisiyası isə 14% səviyyəsinə enib. Respublikaçılar 10,5% dəstəyə sahibdir.

 

Makronun qarşısındakı seçimlər

 

Hökumətin devrilməsi halında Makronun üç seçimi var:

Yeni hökumət qurmaq üçün namizəd təyin etmək – normalda ən çox mandat qazanan sol ittifaqa bu hüququ verməli olsa da, daxili parçalanmalar səbəbindən bu çətin görünür.

Erkən parlament seçkiləri keçirmək – həm sol, həm də radikal sağ bu seçimi istəyir.

İstefa vermək.

Fransada hökumətlər çox vaxt yay tətili dövründə narazılıq doğuracaq vergi artımlarını və qanunları tətbiq edirlər. Lakin sentyabrda tətildən qayıdan xüsusilə parislilər vergilərə və ixtisarlara qarşı tətil və aksiyalarla cavab verirlər. İndiki siyasi xaos və ağırlaşan iqtisadi durum bu etirazların daha da artacağını göstərir. Artıq “Bloquons tout” (hər şeyi dayandıraq) adlı sosial hərəkat yaradılıb və Bayrunun 2026 büdcə planına qarşı 10 sentyabrda ölkənin iflic edilməsi çağırışları edilir.

Makron, artan siyasi gərginlik və iqtisadi çətinliklər qarşısında, uzun müddət sərt şəkildə basdırdığı Fələstin tərəfdarı aksiyaları yumşaltmaq və gündəmi dəyişmək məqsədilə iyul ayında Fransanın sentyabrda Fələstini tanıyacağını açıqladı. Bu addım həm İsrail əleyhinə ictimai qəzəbi, həm də daxili böhranı başqa istiqamətə yönəltmə cəhdi kimi dəyərləndirilir.

Lakin Bayru hökumətinin devrilməsi ilə Fransa yeni bir siyasi böhranın astanasına qədəm qoyacaq. Büdcə çıxılmazlığı və sosial narazılıq dərinləşərkən, Rusiya-Ukrayna müharibəsi və ABŞ Prezidenti Donald Trampın Avropa siyasətini yönləndirmə təşəbbüsləri ölkəni daha da sıxışdıracaq. Makron istefa verməzsə, Fransa 2027-yə qədər davam edəcək qeyri-müəyyənlik, hətta xaos dövrünə girə bilər.