vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
08:59 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2623 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Krım yalnız uvertüradır

Kreml qonşu ölkələrdə yeritdiyi siyasətə haqq qazandıra bilir, çünki ...

Faiq ABBASOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 22-də Viktor Yanukoviç gizli şəkildə Kiyevi tərk etdi və ardınca hərbi nişanları olmayan naməlum silahlı qüvvələr Krım regional parlamentinə basqın etdilər. Həmin vaxt çox az insanın ağlına gələrdi ki, bütün bu hadisələr Vladimir Putinin Krımın Rusiyaya yenidən birləşdirilməsi ilə bağlı çoxdankı «arzusunu» əks etdirən «M.L.Kinq sayağı çıxışı» ilə kuliminasiya həddinə çatacaqdı.

Bəli, aşkar şəkildə Krım rus hərbi qüvvələri tərəfindən işğal olundu, silah gücünə süni referendum keçirildi, nəticə isə budur: var olsun xilaskar Putin, Krımdakı rusların canını Kiyevdəki nasistlərin qaz kameralarından qurtardı... Ukraynanın tərkibində qalmağın riskləri və Rusiyanın «əzəməti» ilə Putin yalnız sıravi rusdilli krımlıları aldada bilərdi. Yetkin siyasi müşahidəçi üçün isə bu, köhnə geosiyasi şahmat taxtası üzərində strateji cəhətdən hesablanmış yeni gedişdən başqa bir şey deyildi.

Əvvəla, regionlarda etnik gərginliklər və münaqişələr yaratmaq Rusiya imperializminin dəfələrlə sınaqdan keçmiş strategiyasıdır. Eyni ssenari Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, eyni zamanda, Moldovanın Dnestryanı bölgəsində dəfələrlə sınaqdan keçirilmişdi. Müstəqilliyinin təhlükəli olan ilk illərində Ukrayna bu cür etnik münaqişələrdən yan keçməyi bacarmışdı. Bununla belə, Putinin Dövlət Dumasında «çoxdankı arzusu» ilə bağlı çıxışına nəzər yetirsək, görərik ki, Kiyevin ərazi probleminin layihəsi 2008-ci ildən hazırlanmaqda idi. Həmin vaxt isə Ukraynanın qərb yönümlü hökuməti NATO-ya qoşulmaq və Aİ ilə Assosiasiya Müqaviləsi imzalamaq istəyini bildirmişdi.

Əlbəttə ki, regiondakı münaqişələrin hər birinin özünəməxsus xüsusiyyəti və müxtəlif tarixi-etnik mənşəyi var. Bununla belə, onların hamısını iki element birləşdirir - Kremlin birbaşa müdaxiləsi və münaqişə baş verən ölkələrin hamısının Kremlin «təsir dairəsində» yerləşməsi. Bu baxımdan, Rusiyanın Şərqi Avropada süni etnik münaqişələr yaratma strategiyasının iki başlıca funksiyası var: birincisi, Gürcüstandakı kimi «ildırım sürətli» müharibə, ya da Dağlıq Qarabağdakı sonu gəlməyən «atəşkəs» yolu ilə sabiq Sovet ölkələrini Qərbin siyasi, iqtisadi və hərbi strukturlarına inteqrasiya yolundan daşındırmaqdır. İkincisi isə sözügedən ölkələri daimi olaraq Rusiyanın geosiyasi «təsir dairəsində» saxlamaqdır.

Rusiya Federasiyasının siyasi və hərbi qüdrəti (və imperializmlə dolu zəngin tarixi) fonunda, Rusiyanın yüksək elitar siyasətçiləri bunu «təbii hal kimi» qəbul edə bilərlər. Bununla belə, «təsir dairəsi» konsepsiyası universal müstəqillik və suverenlik anlayışlarına tam ziddir. Çünki istənilən suveren hökumət yalnız öz vətəndaşları qarşısında hesabatlı ola bilər, Rusiya kimi xarici aktyorların qarşısında deyil.

«Şimal ayısının» qonşu ölkələrin suverenliyə münasibəti isə göz qabağındadır. Sabiq sovet həmvətənlilərini Rusiya lütfkarlığına inandıra bilməyən Moskva indi də qonşu ölkələrdəki etnik ruslara «nağıl» danışmağa başlayıb ki, onların təhlükəsizliyini yalnız və yalnız «Sovet İttifaqı 2.0» təmin edə bilər. Amma nə zamana qədər?! Bəlkə də doğru sual başqadır: Niyə indi?

