İmişlidə faciə
Toydan qayıdanların yasa düşdü: 2 ölü, 3 yaralı
İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avtoqəza ötən gün Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
İmişli sakini Rövşən İbişov idarə etdiyi «VAZ-2107» markalı, 49 BD 977 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Rövşən Məmmədovun idarə etdiyi «AzSamand» markalı minik maşını ilə toqquşub.
«AzSamand» zərbənin gücündən idarəetməni itirərək yolun kənarına yuvarlanıb, «VAZ-2107» isə qarşıda hərəkətdə olan yük maşınına çırpılıb.
Qəza nəticəsində «VAZ-2107»-də olan sərnişin, İmişli rayon sakini Muradov Rafiq və »AzSamand»da olan sərnişin, Bakı sakini, 1974-cü il təvəllüdlü İbişova Gülmirə hadisə yerində dünyasını dəyişib.
Hər iki sürücü və «AzSamand»da olan digər sərnişinlər - 1973-cü il təvəllüdlü Ziyadxanova Zeynəb, 2001-ci il təvəllüdlü Ziyadxanova Qumru və 1974-cü il təvəllüdlü Yusifova Vəsilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən V.Yusifovanın vəziyyətinin ağır olduğu bildirilir.
Digər xəsarət alanlar Bakıdakı xəstəxanalara göndərilib.
«AzSamand» markalı avtomobildə olan şəxslərin toydan qayıtdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.