vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
09:21 | 5 may 2014 | Bazar ertəsi Məqaləyə 2159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atəşkəs bitmək üzrədir

Minsk Qrupuna etimad tükənib, rəsmi Bakı beynəlxalq vasitəçilər qarşısında yeni şərtlər irəli sürə bilər

İdrak ABBASOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda ATƏT-in Minsk Qrupuna (MQ) etimadsızlıqla bağlı zaman-zaman bəyanatlar səsləndirilsə də, son günlər tənqidlər intensivləşib. Üç gün əvvəl Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov MQ-nın amerikalı həmsədri Ceyms Uorlikə «Twitter»də sərt cavab verdi.

N.Məmmədov Uorlikin Qarabağ münaqişəsini «Twitter» vasitəsilə həll etməyə cəhd etməklə bağlı ironik xarakterli status yazdı. İki gün əvvəl Prezidentin Dağlıq Qarabağ məsələsi üzrə səlahiyyətli nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov daha sərt açıqlama ilə çıxış edərək ümumiyyətlə Azərbaycanın  Uorlikin geri çağırılması məsələsini qaldıracağını dedi. Dünən Milli Məclisin spikeri Oqtay Əsədov belə demək mümkündürsə, baltanı kökündən vurdu. Spiker bəzi həmsədrlərin ümumiyyətlə münaqişədən xəbərsiz olduğunu dilə gətirdi.

Uorlikin «Twitter» səhifəsinə nəzər yetirəndə məlum oldu ki, bu vəzifəyə təyin olunandan sonra həmsədr Qarabağ münaqişəsi ilə bağlı əsas fikirlərini bu sosial şəbəkədə səsləndirib. 

Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasını əks etdirən «Bişkek protokolu»nun baş çatması ərəfəsində vasitəçilərə qarşı dərin inamsızlıq münaqişənin yenidən alovlanmasına impuls verə bilər. 

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə «Bizim Yol»a şərhində bildirdi ki, Minsk Qrupunun fəaliyyəti istər müxalifətdə, istərsə də iqtidarda olan heç bir azərbaycanlını qane etmir.

«Faktiki olaraq, 1994-cü ildə imzalanmış atəşkəs sazişindən  sonra Qarabağ münaqişəsinin həlli istiqamətində zərrə qədər də irəliləyiş yoxdur. Zaman-zaman Minsk Qrupunun həmsədri olan şəxslər  tərəfli, ya da tərəfsiz mövqelər sərgiləyirlər. Buna görə də bəzən tənqidi səslər eşidilir. Amma bu o demək deyil ki, Azərbaycan Minsk Qrupunun mandatından imtina olunması ilə bağlı çıxış edir və ya etməlidir». Deputat hesab edir ki, «Bişkək protokolu»nun müddəti məhz Bakıda uzadıla bilər.

«Hesab edirəm ki, ATƏT-Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında bu məsələ də öz həllini tapacaq. Onsuz da tərəflərin, vasitəçilərin də heç biri Ermənistan-Azərbaycan münaqişəsinin sülh danışıqlarından kənar bir müstəvidə həllinin tərəfdarı deyil və bunun perspektivləri də görünmür. Ona görə də tərəflər «Bişkek protokolu»na sadiqliklərini və müddətinin artırılmasına razılıqlarını bildirəcəklər», - deyə İ.Ağazadə vurğuladı.

ReAL hərəkatı idarə heyətinin üzvü Azər Qasımlı isə hesab edir 20 ildir ki, Minsk Qrupu münaqişənin həllində ciddi bir iş görə bilmir: «Bu problemin həlli Minsk Qrupundan keçmir. Çünki bu qrupun heç bir təsiretmə imkanı yoxdur. Minsk Qrupunun formatının dəyişdirilməsinə ehtiyac var. ReAL təşkilatı olaraq biz hesab edirik ki, sülh danışıqları bir neçə masa arxasında müzakirə olunmalıdır. Bu masalardan biri Azərbaycanın Ermənistanla birbaşa apardığı danışıqlardır, digər masa Qarabağın həm erməni, həm də azərbaycanlı icmaları arasında dialoq ola bilər. Amma bu münaqişənin həllində əsas Rusiya faktorudur. Əslində Minsk Qrupunun fəaliyyətsiz bir quruma çevrilməsində Rusiya faktoru da ciddi rol oynayır.

A.Qasımlı hesab edir ki, «Bişkek protokolu»nun müddəti də Rusiyanın təklifi ilə uzadılacaq: «Azərbaycnaın da «biz bunu imzalamarıq» deyəcəyinə inanmıram. Rusiya, Minsk Qrupu nə desə, hakimiyyət də onu edəcək».

Politoloq Rasim Ağayev isə hesab edir ki,  ATƏT-in Minsk Qrupu yarananda bura elə ölkələr seçilib ki, hamısı Ermənistana siyasi, hərbi, iqtisadi və mənəvi dəstək verən ölkələrdir: «Baxın, Qarabağ mühribəsi başayanda Amerika Konqressi Azadlıqa Dəstək Aktına 907-ci düzəlişi etdi.  Amerika Konqressi bəyənat qəbul edərək hətta Qarabağ ermənlərini haqlı olduğunu dedi. Ermənilər Fransanı özlərinin ikinci vətəni sayırlar, yəni bu ölkə ilə bağlı da hər şey bəllidir. Rusiyaya gəldirkdə isə, əvvəlcə Qarbaçov başda olmaqla SSRİ rəhbərliyi ermənilərin arxasında durdu, sonra hərbi cinayət zamanı Rusiya Ermənistana dəstək oldu. Gərək bu qrup neytral ölkələrdən formalaşaydı.  Söz yox Minsk Qrupu problemi yaxşı bilir, amma son baş verənlər göstərir ki, həmsədrlərin Ermənistanla şəxsi, xüsusi əlaqələri də ola bilər. Bu vəziyyətdə isə danışıqlarda Ermənistanın üstünlüyü yaranır və onlara da təsir etməyə Azərbaycanın imkanı yoxdur».

Analitik hesab edir ki, Minsk Qrupu faktiki az iş də görməyib və missiyası başa çatıb: «Onun hazırladığı bütün təkliflər də Ermənistan tərəfindən rədd edilib. Baxın, Rusiya Krımı işğal edən kimi bütün dünya qalxdı ki, bu aqresiyadır və işğaldır, Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlandı. Hakimiyyət də haqlı sual edir ki, bəs niyə Ermənistana qarşı sanksiyalar tətbiq etmirsiniz? Əgər həmsədrlər başqa ölkələr olsaydılar, yəqin ki, münaqişəyə obyektiv yanaşardılar. Bunlar isə günahı Azərbaycanla Ermənistan arasında bölüşürlər. Amma bu necə belə ola bilər? Axı Azərbaycanın torpaqları zəbt olunub, Azərbaycankı heç kimin torpaqlarını zəbt etməyib». 

«Bişkek protokolu»nu beynəlxalq praktikada unikal məsələ sayan R.Ağayev bildirdi ki, bu nə sülh müqaviləsidir, nə nə sülhməramlı müqavilə: «Bu faktiki olaraq bir bəyanat kimi bir şeydir. Beynəlxalq geosyasi vəziyyətdə kardinal dəyişikliklər olmasa, vəziyyət belə də qala bilər, eyni zamanda biz yenidən müharibənin alovlanacağını da gözləməliyik, bunu heç bir halda istisna etmək olmaz». («Bizim Yol» qəzeti)