 

Ya indi, ya da heç vaxt ...

 

Keçmişdə Putin sabiq sovet ölkələrinin Aİ-yə inteqrasiyasına (amma NATO-ya deyil) nisbətən tolerantlıq göstərmişdi. Lakin bu mövqe Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünü irəli sürməsindən sonra dəyişdi. Çünki AM/DMATS (Assosiasiya Müqaviləsi/Dərin və Müfəssəl Azad Ticarət Sazişi) Şərqi Avropa ölkələri üçün sözün əsl mənasında müfəssəl iqtisadi və siyasi inteqrasıya aləti təklif edir. Bu isə Rusiyanın qonşularını köklü şəkildə azad və bərabərhüquqlu bazar və demokratik siyasi strukturlara inteqrasiya etdirmək imkanına qadirdir. Bu səbəbdən də keçmiş vassallarının nəzarətdən çıxdığını görən rəsmi Moskva əlacsız qalaraq ən yaxşı bacardığı siyasi alətə əl atmağa məcbur oldu - işğal.

 

Krımla hər şey bitdi?

 

Düzdür, Aİ üçün Rusiya ilə geosiyasi cıdıra çıxmaq əsas məqsəd deyil. Ən azından, Aİ-nin bunun üçün institutsional imkanları yoxdur. Bununla belə, bütün səmimi ifadələrinə baxmayaraq, Aİ özü də bilmədən Rusiya ilə sıfır nəticəli oyuna daxil olub. Bu əsla Aİ-nin Rusiyanı tam təcrid etmək amalında olması demək deyildir. Sadəcə, məsələ burasındadır ki, Aİ-nin Şərqi Avropa/Cənubi Qafqaz ölkələrinə inteqrasiya təklifi Rusiyanın imperialist regional siyasəti hesabına başa gələcəkdir. Bu səbəbdən də Rusiyanın Ukraynada da «donmuş konflikt» yaratmaq cəhdi heç də təəccüblü görünməməlidir. Çünki yalnız bu cür sonu görünməyən konfliktlər qonşu ölkələri rəsmi Kremlin «geosiyasi xaltası» altında saxlaya bilər.

Bununla belə, Krımın işğalı heç də Kremlin son məqsədi kimi qəbul edilməməlidir. Yarımada artıq anşlyus edilib. O, Rusiyanın ərazi bütövlüyünün tərkib hissəsidir (ən azından, dünyanın 11 «qüdrətli» ölkəsi üçün) və Dnestryanıdan fərqli olaraq, Qərblə danışıqlarda «bazarlıq aləti» kimi istifadə olunmayacaqdır. Çox güman ki, cənab Putin sözügedən bazarlıq üçün başqa əraziləri nişanlayıb - rusdilli və sənayeyüklü şərqi və cənubi Ukrayna. Çünki o bilir ki, ölkənin əsas sənaye bölgələri rəsmi Kiyevin nəzarəti altında olmasa, istənilən Qərb yönümlü Ukrayna hökuməti Aİ ilə azad ticarət zonası yaratmağa cürət etməyəcəkdir. Ona görə də Ukraynanın donmuş konflikt «payı» Krımda deyil, Karkov-Odessa xətti boyunca gözlənilməlidir (xüsusən də nəzərə alsaq ki, Odessa Moldovanın Dnestryanı bölgəsini Rusiyanın nəzarəti altında saxlamaq üçün həyati əhəmiyyətli tranzit zolağıdır). Qərb sanksiyaları altında Rusiyanın bu planının nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.

Demokratik ölkələrdən fərqli olaraq, Rusiya kimi avtoritar rejimlərdə hadisələrin cəmiyyət tərəfindən «qavranışını idarə etmək» daha asandır. Çünki ölkədəki ənənəvi KİV tamamilə hökumətin nəzarəti altındadır və Kreml qonşu ölkələrdə yeritdiyi siyasətə haqq qazandıra bilir. Bununla belə, onlayn mətbuatın inkişafı vətəndaş cəmiyyətinin alternativ informasiyaya çıxışını asanlaşdırmaqdadır. Bu isə rəsmi Kremlin öz vətəndaşları və qonşu xalqların düşüncələrinə təsir imkanını getdikcə zəiflədir. Gec-tez sadə rusiyalılar həqiqəti anlayacaqlar. Yeganə sual odur ki, görəsən, Qərb sanksiyaları altında ölkənin iqtisadiyyatı parçalanmağa başlayanda Putinin dağıdıcı mirasını aradan qaldırmaq gec olmayacaq ki?!