Pakistanın yüksək rütbəli hərbçisi qətlə yetirilib
Terrorun məsuliyyətini Bəlucistan Azadlıq Ordusu üzərinə götürüb
Pakistanın narahat cənub-qərb Bəlucistan vilayəti rəsmilərinin bildirdiyinə görə, yüksək rütbəli hərbçi üsyançılar tərəfindən oğurlandıqdan iki gün sonra cəsədi cümə axşamı tapıblar.
Rəsmilər Laiq Baiq Mirzə kimi tanınan polkovnik-leytenantın çərşənbə axşamı ailəsi ilə birlikdə avtomobillə vilayətin paytaxtı Kvettadan təxminən 100 kilometr şimal-şərqdə yerləşən Ziyarət kurortuna gedərkən qaçırıldığını bildirib.
Yerli mənbələrə görə, silahlı şəxslər Layiqin ailə üzvlərini azad buraxıb, onu isə maşınlarından birinə zorla mindirərək, oradan uzaqlaşıb.
Pakistan ordusu və vertolyotlar zabiti qaçıranların izinə düşmək və onu xilas etmək üçün tez bir zamanda əraziyə göndərilib. Yerli təhlükəsizlik rəsmilərinin dediyinə görə, geniş axtarış əməliyyatı cümə axşamı səhər Layiqin cəsədinin aşkar edilməsi ilə başa çatıb.
Qətlin məsuliyyətini fəaliyyətinə qadağa qoyulan Bəlucistan Azadlıq Ordusu qruplaşması üzərinə götürüb.
Bəlucistan Azadlıq Ordusu Pakistanın ən böyük, seyrək məskunlaşmış, təbii ehtiyatlarla zəngin vilayətində təhlükəsizlik qüvvələrin qarşı müntəzəm olaraq yol kənarı partlayışlar və pusqular təşkil edir. Bütün bunlara baxmayaraq, Bəlucistan sakinləri və rəsmiləri yüksək rütbəli ordu zabitinin girov götürülməsi və qətlə yetirilməsinin görünməmiş hadisə olduğunu deyib.
Vilayətin Baş naziri Əbdül Quddus Bizenco verdiyi açıqlamadada hərbçinin öldürülməsini “terrorçuların qorxaq hərəkəti” adlandırıb və günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Bəlucistan Çinin qlobal “Kəmər və Yol” təşəbbüsü çərçivəsində son yeddi il ərzində irimiqyaslı infrastrukturun inkişafı layihələrinə milyardlarla dollar sərmayə qoyduğu bölgələrdəndir.