vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
Tramp nə deyir və nə edir? 08:55 | 23 aprel 2026 | Cümə axşamı Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp nə deyir və nə edir?

Boğazın blokadası rejimi təslim etməyə hesablanıb

D.ƏHMƏDLİ

Əksər siyasi müşahidəçilər ABŞ/İsrail – İran münaqişəsində bu və digər tərəfin mövqeyini dəstəkləməklə ya birincilərin, ya da ikincinin bu münaqişədə qalib olduğunu “isbatlamağa” çalışır. Əslində isə məsələ daha əhatəli və dərindir. Ona görə də verilən bəyanatları, atılan addımları anlamaq xeyli çətindir.

ABŞ prezidenti Donald Trampın bir-biri ilə uyuşmayan açıqlamaları bu adamın psixi problemləri olduğu qənaətini yaradır. Artıq bir çox Avropa liderləri ABŞ prezidentindən “əllərini üzüblər”. Fransa prezidenti Emmanuel Makronun Trampla bağlı son açıqlaması da buna əyani misaldır. Makrona görə, dünən dediyi sözlərə, verdiyi bəyanatlara bu gün tam zidd fikirlər səsləndirən şəxsə güvənmək olmaz və Avropa öz başının çarəsinə baxmalıdır. Yayılan məlumatlar doğrudursa, hətta, yaxın ətrafı da Trampa KİV-dən uzaq durmağı, sosial şəbəkələrdə postlar paymaşmamağı təkidlə xahiş etsələr də, görünür, şöhrət hissi üstün gəlir və Donald gündəmdən düşmək istəmir. Belə bir şübhə də var ki, onun bu açıqlamaları həm də korporativ marağa xidmət edir. Çünki, ABŞ prezidentinin hər açıqlaması neft qiymətlərində kəskin qalxma və enməyə səbəb olur ki, bu da onu nə deyəcəyini əvvəlcədən bilən yaxın adamlarının birjalarda 100 milyonlarla dollar əldə etmələrinə imkan yaradır. Bununla yanaşı, ABŞ prezidentinin bu tipli bəyanatlarının ABŞ-ın iqtisadi, siyasi, hərbi nüfuzuna vurduğu zərbə də gözardı edilməməlidir.

Trampın bütün bu fəaliyyətlərinin məqsədyönlü olduğu, ABŞ “dərin dövləti” tərəfindən əvvəlcədən planlaşdırılmış ssenari olduğunu deyənlər də az deyil. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, əslində, ABŞ “dərin dövləti” Tramp kimi bir proqnazlaşdırılmayan, populist şəxsi irəli verməklə, ABŞ-ın əsas rəqibi Çini zəiflətmək və yeganə hegemon dövlət olaraq qalmağını təmin etmək niyyətini güdüblər. Amma bu fikir də tam olaraq özünü doğrultmur. Çünki, təcrübə də göstərir ki, İranla başlayan münaqişə həm dövləti, həm Respublikaçılar partiyasını, həm onun özəyi olan MAGA-nı, həm də Trampın özünü pis vəziyyətə salıb və indi onlar bu vəziyyətdən çıxmaq üçün yollar arayırlar. Şübhəsiz ki, ABŞ-ın iqtisadi, siyasi, hərbi imkanları bu yerdə onların işinə yarayır və mümkündür ki, Tramp bu dəfə də “sudan quru çıxsın”. Məsələ ondadır ki, İranın bu savaşdan qalib olduğunu deyənlər bir vacib detalı diqqətdən qaçırırlar – İranın iqtisadi imkanlarını. Bu imkanlar isə sonsuz deyil.

Əlbəttə, münaqişənin başladığı ilk gönlərdə bir qədər özünü itirmiş İran qüvvələri qısa müddət sonra toparlandı və körfəz ölkələrinə zərbələr endirməklə və Hörmüz boğazını atəşə tutmaqla vəziyyətə nəzarəti ələ ala bildi. Amma təbii ki, bu hal da sonsuza qədər davam edə bilməzdi və tərəflər atəşkəs etməklə və danışıqlara getməklə “nəfəs dərmək” üçün vaxt əldə etdilər. Amma İran tərəfinin ilk danışıqlara görünməmiş dərəcədə geniş nümayəndə heyəti – 75 nəfərlə qatılması, sonrakı görüşdən isə imtina etməsi bu ölkədə ciddi fikir ayrılıqlarının və bu fikir ayrılıqları nəticəsində yaranmış tərəflərin bir-birinə etibar etməməsinin göstəricisidir.

Günaz.TV-nin məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf müşavirlərlə görüşdə ABŞ-la mümkün razılaşmaya qarşı çıxanları kəskin şəkildə tənqid edib. Vaşinqtonla son danışıqlarda İran nümayəndə heyətinə də rəhbərlik edən Qalibaf, İranın Milli Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili və mühafizəkar deputat Əmirhüseyn Sabiti kimi şəxsləri ekstremist və proksi tipli qüvvələr kimi xarakterizə edərək onların ölkəni məhvə aparacağını bildirib.

Onun sözlərinə görə, bu düşərgə dövlət televiziyasından istifadə edir və mühafizəkar qrupu səfərbər edərək danışıqlara və ABŞ-la mümkün razılaşmaya qarşı müqaviməti gücləndirir. Qalibaf həmçinin, parlament sədrliyindən uzaqlaşdırılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və xarici işlər naziri Abbas Əraqçinin də vəzifədən kənarlaşdırıla biləcəyi ilə bağlı narahatlığını dilə gətirib.

İki həftəlik atəşkəs dövründə ABŞ-ın Fars körfəzini blokadaya alması İran üçün əlavə, daha ağır problemlər yaradır. Dünən ABŞ ordusu 20 gün öncə Xark adasından 2 milyon barel yüklə yola çıxan Tifani gəmisini Hind okeanında ələ keçirib. Bu, artıq İran üçün fəlakətin başlanğıcı da sayıla bilər. Trampın son bəyanatlarından birinə diqqət edək: “İran maliyyə çöküşü ərəfəsindədir. Onlar Hörmüz boğazını dərhal açmaq istəyirlər. Onların pula çox ehtiyacı var!”

ABŞ prezidenti Tehranın gündə 500 milyon dollara qədər itirdiyini bildirib, ona görə də onun sözlərinə görə, gəlirləri bərpa etmək üçün Hörmüz boğazını açmaq istəyir, lakin açıq şəkildə “üzünü qorumaq üçün” bunun əksini deyir. Tramp iddia edir ki, “hərbçilər və polis onlara maaş verilməməsindən şikayətlənirlər”. Bu sözlərdən görünür ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında blokadanı uzatmaqla İranı təslimçiliyə məcbur etmək istəyir. Bəs o, bu məqsədinə nail olacaqmı? Əgər bu vəziyyət davam edərsə, yaxın həftələrdə İran daxilində maaşların verilməməsi və ərzaq qıtlığı səbəbində narazılıqlar arta və insanlar yenidən küçələrə axışa bilərlər. Bunun nə ilə sonuclanacağını isə təxmin etmək çətindir...